Bəli, Novruz təbiətin ardınca ilk əvvəl məişətdə özünü göstərir. Adamlar qapı-bacanı, evi-eşiyi təmizləyir, uşaqlara, yaşlılara təzə paltar, hədiyyələr alırlar. Bayramın ümumi sevinci var, fərdi sevinci də. Çox vaxt ev əşyalarını da bayram ərəfəsində dəyişirlər. Odun sobasını götürüb yaşayış otağında səliqə-sahman yaradırlar. Köhnə, heç nəyə yaramayan pal-paltarı, ev-çöl əşyalarını, əski-üskünü töküb yandırırlar. Əslində, çərşənbə tonqalı həm də budur. Novruz sözünün hərfi mənası yeni gün deməkdir. Günlə birlikdə, evlər də, həyət-bacalar da, insanlar da təzələnir. Hər şey bahara layiq olur. Azərbaycan dilində çox poetik bir ifadə var. Adamlara təzə paltar alanda deyirlər: “Geyin, əynin sevinsin!” Bayramdır axı. Hamı və hər şey günəşin özü kimi gülümsəməlidir.
Novruzun ən gözəl adətlərindən biri də pay göndərmək və pay qəbul etməkdir. Ailələr özlərinə və qonaqlarına yetəcək qədər ərzaq və mer-meyvədən başqa pay göndərmək, pay gələn qaba qoymaq və papağa, yaxud torbaya yığmaq üçün də nəsə alırlar.
Pay göndərən qohumun, qonşunun qabını heç vaxt boş qaytarmazlar.
Bu, yazılmamış qanundur.
Papaq atmaq adəti birmənalı qarşılanmır. Bəzən deyirlər, papaq qeyrət və ucalıq rəmzidir, onu pay üçün kiminsə qapısına atmaq doğru deyil. Əvvəla, bu adət lap əvvəllər papaq atmaq yox, şal sallamaq şəklində olub. Bu da sırf məişətlə bağlıdır. Qədimdə ailələr yeraltı damlarda yaşayırdılar, buna görə də uşaqlar, yeniyetmələr çərşənbə axşamı şalı bacadan sallayırdılar. Bacadan torba da sallanırdı. Daş evlər tikiləndə artıq bu ənənə qapıya torba atmaqla əvəz olundu. Torba adamın üstündə həmişə olmur, ona görə bəzən papaqdan da istifadə etdilər. Ümumiyyətlə, ərzağı, meyvəni papağa qoymaq qədim adətdir. Şəxsən mən kənd-kəsəkdə belə halları çox görmüşəm. İkincisi, papağını qapıya ağsaqqallar, bəylər, kəndxudalar atmazdılar, uşaqlar, yeniyetmələr atardılar. Yəni onların başındakı papağa belə ağır mental dəyərlər yükləməyin heç yeri yoxdur. Həm də papaq atmaq adətinin mahiyyətində bir zarafat var. Eyni zamanda, incə bir əxlaq da var: papaq və ya torba atan adamın kim olduğunu bilmək, onu tanımağa çalışmaq doğru deyil. Anonim qalmalıdır. Çünki məsələ papaq atanın kimliyində deyil, papaq atılan evin comərdliyindədir.
Bayram günləri, xüsusən çərşənbə gecələri hamı yaxşı sözlər danışmalıdır. Çünki qapını pusan ola bilər. Dediyin sözə nəzarət etmək islamdakı ağız orucunu xatırladır. Kim bilir, bəlkə də, ağız orucu bayramda pis, neqativ söz danışmamaq ənənəsinin təkmilləşməsidir. Axı islam təkcə yeməməyə yox, danışmağa, baxmağa, eşitməyə də məhdudiyyət qoyur. Həm pis söz danışmamalı, həm də onu eşitməməyə çalışmalısan. Eyni zamanda gözlərinə – baxışlarına nəzarət etməlisən... Qulaq orucu, göz orucu yəni...
Bəzən qapı pusmaq ənənəsinə də tənqidi yanaşanlar tapılır. Lakin bu da yersiz söhbətdir. Çünki çərşənbə gecəsi hamı insanların qulaq falına çıxdığını bilir. Sən qapının pusulduğunu bilirsənsə, demək, problem yoxdur. Ancaq bu adətdəki niyyət çox möhtəşəmdir: ən azı bir gecə xoş danışmağı, pozitiv olmağı öyrənmək! Bircə gecənin təcrübəsi ilə gözəl bir dəyəri anlayırsan.
Novruzun özü bir yana, ona hazırlıqlar da insanda xoş ovqat yaradır. İnsanlar ilin bir ortasından hazırlıqlara başlayırlar. Hətta yaydan və payızdan bayram üçün mer-meyvə seçənlər, ayın-oyun alanlar, heyvan kökəltməyə başlayanlar olur.
Novruz subkultura olmaqdan əlavə, həm də mədəniyyətin mövzusuna çevrilə bilir. Ədəbiyyatda, kinoda, teatrda, rəssamlıqda, musiqidə özündən bəhs etdirir.
Biz daha çox şeirdə rast gəlirik Novruz ornamentlərinə.
Misal üçün Aşıq Ələsgərin yaradıcılığında bu məqam xüsusilə həssas işlənib.
Afərin xudanın haqqı-sayına,
Camalları bənzər bayram ayına...
Gözəlləri təsvir edən şair onları bayram ayına bənzədir. Bildiyiniz kimi Novruz bayramı 21-22 martdadır. Ondan təxminən bir həftə öncə də axır çərşənbədir. Ayın ortalarında Ay bədirlənir, bütöv görünür. Türkiyə türkcəsində buna dolunay deyirlər. Şairə görə gözəllərin üzü təkcə bayram ayı kimi yumru və işıqlı deyil, həm də bayram sevinci doludur.
Novruz mənzərələri Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasında xüsusi sənətkarlıqla işlənib. Ayrı-ayrı adətlər elə dolğun, elə ürəkdən çatdırılıb ki, sanki canlı videomateriala baxırsan:
Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabı toxurdu,
Hərə şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadır şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq...
Mirzə Ələkbər Sabirdə isə bayrama tamam fərqli kontekstdən yanaşma görürük:
Ey pulluların səfası, Novruz!
Tacirlərin aşinası, Novruz!
Bir millətə eyd ikən, Nədən bəs
Oldun füqəra əzası, Novruz?!
Gördüyünüz kimi, Aşıq Ələsgər gözəlliyin dəyərini, Sabir isə sosial ədalətsizliyin şiddətini artırmaq üçün Novruz bayramından istifadə edib. Çünki bu bayram xalqımızın ən içdən gələn ənənələrindən biridir. Millətin, xalqın birliyinin, qardaşlığının rəmzidir. Belə bir bayramda süfrəsində yemək tapmayan biri varsa, bu, hamımızın dərdinə, ağrısına çevrilməlidir.
Qəribədir ki, sosial mövzulara çox da meyl etməyən Molla Pənah Vaqifin bir qoşmasında da oxşar təfərrüat vardır.
Novruz ən çox şeirdə və mahnılarda əks olunub. Ümumilikdə bahar hər iki janrın əsas mövzularındandır. Misal kimi Xalq artisti Aygün Kazımovanın “Novruz gəlir, yaz gəlir” mahnısının adını çəkmək olar. Bilməyənlər üçün xatırladım ki, mahnının musiqisi Cavanşir Quliyevin, sözləri isə Ramiz Rövşənindir.
“Yeddi oğul istərəm” və “Dəli Kür”lə yanaşı bir çox bədii filmlərimizdə Novruz səhnələri yer alsa da, ayrıca bu bayrama həsr olunmuş ekran əsərimiz yoxdur. Mən buna təəssüflənirəm. Halbuki görüntü üçün sonsuz estetik material verən xammalımız vardır.
Eyni zamanda, Novruz mövzusunda magik əhvallı bir roman da yazmaq mümkündür. Dünya şedevrlərinin bir çoxu bu cür yaranır: spesifik milli məzmun dünyanın anladığı formada... Latın Amerikası və yapon ədəbiyyatı bunun ən uğurlu nümunəsidir.
Novruz da dilimiz, dinimiz, ərazimiz kimi milli kimliyimizi müəyyən edən vacib komponentlərdəndir. Dəyərini bilməli, qorumalı və təbliğ etməliyik. Onu yaşatmağın yollarından biri də sənət vasitəsi ilə modern dövrümüzə uyğun interpretasiyasıdır.