Kəndin üstündəki məşhur yoldan çox gəlib-getsəm də Yağlıvənddə düz 33 il əvvəl olmuşdum. Bir qərinə edir. Düppədüz. Kənd yadımda tunel kimi küçələrin üstünü bağlayan, hündür, qollu-budaqlı ağacları ilə qalıb. Həyətlər də cürbəcür ağaclarla dolu idi və evləri seçmək olmurdu. Yağlıvənd kənardan meşəliyə bənzəyirdi. Qarabağın əksər kəndləri belədir. Torpağı bərəkətli olduğundan bitki örtüyü sıx və zəngindir.
Biz Yağlıvəndə 1992-ci ilin yazında, Laçından gəlmişdik. Rayonumuz işğal olunduğu üçün bu kəndə pənah gətirmişdik. Burda kirvələrimiz olurdu. Məşədi adlı haradasa babam yaşında bir kişi idi. Laçında bizə tez-tez gəlir, üzüm və nar gətirirdi. Yeşiklərlə...
Adətən kirvələr yaşdaş olur, Məşədi kişi atamdan azı iyirmi yaş böyük idi. Yadımdadır, Qala həbsxanasından, Mircəfər Bağırovun ora gəlməsindən danışırdı. Necəsə Məşədi kişi də düşmüşdü bu qazamata. Deyəsən, silah üstündə...
İran quldurları ilə atışmalarından danışırdı. Deyirdi, iranlılar bəzən gəlib qoyunların quyruğunu diri-diri kəsib aparırdılar, bir də görürdün, hansısa dərədə yazıq heyvan qan itirərək ölüb. Bəzənsə, inəkləri, öküzləri kəsir, soyub dərisini aparırmışlar, əti uzaqdan qızarırmış. Mal dərisinin ətdən çox baha olduğu zamanlar varmış.
Məşədi kişi deyirdi, Füzuli torpaqları, o cümlədən Haramı çölü əvvəllər şax-şəvəllik imiş, ceyran, cüyür, hətta aslan yaşayırmış, sonradan iqlim dəyişməsinə, yaxud heyvanların artmasına görə ağacdan, koldan təmizlənib otlaq ərazisinə çevrilib. Onun danışdığı – uşaq dünyamızı bəzəyən sirli-sehrli əhvalatların bir çoxundan “Haramı” romanını yazanda istifadə etmişəm.
İndi düşünürəm, nisbətən böyük yaşda olsaydım, kirvəmdən daha maraqlı əhvalatlar soruşar, yazanda istifadə edərdim. O, Qarabağın yaxın tarixinin canlı şahidi idi. Həm də ən kəşməkeşli 30-40-50-cı illərin... Erməni-müsəlman konflikti, İranla cəng-cida, kollektivləşmə və repressiya, Böyük Vətən müharibəsi, quruculuq illəri...
Bütün bunlar azmış kimi tale Məşədi kişiyə 90-cı illərin qaçqınlığını da göstərdi.
Bu cür uzun ömür yaşamaq xoşbəxtlikdirmi? Demək çətindir.
O vaxt yaşım az olsa da (-10) kirvəmizin bizim babamız yaşda olmasının səbəbini atamdan öyrənmişdim. Sizə deyim, bunun da əsl yazıçı qələminə layiq maraqlı tarixçəsi var.
Atam Laçındakı kəndimizdə mağazada işləyirdi. Bizim kəndimiz rayondan məşhur yaylaqlara tərəf sonuncu kənd idi. Buna görə yay vaxtı dağa gələn tərəkəmələr də atamla alver edirdilər. Bir gün Məşədi kişi də yaylaqdan mağazaya gəlir, atını radio dirəyinə bağlayıb içəri keçir, lazımı ayın-oyunu alıb çıxanda atının yerə sərilib öldüyünü görür. Külək radio xəttini qırıb onun üstünə salıbmış...
Bilməyənlər üçün deyim, radionun cərəyanı atı doğrudan da öldürür. Deyirlər, bu atın ayağındakı nala görədir, cərəyanı əks edərək heyvanın qanını durdurur. Ümumilikdə, Qarabağ atları nə qədər güclü olsa da, qəribə zəiflikləri var. Çox çapanda partlayıb ölə bilir, ayaqları boyundakı ipə keçəndə dözmür. Halbuki ulağı, qatırı bir sutka çap, ayağından saatlarla as, ona heç nə olmaz. Məncə, tanrı atın şəxsində güclə zərifliyin bir yerdə cəm olmasının mümkünlüyünü nümayişe etdirib...
Atam dinməzcə gedib öz atını gətirir, verir Məşədiyə, deyir, yükün yerdə qalmasın. Kişi sonralar atı qaytarmaq istəsə də, atam qəbul etmir, deyir, mən dükançı adamam, maşınla hərəkət edirəm, at sənə yaylaqda daha çox lazımdır. O-bu aralarında bir ata-oğul münasibəti yaranır. Sonralar isə bu münasibət dərinləşib kirvəliyə çevrilir.
Kirvə Qarabağ və Zəngəzurda bəzi məqamlar üçün qardaşdan irəlidir. Məsələn, tərəkəmələr qardaş və bacı qızını oğluna ala bilərdi, kirvənin qızını əsla. O tamamilə ailədən sayılırdı.
Sovetlər zamanında kirvəni adətən ermənilərdən tutardılar. Müsəlmanlarla dostluq, yaxınlıq, qohumluq onsuz da asan idi. Qız verib qız alır, qardaşlıq olurdular. Ermənilərlə belə bir lüks yox idi. Çox xırda istisnalarla heç kim onlara qız verib-qız almır, qardaşlıq olmurdu. Ermənilərlə yaxınlığın yeganə yolu kirvəlik idi.
Yağlıvənd 1993-cü ilin qışında qısa müddətlik işğal altında qaldı. Xeyli talandı, dağıdıldı. Ancaq bir neçə ay sonra Arazqırağı keçirilən uğurlu əməliyyat nəticəsində qonşu kəndlər və Horadiz qəsəbəsi ilə birlikdə düşməndən azad edildi.
Qəribədir, 26 il sonra başlanan Vətən müharibəsində də ən uğurlu əməliyyat eyni istiqamətdə keçirildi. Ordumuz çox qısa vaxt ərzində Lələtəpədən Ağbənd qəsəbəsinəcən gedib çıxdı.
Məşədi kişinin övladlarının çoxu dünyasını dəyişsə də, nəvə-nəticəsi bir qoşundur. Uşaqlıq yaddaşımda tunel kimi ağacları ilə qalan Yağlıvənd kəndi də yerindədir. Düzdür, indi o ağaclar, o bağlar yoxdur, əvəzində kənd xeyli böyüyüb, həm Araz boyu, həm də Bakı-Laçın magistralına doğru yeni evlər tikilib. Kəndin girəcəyindəki təzə evlərdən biri də Məşədi kişinin nəvəsinindir.
Bütün Azərbaycanda olduğu kimi Qarabağda da Novruz süfrəsi heç vaxt yığışmır. Ən azı şəkərbura, paxlava, qoz-fındıq, digər meyvələr, rəngbərəng yumurtalar və səməni masanın üstündə hazır durur. Kirvəmizin evində də süfrə al-əlvanlığını saxlayırdı. Ev sahibi vazadakı cevizlərə işarə verdi: “Tanış gəlmir?, – dalınca gülümsünüb əlavə elədi, – Katos qozudur...”
Heyrətə gəldim. Laçını, xüsusən biz tərəfləri bu qədər dəqiq necə tanımaq olar? Katos bizim qonşu kənddir. Kəndin altında – Ağdərə çayının qırağında nəhəng meşəlik var. Orada yabanı qoz ağacları da bitir. Allah bilir neçə ildən sonra dadına baxıram. Qabığı sərt, içi adi qozlara nisbətən yağlıdır. Dadı isə fantastik.
Füzuli səfərinin səhəri günü mənə redaktə üçün göndərilən yeni kitaba baxdım və heyrətləndim: məhz Yağlıvəndin işğalından, camaatın Araz çayını keçmək məcburiyyətində qalmasından, eyni zamanda kəndin işğaldan azad edilməsi üçün keçirilən kəşfiyyat əməliyyatlarından yazırdı...
Kitaba baxa-baxa və öz xatirərimə dala-dala düşündüm: biz nələr yaşamadıq? Bir vaxt pənah gətirdiyimiz kəndlərin özü işğala məruz qaldı. İndi isə bütün rayonlarımız, kəndlərimiz işğaldan tamam azaddır. Füzuli şəhərində ailələr yaşayır. Məşədi kişinin nəvələrinin bayram süfrəsini Katos qozu bəzəyir. Onlar öz babalarının yaylaqdakı yurdunda bizdən də əvvəl gediblər. Hər yay ordadırlar. Yağlıvəndli kirvələrim məni Laçına qonaq çağırır. Oranı məndən daha artıq özlərininki bilirlər. Onların gülümsər çöhrəsinə baxıb gülümsünürəm. Bu əsl bayram sevincidir.