Eyni adlı başqa bir yazım da var. Vətən müharibəsindən xeyli əvvəl yazmışam. Ovqat başdan-ayağa kədərə köklənib. Çünki yazının içi doğrudan da gerçək bir dərdlə doludur.
Noyabr gündəliyimdə indi də ilk yadıma düşən Qarakeçdi kəndindən öz kəndimiz Ağbulağa gedərkən şiddətli küləkdən üşüməyim və üzü küləyə gedə bilməməyimdir. Siz gerçək bir dağ adamısınızsa, dalın-dalın yeriməyin nə olduğunu bilməlisiniz. Külək-çovğun qarşıdan necə vurursa, addımlaya bilmirsən və məcbur olub küləyə qarşı arxa-arxaya gedirsən. Hardansa eşitmişəm, qadın kürəkdən üşüyər, kişi ayaqdan. Yəni kişinin kürəyi möhkəm olur. Yaxud olmalıdır. Həm də paltarların ən qalın, ən bütöv, ən dözümlü yeri kürəyidir. Kişi kürəyi bircə gülləyə acizdir. Bunda da iş kürəyin zəifliyində deyil, vəziyyəti görə bilməməkdədir.
Kürəkdən yalnız gözdən yayınmağı bacaran namərd dostlar vura bilər.
Qarakeçdi-Ağbulaq arasında “Qatar daşları” deyilən bir yer var. Dağın başından aşan maşın yolunun sağında da, solunda da daşlar qatarlanıb. O yolu piyada keçəndə, külək-çovğun başladısa, vay halına. Əlin-ayağın tamam donacaq. “Qatar daşları” sərt Laçın dağlarının siratəl müstəqiminə çevriləcək.
1991-ci ilin noyabrında həmin bu aşırımdan keçirəm. Yağış, çovğun yoxdur, sadəcə quru külək var. Amma şiddətli əsir. Dondurmasa da, üşüdür. Gözlərimi yaşardır, yaxamı-başımı açır, hətta ağzıma dolur. Küləyin – təmiz dağ havasının ağzıma dolması xoşuma gəlir. Üzü küləyə oxuyuram. Külək gah səsimi alıb aparır, gah da boğazıma tıxayıb çıxmasına imkan vermir. İsrar edirəm. Oxuduğum misra da yadımdadır: Günahı yoxdu noyabrın!
Elə mənalı bir misra deyil. Demək istəyirəm ki, artıq noyabr ayı gəlib, belə soyuq və güclü küləyin əsməsi, məni addımlamağa qoymaması, hərdən dalın-dalın yeriməyə vadar etməsi təbii haldır.
“Noyabr” sözündəki “a”nı mümkün qədər canlı tələffüz edirəm ki, külək ağzıma rahatca dolsun, qalan hərfləri alıb aparsın. Bu məni əyləndirir.
Gündəlikdə bu hadisənin ilini “1989” yazmışam. Amma səmimi deyim, il dəqiq yadımda deyil. Heç gün də. Amma görün nə qədər incə detallar yadımdadır.
Onu bilirəm ki, hələ müharibə başlayacağı ağlıma gəlmirdi. Biri mənə desə, çox keçməz, Laçından çoban kimi Ağcabədiyə köç gələrsən və bir də geri qayıtmazsan, yəqin ya söyüb-yamanlayardım, ya da inciyib-küsərdim.
Ağla gəlməyənlər başa gəlir!
Qəribədir, ilk günlərini Ağcabədinin Boyat kəndindəki (yazıçı dostumuz, millət vəkili Aqil Abbasın kəndidir - müəl.) pambıqlıqda keçirdiyim çobanlıq həyatımda da ən yaddaqalan hadisə noyabra təsadüf edir. Bir gün guppultular eşidirəm. Həmin vaxt Qarabağ münaqişəsi başlasa da, bu səs hələ bu coğrafiya üçün xarakterik deyil. Ona görə ilk atışda diksinirəm. Təcrübəli çoban yoldaşlarım deyirlər ki, hava haqqında məlumat öyrənmək üçün göyə peyk buraxırlar. Yadıma düşür. Laçında da tək bir guppultu eşidirdik. Hətta belə uzaqdan yox, yaxından. Daha güclü. Yer titrəyirdi bəzən. Təhlükəli olmadığını bilirdik.
1991-in noyabrında Boyat pambıqlığında eşitdiyim guppultu isə qarışıq ardıcıllıqla beş-altı dəfə səsləndi. İçimə vəsvəsə düşdü. Yaşlı çobanlar bu dəfə yağışın qarşısını almaq üçün bulud dağıdan topdan atəş açıldığını söylədilər. Halbuki pambıq artıq yığılıb qurtarmış, sahələrə heyvanlar buraxılmışdı. Ölkə yağış mövsümünə hazır idi.
Əlbəttə, elə həmin axşam eşitdiyim xəbər həmin günün dəqiq tarixini yaddaşıma əbədi həkk etdi. İçimdəki vəsvəsə təsadüfi deyilmiş: Qarakəndin üstündə vertolyot vurulurmuş!
Sonralar dedilər, o səs Qarakənddən Boyata gedib çatmazdı. Təcrübəli adamlar da eyni sözü dedilər. Amma o vaxt təcrübə nə gəzirdi? Qarabağ hələ tank-top döyüşlərinə keçməmişdi.
Bir il keçməmiş bombardmanlar, guppultular, uğultular necə adiləşdisə, fikir verən olmadı.
Bir il çəkməmiş nələr baş verdi: Xocalını dağıtdılar, Şuşanı taladılar, Laçını yağmaladılar, sosial statusumuz məcburi köçkünlüyə dəyişdi.
İndi də içimdə bir inam var, hər şey noyabrdan – “Qatar daşları”nda oxuduğum mahnını yelə verdiyim o andan başladı. Tale ağzımdakı sözləri alıb apardığı an mənim və bizim haqqımızda amansız bir qərar verdi.
Noyabr təqvimimə iki sevdiyim sənətkarın ölümü də daxildir: Rafiq Tağı və Qədir Rüstəmov. Biri azad sözün, biri azad səsin təmsilçisi...
Bəli, “Qatar daşları”nda üzü küləyə oxuduğum gün noyabrın həyatımızı başlı-bütünlü dəyişəcəyi ağlıma gəlməzdi.
“Noyabr gündəliyi”ni yazanda da ağlıma gəlməzdi ki, məni bu ayın ağır ovqatından elə bu ayın özü qurtara bilər.
Təbii, qələbə müjdəsi ilə!
8 noyabrda Şuşa erməni qəsbkarlarından azad edilir. Düşmən kapitulyasiya imzalamağa məcbur qalır. Şərtlərə görə elə həmin ay Ağdam və Kəlbəcər azad olunur.
Noyabrın 20-si – Qədim Rüstəmovun anım günü Ağdam, 25-i Kəlbəcər azad edilərək Azərbaycan ordusuna təhvil verilir. Laçının azadlığı da çox uzağa düşmür: 1 dekabr.
Ən başlıcası, cəsur Azərbaycan ordusu düşməni müqavilənin icrasından yayınmağa qoymur. Hətta Laçın şəhərində erməni ailələr yaşadığı halda əsgərlərimiz “Laçınım mənim” mahnısının sədaları altında doğma şəhərə daxil olur. Mən bu səhnələri internetdə izləyib sakitcə göz yaşı axıdıram. Feysbuk hesabımda isə ikicə kəlmə yazıram: “Danışır göz yaşı”.
Sonralar tamam başqa regiondan olan bir oxucum yazır: “Laçının alınma xəbərini eşidəndə ilk sənin səhifənə girdim, dedim, gör necə reaksiya vermisən. O üç kəlməni dünyanın ən böyük romanı kimi oxudum”.
Bu sitatı özümü tərifləmək üçün vermirəm. Oxucum düz deyirdi. Düz və dəqiq. Hətta roman yox, romanlar yatırdı o üç kəlmənin içində. 44 illik ömrümün 44 əsrə sığmayan dərdi-ağrısı, eyni zamanda 44 günlük müharibə ilə qazandığımız zəfərin 44 əsrə sığmayacaq sevinci...
Laçının azadlığına baxıb ağladığım gündən düz 3 ay 22 gün sonra “Qatar daşları”nı aşıb doğma kəndimizə getmək nəsib oldu mənə. Lakin zamanımız az olduğu üçün düşüb küləyə tərəf oxuya bilmədim. Sonra rahat vaxtı getdim, başqa mahnılar oxudum, çünki noyabr ayı deyildi.
Söz verirəm, üzümüzə gələn il “Qatar daşları”nda küləklə mahnını qovuşduracam.
Noyabr buna layiqdir.