26.12.2024, 20:03
AZ EN
01.07.2022, 13:00

Şuşa teatrı Şuşada

Şərif AĞAYAR

  • Yayın gəlişi ilə Şuşaya səfərlərin sayı artıb. Müxtəlif adda, müxtəlif kontingentdə tədbirlər keçirilir və bu səfərlər nə qədər çox olsa, o qədər yaxşıdır. Lakin təbii ki, Xarıbülbül festivalı, Vaqif Poeziya Günləri, Vokalçıların yekun konserti kimi xüsusilə seçilən tədbirlər də vardır.

İyunun 28-29-u reallaşan tədbir də öz spesifikliyi ilə seçilirdi. Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə doğma şəhərinə səfər edirdi.

Şuşa Teatrının tarixi çox qədimdir. Onun 148 yaşı var. Lakin Dövlət Musiqili Teatr kimi 1943-cü ildən fəaliyyətə başlayıb. 1949-cu ildə fəaliyyətini dayandırıb. Bir daha eyni adla 1990-ci ildə fəaliyyətini bərpa edib. Lakin milli azadlıq hərəkatının və Qarabağ müharibəsinin qızğın vaxtına düşdüyü üçün tamaşa oynaya bilməyiblər. Sonra məlum hadisələr və teatrın Bakı həyatı başlayıb.

Açığını deyək, bəzən düşmən işğalında qalmış teatrların fəaliyyətini davam etdirməsi uzun zaman müzakirə mövzusuna çevrilib. Hətta nəinki işğal edilmiş rayon teatrlarının, Bakıda fəaliy­yət göstərən bəzi teatrların da bağlanmasını təklif edənlər vardı. Ölkədə müharibə getdiyi, xalq ağır iqtisadi böhranla üzləşdiyi üçün bu iddiada bulunanlar bir az da haqlı kimi görünürdülər. Ancaq həqiqətin böyüyü bu idi ki, biz işğal altında qalmış rayon və şəhərlərimizin mədəniyyət müəssisələrini yaşatmaqla həm də yaddaşımızı diri saxlayır, geri qayıtmaq, torpaqlarımızı düşmən tapdağından azad etmək potensialını itməyə qoymurduq. İllah da teatr kimi xüsusi diqqət çəkən sahələri...

Teatrın fədakar rejissorları, aktyorları, texniki işçiləri teatrı yaşatmaq üçün var gücləri ilə çalışdılar. Təbii, dövlətin qaçqın və məcburi köçkün həyatı yaşayan mədəniyyət müəssisələrinə qayğısını da xüsusi qeyd etməliyik. Bu qayğı nəticəsində yeri-yurdu olmayan teatrların ən böyük problemi həll olundu. Sovetdən qalan, fəaliyyət göstərməyən köhnə kinoteatr restavrasiya olunaraq bu teatrların öhdəsinə verildi. Şuşa teatrının qismətinə isə “Savalan” kinoteatrı düşdü.

Şuşa Dövlət Musiqili Dram Teatrı həm də bölgələrimizə ardıcıl səfərlər edir, əsgərlərimiz qarşısında səhnələr göstərirdilər. Teatr truppasının içərisində yüksək fəxri adlar, prezident təqaüdü və müxtəlif orden-medal alanlar da var.

Bu il Şuşa Dövlət Musiqili Dram Teatrının son bərpasının 32, Bakıda fəaliyyət göstərməsinin isə 30 ili tamam olur. Eyni zamanda, o özünün 148-ci mövsümünü başa vurur. Və belə bir mötəbər tarix doğma Şuşada qeyd olunurdu... Həm də Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası ilə...

Hamının dilində bircə söz dolaşırdı: “Allahın bu gününə şükür!”

Şuşada tarixi-mədəni əhəmiyyət daşımayan məkan tapmaq, demək olar ki, mümkün deyil. Lakin yenə də məkan seçimi təqdirəlayiq idi. Xan qızı Natəvanın bağı... Qala qapısının arxası... Dahi Üzeyir bəyin heykəlinin qarşısı...

Amma hələ tamaşaya xeyli vardı və hər şeydən əvvəl Şuşaya səfər edənlərin şəhərlə tanışlığı başlayacaqdı. Şuşa Realnı Məktəbi, Bülbülün ev-muzeyi, güllələnmiş heykəllər, Natəvanın dağıdılmış iqamətgahı, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Vaqifin məqbərəsi, Cıdır düzü... Haranı sayasan? Birdirmi, beşdirmi? Şuşada maraqsız yer var ki? Adamlar bir dəqiqə oturmurdular. Hamı Şuşanı mümkün qədər çox gəzmək istəyirdi. Eyni küçələrdə eyni adamlarka dəfzlərlə rastlaşırdıq. Bir yerdən beş dəfə keçəndə də doymurdu insanlar. Buna şəhəri gəzmək yox, şəhəri qucaqlamaq deyərlər... Və bu qucaq­laşmada həm sevinc vardı, həm kədər. Divarlardakı saysız-hesabsız güllə yerlərinin sızıldadığını hiss etmək çətin deyildi. Hələ tökülən qanlar, verilən canlar... Lakin bütün ağrıların fonunda əzəmətli bir duyğu parlayırdı: Qələbə duyğusu!

İnanılmaz rahatlıq vardı hər kəsin içində. Şuşanı ilk dəfə görənlər də bunu etiraf edirdilər. Elə bil burda doğulub, burda böyümüşdülər. Öz evlərinin içi, öz ocaqlarının qırağı qədər doğma və isti... Hər yanda məşum işğalın izləri gözə dəyirdi. Bəzi məhəllələr, evlər kol-kosun içində itib-batmışdı. Eyni zamanda, salamat, insan yaşayan evlər, ticarət yerləri, otellər gözə dəyirdi. Yeni tikilən binalar, qızğın iş... Şəhərdə işğaldan qalan kədərli sükunətlə qaynar həyat qarşı-qarşıya idi. Asanca hiss edirdin ki, az vaxtda bu ətalət bu qaynar həyata tamamilə təslim olacaq. Hər şey yaxşılığa doğrudur.

Duyğuların ən gözəli isə burda öz tanışların, dostlarınla rastlaşmağındır.

Beş il öncə ağla gələrdimi bütün bunlar?

Gözlərdə sözlə ifadə olunmayan sevinc dolaşırdı.

Tədbir məşhur teatrşünas Aydın Talıbzadənin və Şuşa teatrının direktoru Yadigar Muradovun səmimi çıxışları ilə başladı. Təbii, əvvəl Şuşa qələbəsindən danışdılar, şəhidlərimizi, qazilərimizi yad etdilər, ardınca teatrdan və tamaşadan söz açdılar.

“Lənkəran xanının vəziri”nə rejissor Loğman Kərimov meydan tamaşası kimi quruluş vermişdi. Xan bağında dekorasiyalar qurulmuş, xalılar, mütəkkələr salınmış, samovarlar odlanmışdı. Bir anlıq adam özünü Yusif Vəzir Çəmənzəminlinin Şuşa ilə bağlı tarixi romanlarında hiss edirdi. İllah da yanımızda xanlıqlar dövrünə aid qiyafət geyinmiş aktyorlar vardı. Xanı əməkdar artist Nazir Rüstəmov canlandıracaqdı. Baş rolu – vəziri isə artıq saqqalını taxıb papağını qoymuş Məmməd Məmmədov oynayırdı. Digər əsas rolları Püstəxanım Zeynalova (Ziba xanım), Mətanət Eres (Şölə xanım), Aybəniz Əhmədova (Nisə xanım), Rasəf Mehdiyev (Teymur ağa), Azad Məmmədov (Xacə Məsud), Şükufə Musayeva (Pəri xanım) və başqaları ifa edirdilər.

Pyesin karnaval estetikasındakı yozumu, aktyorların gah Axundzadənin rəsminə, gah tamaşaçılara xitabı onu ənənəvi klassik üslubdan çıxararaq, oynaq, günümüzlə səsləşən səmimi meydan oyununa çevirmişdi. Həm yerdə, həm stullarda oturmuş tamaşaçılar özlərini hadisələrin içində zənn edirdilər.  

Tamaşanın komik məqamları və aktyorların uğurlu, ürəkli ifası bayram əhvalını artırdı və gurultulu alqışlarla qarşılandı.

Tamaşadan sonra bütün aktyorlar və tamaşaçılar yallı sədaları altında əl-ələ verərək Xan bağında hərəkət edən nəhəng çevrə yaratdılar. Bu rəqs həm Azərbaycanın müzəffər ordusunun qələbəsinə, həm xalqımızın Qarabağ uğrunda sarsılmaz birliyinə, həm də Şuşanın qarşıdakı səadət dolu günlərinə bir işarə idi.