Laçının el ağsaqqalı Əyyub Bəndəliyevin 100 illiyinə
Biz bir neçə yazar-ziyalı hərbi hissə komandiri, polkovnik Səxavət Baxışovun qonağı idik.
Komandirlə görüşəndə ilk dediyi söz bu oldu: “Çox yerdə xidmət keçmişəm, ancaq Laçına gəlməyim ömrümün ən şərəfıi səhifəsidir, çünki bu dağların qoynuna qalib komandir kimi ayaq qoymuşam”.
Biz Minkənd çayının sahilində dayanıb söhbət edirdik, Laçından danışanda Səxavət müəllim qolunu açıb ətrafdakı dağları göstərdi. Qarşılığında mən də nəsə deməyə ehtiyac duydum və dedim: “Komandir, bu kəndlərdə bu dağlar qədər əzəmətli kişilər yaşayıb, onların bir çoxu yurd həsrəti ilə dünyasını dəyişdi, ancaq bəziləri hələ də yaşayır və hamısının çoxlu oğul-uşağı, nəvə-nəticəsi var, inşallah yavaş-yavaş gəldikcə tanıyacaqsınız, onlar da sizi tanıyacaq”.
Şübhəsiz, “dağ kimi əzəmətli” deyəndə təsəvvürümdə canlanan Laçın kişilərindən biri də ömür boyu rayonda müxtəlif vəzifələrdə işləmiş Əyyub Bəndəliyev idi.
Əyyub Bəndəliyev idi və Əyyub Bəndəliyevdir!
Bəli, indiki zamanda. Çünki yaxşı kişilər, yaxşı əməllər həmişə yaşayır.
Dahi Fəzlullah Nəimi demiş, gedən cismimizdir!
Bir də belə bir deyim var: yanındakı insanın böyüklüyünə öz həyatından nəzər sal. Əyyub kişidən yazmağa başlayanda, hər şeydən əvvəl gözümün qarşısına doğulub-böyüdüyüm Ağbulaq kəndinin orta məktəbi gəldi. Düz qırx beş il əvvəl həyətinə ilk qədəm basdığımda hava günəşli idi, binanın qarşısındakı uzun taxta oturacaqda bir dəstə qırmızı paltarlı qız oturmuşdu...
Məktəbimiz çöldən əhənglə suvanmışdı. İçərisi uzun koridorda üz-üzə sıra ilə düzülmüş altı otaqdan ibarət idi. Sağda tarix, rus dili və hərbi biliklər otağı, solda dörd-beşinci siniflərin otağı, müəllimlər otağı və ibtidai siniflərin dərs keçdiyi otaq yerləşirdi. Koridorun başında təxminən bir kvadrat metrlik yer də tikib dəmir qəfəsdən qapı qoymuşdular və bura tədris üçün vacib əşyalar yığırdılar.
Bu məktəbi Əyyub Bəndəliyev kolxoz və sovxozların bir yerdə olduğu vaxt biz tərəf kəndlərə rəhbərlik edəndə tikdirmişdi.
Ağbulaq kəndinin məktəbi Əyyub kişinin tikdirdiyi ilk və son bina deyildi. Rəhbərlik etdiyi bütün kəndlərdə yolların çəkilməsinə, mağaza, xəstəxana və məktəblərin tikilməsinə xüsusi diqqət yetirirdi.
Xudu Məmmədov necə deyirdi: tikdim ki, izim qala...
Əyyub kişinin tikdiklərindən iz qaldımı? Axı işğal altına düşən əraziləri düşmən başdan-ayağa viranə qoymuşdu. Lakin iz deyəndə biz onu yalnız fiziki mənada anlamamalıyıq. Elə bizim kəndin beş sinif otağı olan o balaca məktəbindən neçə-neçə böyük ziyalı – həkim, müəllim, hüquqşünas, biznesmen, mühəndis, məmur, şair-yazıçı və s. çıxdı. Mən özüm həmin məktəbi bitirdim. 1991-ci ildə. Jurnalist olmaq istəyirdim. Xarici dil keçmədiyimiz üçün (müəllim yox idi) sənədlərimi Bakı Dövlət Universitetinə götürmədilər. Məktəbə tez getmişdim deyə, bir il gözləyə bilərdim. Gözlədim. Lakin növbəti il daha böyük faciə baş verdi: Laçın, o cümlədən kəndimiz işğal olundu. Mən o zülmün, məşəqqətin içində ali məktəbə testlə imtahan verə bildim və bir illik fasiləyə baxmayaraq, Ağbulaq məktəbindən aldığım biliklərin hesabına dil-ədəbiyyatdan iyirmi beş sualın iyirmi beşini də düz yazdım...
Bu təkcə müəllimlərimin yox, həm də Əyyub Bəndəliyevin həyatımda yandırdığı çıraq idi.
Yəni, o yollar, o tikililər dağılıb-getsə də, ömrümüzdə saldığı iz pozulası deyil. Əyyub kişi Laçının rəhbərlik elədiyi bütün kəndlərinə təhsil, mədəniyyət və müasirlik gətirirdi. Eyni zamanda, halal, dürüst əməlləri ilə insanlara nümunə göstərirdi.
Şübhəsiz, uzun müddət rəhbər vəzifələrdə işləyən adamlardan narazı qalanlar da olur. Fikir vermişəm, Əyyub kişi ilə bağlı belə nüanslarda o, həmişə haqq tərəfdə dayanır, adətən ondan düzlüyünə, əyriliyə getmədiyinə və ifrat qanunpərəstliyinə görə şikayətlənirlər.
Bəndəliyev təkcə yaxşı rəhbər deyildi, həm də ən çətin anlarda ilk yada düşən işgüzar el adamı idi. Haradasa iş görməzdən əvvəl bu işin plana salınması üçün rayon rəhbərliyi ilə vuruşurdu. Bəli, düz oxudunuz, məhz vuruşurdu. Yoxsa az qala Tanrının da unutduğu ucqar dağ kəndləri heç kimin yadına düşəsi deyildi. Döyüşə-döyüşə, dalaşa-dalaşa alırdın aldığını. Əyyub kişi bu mənada Laçının ən “döşlü kişi”lərindən idi. O çox güclü idi. Çünki arxasında böyük bir el vardı. Apardığı davalar da şəxsi məqsədləri naminə deyildi, elə o camaat üçün, o el üçün idi.
Yuxarıdan adam gəlib – Əyyub kişi!
Yuxarıya adam getməlidir – Əyyub kişi!
Kəndə avtobus lazımdır – Əyyub kişi!
Yük maşını lazımdır – Əyyub kişi!
Yanacaq, texnika, ehtiyat hissələr...
Əyyub kişi, Əyyub kişi...
Birinin uşağı həbs olunub...
Biri dalaşıb, barışdırmaq lazımdır...
Birinin məhəlləsinə, evinə sənəd lazımdır...
Birinə iş lazımdır...
Birinə staj lazımdır...
El-camaat naminə elə bir ciddi iş, elə bir ciddi məsələ olmazdı ki, Əyyub kişi yada düşməsin.
Vəzifədə işlədi-işləmədi camaatın başbiləni, onun səlahiyyətli nümayəndəsi idi.
Laçının bənzərsiz ağsaqqallıq institutunda professorluq edirdi!
Onun adı lap qocalıb əldən düşənəcən ictimai qovğalarda çəkildi. Elə bil Tanrı camaatı ona əmanət eləmişdi və hamıdan ötrü məsuliyyəti öz boynuna götürmüşdü. Camaat da sağ olsun, sözünü eşidir, yolunu saxlayırdı.
Əyyub kişi kimi adamlar hökumətə də sərf eləyirdi. O, nadinc dağ adamları ilə qanunlar arasında vəsilə rolunu oynayırdı. Yoxsa o yiyəsiz dərələrdə nizam-intizam yaratmaq mümkün olmaz, hərə öz qılıncını çəkib bir tərəfdə ağalıq eləyərdi. Fikir vermişəm, bir insana həm hökumət, həm xalq güvənirsə, şəksiz böyük şəxsiyyətə çevrilir. Ancaq gəlin etiraf edək, belə adamlar çox deyil. İllah da totalitar sovet cəmiyyətində xalq hökumət adamlarını, hökumət isə xalq adamlarını çox da sevməzdi.
Bu çətin dilemmada Əyyub kişi unikal bir yol tutmuşdu – camaatın yanında hökuməti müdafiə edirdi, hökumətin yanında camaatı. İlk baxışdan hər iki tərəflə ziddiyyət yaranırdı, ancaq məsələyə bir az dərindən yanaşanda, əsl kişi, əsl insan xarakterini kəşf edirdin.
Bu gün Laçın azaddır. Əyyub Bəndəliyev kimi insanların mübarizə apara-apara, dalaşa-dalaşa, vuruşa-vuruşa abadlaşdırdığı yurdumuzda indi çox geniş, kütləvi quruculuq işləri gedir, yeni evlər, məktəblər, xəstəxanalar tikilir, dünya standartlarına uyğun yollar, sovet vaxtı xəyalımıza gəlməyən tunellər çəkilir. Əyyub kişinin özünün Laçın şəhərindəki evi də təmir olunub, əksəriyyəti ziyalılardan ibarət olan oğlanlarının-nəvələrinin ixtiyarına verilib.
Anadan olmasının 100-cü ildönümü ərəfəsində bu dəyərli insanın ruhu şaddır.
Çünki canı qədər sevdiyi Laçının və laçınlıların xoşbəxtliyinə şahidlik edir.
Axı hər şey ruhlara agahdır.