19.04.2024, 22:51
AZ EN
17.06.2022, 10:15

O, Şuşasız çox yaşamadı

Şərif AĞAYAR

İl 1993. Məkan Ağcabədi. Ünvan Texniki Peşə Məktəbinin binası. Xankəndidən Şuşaya, Şuşadan Gəncəyə, Gəncədən isə Ağcabədiyə köç edən universitetimizin dərsləri yenicə başlayıb. Halbuki qəbul imtahanları 1992-ci ildə aparılıb. Gecikmənin obyektiv səbəbləri var. Azərbaycanda ilk dəfə test üsulu tətbiq edilib. İmtahan sənədləri Türkiyədə yoxlanılıb. Üstəlik qəbul olunduğumuz universitetin fəaliyyəti üçün normal şərait yoxdur. Sığındığımız peşə məktəbinin binası da yetərli deyil. Həm balaca, həm də təmirsizdir. Yataqxanalarına məcburi köçkünlər yığışıb. Bir yandan da rayon mərkəzi yüzlərlə tələbənin gəlişinə hazır deyil. Tələbələrə, xüsusən, oğlanlara kirayə ev vermirlər. Yaxınlıqda qanlı müharibə gedir. Bir sözlə, yenicə başlayan işğal və köçkünlük epoxasının ağır tədris dövrü...

Mən də gözlənilmədən N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunmuşam. Azərbaycanın dörd bir tərəfindən gələn tələbə yoldaşlarımızla yenicə tanış olmuşuq. Tarix elmləri namizədi, dosent Mamed Hüseynov qədim dünya tarixindən mühazirə oxuyur. Yazmaqdan barmaqlarımız qırılır. Bu vaxt qapı astaca açılır və içəri ağ saçlı, nurani bir kişi girir. Mamed Hüseynov “buyurun, Nazim müəllim!” deyib ehtiramla ayağa qalxır. Nurani kişi barmaqları ilə “iki” göstərib salamsız-kalamsız sözə başlayır:

- Ömrümdə iki dəfə möhkəm qorxmuşam. Birincisi, Ağdam Şuşa yolunda. Dumanlı hava idi, təkbaşına tısbağa “Moskviç”lə Şuşaya gedirdim. Maşını saxlayıb bir az gəzmək istədim. Elə yoldan azcana aralanmışdım ki, kolluqdan bir canavar çıxdı və düz gözlərimin içinə baxdı. Dilim də tutuldu, ayaqlarım da. Canavar mənə baxdı-baxdı, çıxıb getdi. İkincisi, rəsmi dövlət iclaslarının birində. Mir Cəfər Bağırov da gəlmişdi. Gənc alim idim. Bağırov məndən nəsə soruşdu. Həyəcandan alayarımçıq cavab verdim. Hirslə gözümün içinə necə baxdısa, nitqim tutuldu, səsim çıxmadı...

Bu qəribə xatirəsinin ardınca şirin-şirin güldü. Biz də güldük və elə ilk ünsiyyətdən onunla mehribanlaşdıq.

O, yeni dövrün tələbə adını almış gəncləri ilə tanış olmağa gəlmişdi. 

Mamed müəllim Nazim Axundov haqqında bizə qısa, lakin müfəssəl məlumat verdi. O, yerindən-yurdundan didərgin düşən və indi Ağcabədidə ən ağır günlərini yaşayan məktəbimizi tərk etməyən iki professordan biri idi.

Nazim müəllim təkcə bizim ali məktəbin deyil, respublikada fəaliyyət göstərən bir çox elm ocağının formalaşması və fəaliyyətində yaxından iştirak edən qocaman elm xadimi idi.

Mamed müəllimin təqdimatında Nazim Axundovu həm də separatçı erməni alimlərinə qarşı dirəniş göstərən alim kimi tanıdıq. Axı, Nazim müəllim ədəbiy­yatla bağlı kitablarla yanaşı Qarabağın tarixindən bəhs edən “Qarabağnamələr” kitabını da yazmışdı. 1991-ci ildə çap olunan bu kitaba Qarabağ münaqişəsinin pəncərəsindən baxmışdı. Yəni keşməkeşli tariximizi çox yaxşı bilirdi və böyük iddialarla çıxış edən erməniləri həmişə fakt qarşısında qoyurdu. Ona görə Nazim müəllimin paxıllığını çəkir, həmişə işlərinə pəl vurmağa çalışırdılar.

Şəxsən mən ilk dəfə idi canlı professor görürdüm. Bundan da ötəsi, ilk dəfə idi Mir Cəfər Bağırovu şəxsən görən adamla rastlaşırdım. Hətta buna bir az şübhə də etmişdim. Amma avtobioqrafiyasına baxanda rəqəmlərin tamamilə uyğun gəldiyini gördüm. Adam Böyük Vətən Müharibəsi qurtaran il aspiranturaya daxil olmuşdu.

Bir neçə dəqiqəlik görüş yaddaşımızda çox geniş və dərin təəssürat buraxmışdı.

O vaxt məktəbimizə bir neçə fərqli münasibət vardı. Bəziləri Ağcabədidən daha uyğun bir yerə - ya Bakıya, ya da mərkəzi şəhərlərdən birinə köçürülməsini istəyirdi. Filialın ləğv edilib baş instituta birləşməsini təklif edənlər də vardı. Üçüncü fikir isə institutu çətinliklə də olsa Qarabağda saxlamaq, hətta onu ayrıca Qarabağ Universitetinə çevirmək idi. Üçüncü fikir qələbə çaldı. Ən azı Şuşa yadigarını mümkün qədər Şuşaya yaxın yerdə saxlamaq və mövcudluğunu qorumaq lazım idi. Nazim müəllimin də bütün çətinliklərə rəğmən filiala gəlib-getməsi, professor kimi vəzifəsini davam etdirməsi bu düşüncənin tərəfdarı olduğunu göstərirdi və o zamankı rəhbərliyin qərar verməsi üçün az əhəmiyyət kəsb etmirdi.

Əslində, Nazim müəllimin elmi-pedaqoji fəaliyyəti ADPU-nun Şuşa filialından çox-çox əvvələ gedib çıxır. Avtobioqrafiyasına baxırıq. 1924-cü il iyunun 20-də Şuşada müəllim ailəsində doğulub. 40-cı illərdə Bakı Pedaqoji Məktəbinin filologiya fakültəsinin məzunu kimi kənd məktəblərində dərs keçib. Ardınca Azərbaycan Dövlət Universitetinin elmi şurasında "Molla Nəsrəddin jurnalının nəşri tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını alıb. "Azərbaycan satira jurnalları" mövzusunda doktorluq işini isə 18 il sonra - 1966-cı ildə müdafiə edib.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı, Quba Pedaqoji İnstitutunun direktoru, eyni zamanda, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun tədris-elmi işlər üzrə prorektoru, rektoru, kafedra müdiri vəzifələrində işləyib.

Xankəndi Dövlət Pedaqoji İnstitutu yarananda orada Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri təyin edilib. Daha sonra XX əsr Azərbaycan ədəbiy­yatı şöbəsində baş elmi işçi kimi fəaliyyət göstərib.

O, çoxsaylı biblioqrafik kitabların və dərsliklərin müəllifidir.

Nazim müəllim Şuşasız çox yaşamadı. 1994-cü il martın 10-da Bakıda haqq dünyasına qovuşdu.   

Bu gün Şuşa azaddır. İndi bizim universitetimiz N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı kimi fəaliyyət göstərir. Qələbədən sonra universitetin rektoru C.Cəfərov mətbuata belə bir açıqlama verib: "Bu universitet zamanında Şuşada fəaliyyət göstərib. Kollektivin çoxu Xankəndidə işləyib. Şuşa işğal edildikdən sonra universitet qısa müddətlik Gəncədə, sonradan isə Ağcabədidə yerləşib. İstəyirik ki, həmin filialı yenidən Şuşaya köçürək".

Məncə də gözəl təşəbbüsdür. Həm gözəl, həm vacib. Mədəniyyət mərkəzinə çevrilməkdə olan bir şəhərdə mütləq universitet də olacaqdır. Belə bir addım həm də bir çox dəyərli insanın ruhunu şad edərdi. Başda professor Nazim Axundov olmaqla...