26.12.2024, 20:01
AZ EN
11.06.2022, 15:00

Doğma yurda səfərin təəssüratı - 2

Sabit ƏZİMOV

Özünü vətəndaş zənn edən bir kəs

Vətənin dərdinə yad qala bilməz!

 

Bu bir sirrdir ki, qəlbimizin daxilində ilahi qüvvəyə bağlılıq olduğu kimi, doğulduğumuz torpaqdan da heç zaman ayrılmaq istəmirik, bu bağlılıq qırılmır, həsrətli qəlbin vətən-torpaq sevgisi azalmır, unutmağa imkan verilmir.

Xüsusi əlamətləri ilə seçilən, gözəlliyin şahı olan, bizə analıq etmiş doğma Ağdamla bir daha görüşə gəldim. Hərçənd ki, övlad-ana ayrılığına dözmək nə qədər çətin olsa da, əzablı illər ərzində işğala məruz qalmış torpağımızın üzərində zülmün izləri öz təsirini göstərib, bizləri istədiyimiz kimi qarşılaya bilmir. Lakin məğrurluğunu qoruyub saxlamağı, yıxılanda durmağı bacaran, ümid yerim, səcdə-qibləgahım olan Ağdam yenə öz isti nəfəsi ilə bizi qucaqladı. İllərin həsrətini özünə yer edən, övladı ilə görüşə tələsən, gözləri qarşısında nələr baş verdiyini hiss edən, həsrətinə, əzəmətinə, şanlı tarixinə, yüksək dəyərlərinə qiymət verdiyim Ağdamım! Torpağının bərəkəti ilə yaşadığımız, ömür yollarında qətiyyətlə addımlamağı bizlərə öyrədən Ağdam!

Fikirlərimi düşünən beynimdə, ağlımda qalmasın deyə, kara gələ biləcək, bilməyəcək kağız üzərində, internet səhifəsində yerləşdirmək istəyirəm, lakin bu da aydındır ki, zaman uzun illər ərzində bizi sevməsə də, həsrətli illər bizi bir-birimizdən ayıra bilmədi, hətta səmada ayın da nurunun qarşısında sədd çəkmək istəyən qüvvələr dünyanı görməyimizə mane ola bilmədilər.

“Dağ yeri - duman yeri, yurd yeri - güman yeri” demişlər müdriklərimiz. Həqiqət belədir ki, qürbət hissi, illəri keçirməyən insan vətənin qədrini tam bilməz və ya düşüncə fərqliliyi ola bilər, bülbül gülü sevdiyi kimi, insan da vətənini sevər. Axar suları, dupduru kəhrizləri, bəzənmiş gül-çiçəkli çəmənlikləri, bərəkətli torpağı, cəsarətli, zəhmətsevər insanları olan Ağdamı sevməmək, unutmaq olarmı? Ata-babalarımızdan miras qalmış, yüzilliklər boyu öz dəyərini itirməyən, hər bir həqiqəti əks etdirən, mənəvi dəyərləri ilə zəngin olan Ağdamı bir gün belə unutmadıq, ona doğru can atdıq. Bu gün görüşünə gəldiyimiz kimi, daimi ayrılığına da son qoyacağımız günə də az bir zaman qaldığını düşünürəm - Ağdam!

Bənzərsiz füsunkar təbiəti, maddi sərvəti ilə zəngin olan Ağdam - onun zəhmətkeş insanları Tanrının qismət etdiyi çörəyə həmişə hörmətlə yanaşıblar, müqəddəsliyi, dinimizə hörməti qoruyublar, qədirbilən olduqları üçün bərəkət başlarının üzərində oub, dosta-tanışa-qonşuya çörək verən olublar, heç kimdən heç nə istəməyiblər, elə buna görə də özləri hər zaman çörəkli olublar. Tək bir rayon üçün deyil, bütün dünyada ehtiram, müqəddəslik, dəyər vermək baxımından ikinci Çörək muzeyini yaradan Ağdamlılar heç vaxt inanmazdılar ki, nankor qonşuları əbədilik rəmzinə çevrilmiş Ağdam Çörək muzeyinə qarşı vandalizm törədə bilərlər; təəssüf ki, bu baş verdi. Bəşəri dəyərləri özündə ehtiva edən Ağdamın işğal dövründə insanlarına, maddi və mənəvi dəyərlərinə qarşı törədilmiş cinayətləri gördükcə, beynəlxalq müstəvidə mənəvi irsin qorunmasına cavabdehlik daşıyan YUNESKO kimi təşkilatın bu barbarlığa, vandalizmə hələ də lazımi qiymət verməməsinə təəssüf edirəm, qətiyyətlə bu cür halları pisləyirəm. Əvvələr dünyanın bu cür yanaşmasına inanmayaraq hər şeyin ağ olduğunu düşünsəm də, doğma rayonumda gördüklərim bunu deməyə əsas verir ki, ikili standartlar əsasında dünyamızın qara rəngli yanaşması da varmış.

Bu torpağın üzərində gəzdiyim, gənclik illərində deyilmiş hər bir sözün, hərəkətin bütövlüyünün iman, inam, ümid istiqaməti, mənbəyi hesab etdiyim halda, heç demə, dünyanın, onu idarə edənlərin dedikləri sözün, verdikləri qərarların özündə bir "qara"lıq varmış. Elə mənim vətənimi-torpağımı bu günə salan, Ağdamın yerlə-yeksan olunmasına rəvac, dəstək verən qüvvələrin üzü qara olsun, - deyirəm. Siyasi oyunbazlıq, yeni düzən xəritəsi, coğrafi məkan dəyişikliklərinə can atanların uzun illər ərzində ana torpağıma qarşı törətdikləri vəhşiliklərə nə ad verəsən? Bu gün yaxın ətrafımızda baş verənlər işğala məruz qalmış Azərbaycanımıza qarşı törədilmiş ədalətsizlik, etinasız münasibətlərin fəsadları deyilmi? Haqq-ədaləti pozanlar isə nə zamansa, gec olsa da, vicdan əzabı çəkər, istər fərdi, istərsə də ümumi şəkildə... Məncə bu, zaman keçdikcə öz təsdiqini tapır.

Doğma torpağımız bizi qınayır, bəs biz kimi qınayaq, məzəmmət edək, humanist, qonaqpərvər xalqımıza qarşı törədilmiş eybəcər siyasətə nə ad verək? Dünyada söz sahibi olan, dövlətlərin ərazi bütövlüyü çərçivəsində hüquqlarının qorunmasına cavabdeh olan supergüc dövlətləri, beynəlxalq qurumlar 1993-cü ilə qədər inkişaf etmiş, Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış Ağdamımızın bərpasına da kömək əli uzatmaqda maraqlı deyillər, hələ də qarayaxmalardan, əsassız iddialardan əl çəkmirlər, mövcud olmuş yanaşmalar indi başqa ad və formada davam etdirilir, təbii ki, bu məsələdə son dərəcə çevik və ayıq-sayıq olmalıyıq.

Addım-addım gəzərək rayonumuzun bir çox yerlərinə baş çəkirəm, nə qədər acı olsa da, işğala qədər olan Ağdamı unuda bilmirəm, elə bilirəm ki, sanki hər şey yerindədir, minlərlə gülərüz, mehriban ağdamlı ətrafımdadır. Hər birinin çalışdıqları iş yerlərinin yanından keçəndə, xəyalən onları xatırlayaraq yoluma davam edir, necə gözəl, xoşbəxt Ağdamlı günləri yaşadığımızı, arzularımıza can atdığımız illəri göz önünə gətirirəm.

Qarabağ xanı Pənahəli xanın İmarət kompleksindəki iqamətgahı, dastanları dillərdə əzbər olan Açıq Valeh və Zərnigarın, Xan qızı Natəvanın, ağdamlıların fəxri xiyabanları - Qarağacı qəbiristanlığı, şəhidlərin qəbirüstü abidələri tamailə dağıdılıb. Abdal-Gülablı, Şelli sanatoriya-müalicə pansionatları, kənd təsərrüfatı, sənaye, tikinti, emal, təhsil, səhiyyə müəssisələri, mədəniyyət ocaqları, ticarət və iaşə obyektləri, idman kompleksi tamamilə yox edilib, beynəlxalq hüquq normaları ermənilər tərəfindən kobudcasına pozulub. Erməni xislətinin, vəhşiliyinin izləri torpağımızın hər qarışında açıq şəkildə görünür. Qəlbimdə bu vəziyyətə düşmüş Ağdamıma nə cavab verəcəyimə söz tapmıram. Bircə onu deyə bilərəm ki, biz bu müsibəti heç zaman unutmamalıyıq - hər hansı gələcək stiuasiyadan asılı olmayaraq...

Bu müqəddəs torpağın üzərində addımladıqca seçkili, digər idarəetmə orqanları, rayon iqtisadiyyatının müxtəlif sahələrində çalışmış 30 il bundan əvvəlki tanışlarım, yerlilərim, əlaqədar təşkilatların işçiləri ilə rastlaşdım, hal-əhval tutduq. Daha çox bir-birimizin ağarmış saçlarımıza sakit baxışlarla tamaşa etdik, nə düşündüyümüzü yaxşı anlayırıq. İllər öz işini görmüşdü, Ağdamsız uzun həsrətli illər bizləri qocaltmışdı, buna baxmayaraq Ağdam üçün gənclik həvəsi və ruhu ilə çalışmağa dəyər, eyni zamanda, itirilmiş illərin əvəzini doğma yurd yerlərimizdə qaytarmalıyıq. Kədər, sevinc hisslərinin bir-birinə qarışdığı ən çətin anlarda belə vətən üçün çalışmaq lazımdır. Vətənin azadlığı uğrunda şəhid olmuş qəhrəman oğullarımızın ruhunu bir an belə narahat etməyərək, onların azad etdikləri torpaqları dirçəltməliyik.

Amma ümid heç vaxt ölməz - demişlər. Məşhur filosofun dediyi kimi hər şeyi itirmək olar, ancaq ümidi itirmək olmaz. 2020-ci il noyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi nəticəsində Ağdam rayonu azadlığına qovuşdu, erməni silahlı qüvvələri torpaqlarımızdan qovuldu. Ağdamda aparılan bərpa və quruculuq işlərinin gedişi ilə tanışlıq məndə gələcəyə böyük ümidlər yaratdı. Yeni, müasir üslubda tikilən Ağdam-onun övladlarının xoşbəxt günlərə qovuşacağına çox böyük inamla səfərimi başa vururam.

Maraqlı hisslər arasında qalmışam - hazırda doğma torpağımdan kənarda yaşadığım ünvana dönmək istəyirəm. Amma qəlbimdən keçən bu olur ki, daha qayıtmayım, uzun illər bizi həsrətlə gözləyən, ayrılmaq istəmədiyim Ağdamda qalım. Elə başa düşürəm ki, vətən sevgisi, paklıq bizim hər birimizdən bunu gözləyir.

Hamılıqla Ağdamda görüşək!