Tanrıdan qorxmaq vacib deyil və tanrıçılıqda bu qorxu şiddətlə tələb olunmur, onu sevmək kifayət edir. Allah isə ondan qorxmağı tələb edir. Çünki bu qorxu Axirət inancını şərtləndirir. İslam fəlsəfəsinə görə o dünyaya inanmayan gerçək iman sahibi ola bilməz. O dünya isə cənnət sevdasından çox, cəhənnəm qorxusu ilə assosiasiya olunmalıdır ki, adamlar özlərini yığışdırsınlar. Şəriət məntiqi ilə hamı kamil və ya kamilliyə can atacaq qədər hazırlıqlı deyil, cəhənnəm xofu candan çıxsa, kimsə haqqın yolunu gözləməz
Qısası, islamdakı Yaradanın mahiyyətini Tanrı anlayışı axıracan ifadə edə bilmir, bunun üçün Allah kimi min bir təyini və funksiyası olan məfhuma ehtiyac yaranır.
İlk baxışdan oxşar, lakin dərinlərdə xeyli fərqlənən daha iki söz “arvad” və “qadın” sözləridir.
Qarabağ və Zəngəzur bölgəsində də çox işlənən “arvad” ifadəsinin etimologiyası mübahisəlidir. Ən ağıllı ehtimal onun “avrat” kəlməsindən əmələ gəlməsidir. İndinin özündə də Türkiyə türkcəsində bu söz işlənməkdədir. Lakin onlar da bizim kimi bu kəlməni, yaşlı, savadsız, ərindən və ya kişi qohumlarından asılı olan, onların himayəsində yaşayan, sosial həyatı olmayan ev insanı mənasında işlədirlər. Çünki “avrat” ərəb mənşəli “övrət” sözündən yaranmışdır. Biz bu ifadəyə qadın, arvad mənasını ifadə edən “övrət” şəklində Mirzə Cəlilin hekayələrində rast gəlirik.
Övrət hər kəsin görməsi qadağan edilən bədən əzalarına deyirlər. Kişinin də övrəti var. Yəni bədəninin mütləq örtülməli olan yerləri... Qadın isə başdan-başa övrətdir. Yəni əlləri və üzü istisna olmaqla (bəzi radikal dini qanadlarda bədənin bu hissələri də örtülür) heç bir yeri nəinki görünməməli, hətta örtüyün altında bilinməməlidir.
Haradansa islam peyğəmbərinin adına belə bir fikir oxumuşdum: “Qadın danışıqdan və övrətdən ibarətdir, onun danışığını sükutla, övrətini isə evlə örtün”. Qadının örtünməsi, gizli qalması, evdən çölə çıxmaması ortadoksal islamda vacib şərtlərdən biridir. Hətta kişilərdən fərqli olaraq onların cümə namazına getməsi vacib deyildir.
Doğrudur, dində Fatmeyi-Zəhra kimi mötəbər bir qadın da var ki, 14 məsumdan və 5 nəfərdən ibarət ali-əba üzvlərindən biridir, lakin bu düşüncənin özündə də qadına ən yaxşı halda beşdə bir şans verilir. Həm də Fatmeyi-Zəhra öz obrazından çox, peyğəmbərin qızı, Həzrət Əlinin övrəti (məhz övrət - müəl.), Həsən və Hüseynin anası kimi anılır və mötəbər məqamının ən vacib səbəbləri bunlardır.
Şübhəsiz, şəriətə görə övrətin – arvadın hüquqları vardır, lakin bu modern zamanımızla müqayisədə çox yetərsizdir. Fikir verin, hər yerdə “qadın hüquqları” ifadəsi işləndiyi halda, “arvad hüquqları” ifadəsi nəinki işlənmir, hətta gülməli səslənir. Zira arvadın hüququ olmaz. Çünki o övrətdir. Örtülməli, gizlədilməli, naməhrəmə göstərilməməlidir.
Qadın sözü isə türklərdə hatun, öbəklərdə xotin kimi işlənən xatun kəlməsindən gəlir. Dilimizdə bu gün də xanım-xatın ifadəsi vardır. Bu da qadını xanımlıq, ağalıq mərtəbəsinə qaldırır.
Sözlər və məfhumlar heç də təsadüfi deyil, onlar bir qövmün dünyagörüşünü, predmet və hadisələrə yanaşmasını ifadə edir.
Təsadüfi deyil ki, qadın və övrət məsələsi dahi Nizami Gəncəvinin də diqqətini çəkmişdir. “İsgəndərnamə” əsərində Makedoniyalı İsgəndər Bərdəyə gəlir, Nüşabə nəinki bərabərhüquqlu tərəf-müqabil kimi onun qarşısına çıxır, hətta məşhur dialoqunda onu susdurub dünya fatehindən daha ağıllı və düçüncəli olduğunu sübut edir.
Əsərin başqa bir yerində Dərbəndi tutan İsgəndər qıpçaq qızlarının at belində azad-asudə dolaşdıqlarını görüb, ağsaqqallara etirazını bildirir. Deyir, qoşunumdakı kişilər uzun müddətdir səfərdədirlər, öz ailələrindən və qadınlarından uzaqdadırlar, odur ki, hər hansı xoşagəlməz hal baş verə bilər, yaxşı olar yerli qadınlar başlarını və bədənlərini bağlasınlar.
Qıpçaq ağsaqqallarından birinin İsgəndərə cavabı belə olur:
“Biz qadınlarımızı deyil, nəfsimizi bağlamağı öyrənmişik”.
Səkkiz yüz il əvvəl deyilməyinə baxmayaraq, bugünümüzə yön verən master bir qadın haqları söhbəti...
Böyük ədib bu sözləri təsadüfi demirdi. Özü məhz Dərbənddən ona kəniz kimi göndərilən Afaqı azad edərək onunla kəbinli ailə qurdu, oğlu Məhəmməd dünyaya gəldi. “Leyli və Məcnun” əsərini də Afaqın eşqi ilə qələmə aldığını etiraf edirdi. Məncə, Makedoniyalı İsgəndəri də Afaq sevgisi ilə Dərbəndə aparmış, onu qıpçaq qadınlar və ağsaqqallarla qarşılaşdırmışdı.
Dahi sənətkar “Xosrov və Şirin” poemasında qadın obrazının lap dərindən işləyir. Şirin övrət deyil, qadındır. Onun nəinki öz hüquqları var, hətta bu hüquqları çox gözəl bilir, İran şahının qarşısında belə tapdanmasına imkan vermir.
Bu düşüncə Nizamidə təsadüfi deyildi. Qarabağda, Zəngəzurda və Gəncəbasarda islamdan əvvəlki və sonrakı əsl qadın obrazı bu idi. Bu düşüncə nağıl və dastanlarımızda da ciddi şəkildə ifadə olunmaqdadır. O nümunələrdə övrət olmayan qadınlara kifayət qədər rast gəlirik.
Çoxu qadın azadlığı anlayışını sovet quruluşuna, məşhur çadranı atma söhbətinə bağlayır. Lakin ondan əvvəl Ağabəyim ağa vardı, Xurşidbanu Natəvan vardı, Nəbi-Həcər cütlüyü vardı, Həmidə xanım Cavanşir vardı... Cümhuriyyətçilərin xanımları vardı.
Xüsusən tərəkəmə həyatı sürən xanımlar övrətlikdın çox, qadın idilər. Çünki el-elat mədəniyyəti qadının qatı dindar həyatı ilə uyğun gəlmirdi. Çölçülüyün mahiyyətində bir azadlıq vardı.
Şəxsən mənim qadın anlayışım bəzi dindar bölgələrdən olan dostlarınkı ilə uyğun gəlmir. Çünki gözümü açandan qohum-əqrəba arasında olduqca nüfuzlu, sözü keçən, kişiləri danlamaq, tərbiyələndirmək iradəsi olan qadınlar görmüşəm. Kişilər ən dəyərli əmanətlərini də, ən böyük sirlərini də namusları kimi onlara əmanət edirdilər.
Məncə, cümhuriyyət davam etsəydi, uzağı beş-on ilə bütün sahələrdə gender bərabərliyi kifayət qədər təmin olunacaqdı. Dahi babalarımız bunu sezmişdilər, ona görə bir çox Avropa ölkələrindən əvvəl qadına seçib-seçilmək azadlığı vermişdilər.
İslam coğrafiyasındakı bəzi ölkələrdən fərqli olaraq azadlıq Azərbaycan qadınının cövhərindədir. Çünki o övrət kimi yaradılmayıb.