02.07.2022, 19:18
AZ EN
03.06.2022, 09:05

Dünyanın şairi, Türkiyənin vətəndaşı, Azərbaycanın dostu

Şərif AĞAYAR

  • Məhəmməd Füzuli ərəb və fars dillərinin yaratdığı böyük mədəniyyət dün-yasının qənşərindəki bir dağ idi. O, həmin dünyadan aldığı güclü dalğanı bu üzə - türkdilli mədəniyyətə ötürürdü. Həm də çox yüksək sənətkarlıqla. O, türk dilini öz yaradıcılığı ilə dövrünün ən inkişaf etmiş dilləri sırasına qaldırdı. Eyni missiyanı əsrlər sonra böyük Nazim Hikmət yerinə yetirdi. Təkcə türk dilini deyil, bütövlükdə türk mədəniy­yətini modern dünyanın sərhədlərinə yaxınlaşdırdı.

Əslində, hər şey adi bir təsadüfdən başladı. Ötən əsrin 20-ci illərində Rusiyaya səfər edərkən dərgilərin birində Vladimir Mayakovskinin “dağınıq” şeirlərini gördü və qəribə hisslər keçirdi. O zaman əruzda şeir yazan gənc bir şair üçün bu formanın nə qədər yeni olduğunu təsəvvür etmək çətin deyil. Sən demə belə də yazmaq olarmış.

Əslində, Nazim Hikmət ilk başdan tam təsadüfi görünən bu hadisə ilə ədəbiyyat tariximizin ən vacib zərurətini yaşayırdı. Bəli, məhz tariximizin. Çünki sonralar Azərbaycan ədəbiyyatına da güclü təsirini göstərəcək və bizdə də modern dalğanın formalaşmasında mühüm rol oynayacaqdı.

Mayakovski ilə bağlı bu incə detalda başqa bir zərurət də gizlənmişdi. Sən demə, türk dili az qala bayatı və qoşma qədər sərbəst şeirə də uyğun gəlirmiş. Hətta “Kitabi-Dədə Qorqud”da bu cür nümunələrə rast gəlinirmiş.

Modernizm bəzi istiqamətlərdə keçmişin inkarı kimi reallaşır. Lakin Nazim Hikmət yeniliyində min illik ənənələrin yaşadığını görürük. O öz doğma vətəni kimi onun şeir ənənələrinə də sıx bağlı idi. Ənənələrdən də vətən kimi uzaqda idi, amma tamam ayrı düşə bilmirdi.

Həyatına baxırsan, dramaturgiya yazdıqlarından da artıqdır. Nazim Hik-mət taleyi ilə də bənzərsiz idi. Hərdən düşünürsən: nə idi Nazimin tapındığı ideologiya? O zaman üçün istənilən şairə, ədəbiyyatçıya cazibədar görünən sosial bərabərlik. Lakin Rusiyaya ikinci qayıdışındaca bu deyilənlərin və yazılanların yalan olduğunu anladı. Artıq ilk gəlişindən 30 il ötmüş, soyuq müharibə başlamışdı. Hər yerdən repressiyanın sərt ruzigarı əsirdi. Nazim dəhşətli xəyal qırıqlığına uğramışdı. Qoyub gəldiyi ölkədən daha artıq haqsızlıqların şahidi olurdu. Hətta bu haqsızlıqları onun özünə qarşı da törədirdilər. Gec idi. Çox gec idi. Onu Türkiyə vətəndaşlığından çıxarmışdılar. Haqqında asan­lıq­la “Vətən xaini” ifadəsini işlədirdilər. Əsər və kitablarına qadağa qoyulmuşdu.

Ömrünün bir tərəfində Türkiyə, o biri tərəfində Rusiya, qarşısında isə nə­həng Avropa vardı və Nazim bu üçbucaq içərisindəki dünyanın ən ünlü şairi idi. Hətta kapitalist dünyası da onu yaxşı tanıyır, böyük şair olduğunun fərqinə varırdı.

Bu böyüklüyün içində həssas qəlbli sadə bir insan gizlənmişdi. İstanbuldan ötrü darıxan, Anadoluda bir söyüd kölgəsinə gömülmək istəyən, az qala bütün şeirlərində oğlu Məhmət üçün göz yaşı axıdan bir insan.

Hamı vətənini övladı kimi sevdiyini söyləyir. Lakin buna öz oxucusunu, dinləyicisini inandıra bilmir. Nazimsə ikicə misra ilə poetik ecaza nail olaraq bizi bu böyük həqiqətin xiridarına çevirir. Həyat yoldaşı Münəvvərdən məktub alır, qadın ondan uşaqlığında Sofiyada gəzdiyi parka getməsini, ən yaşıl şabalıd ağacının altında oturub onu düşünməsini xahiş edir. Nazim Münəvvərin dediyini edir və düşünmək məsələsini şeirinin sonunda bu cür dilə gətirir:

Səni düşündüm, yəni Məhməti

Məhməti, yəni məmləkəti...

Və biz bu üç-dörd kəlmə sözlə vətənin-məmləkətin həm də sevdiyimiz insanlar olduğunu görürük.

Başqa bir şeirində yazır:

Qarşı yaxa məmləkət

Çağırıram Varnadan

Eşidirsənmi, Məhmət, Məhmət?..

Avropada hansısa tədbirə qatılacaqmış. Gəmi ilə boğazdan – İstanbulun içindən keçəcək. Çox həyəcanlıdır. Çoxmu dəyişib gözəl İstanbul? Axı o vaxt fotolarda da görmək mümkün deyildi bir kapitalist ölkəsini. SSRİ dəmir sərhədlərlə qorunurdu. Ərazisinə radio dalğaları belə buraxılmırdı. Gəmi boğaza girəndə hər yanı duman tutur, tale İstanbulu uzaqdan görmək sevincini də Nazim Hikmətə çox görür.

Böyük şəxsiyyətlərdə həmişə insanı mütəəssir edən belə adi nüanslar olur.

Ömrünün son illərini Türkiyə həsrəti ilə yaşadı. Bu həsrəti ovutmaq üçün imkan tapan kimi Bakıya gəlirdi. O dövrün Azərbaycanında bütün məşhur qələm adamları ilə dost idi. Hamı Nazimi sevirdi. SSRİ-yə biryolluq gəlişindən sonra ilk kitabı da Bakıda çap olundu: “Günəşi içənlərin türküsü”. Onun Bakıya, Xəzər dənizinə, Azərbaycandan olan dostlarına çoxlu şeirləri var.

Nazim Hikmətin də çox sevdiyi Füzulinin məşhur bir beyti var:

Edəmən tərk, Füzuli, səri-kuyi-yarın

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim

Təhlilçilərin fikrincə, şeirdəki birinci vətən – ruhlar aləmi, ikinci vətən – ana bətni, üçüncü vətən – yer üzü, dördüncü vətən – axirətdir.

Nazim Hikmətdə isə bircə vətən vardı və ömrü boyu onun başına pərvanə kimi fırlanırdı. Bu da onun doğma Türkiyəsi idi. Azərbaycanı sadəcə qardaş vətən kimi sevirdi. Türkiyəyə bənzədiyi üçün sevirdi. 

2002-ci ildə Nazim Hikmətin 100 illiyi YUNESKO səviyyəsində qeyd olunanda bütün Türkiyənin dərgi və saytları onun şeirləri, fotoları və haqqında yazılanlarla dolu idi. Lakin hələ də Türkiyə vətəndaşlığı qaytarılmamışdı. Nazimin vətəndaşlığının geri qayıtması üçün o zamankı Türkiyə rəhbərliyinə müraciət edənlər içərisində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da vardı. Amma bu, dünyanın, eləcə də Azərbaycanın müraciət edən-etməyən yüzlərlə şair və yazıçısının arzusu idi. Bu arzu 9 il sonra gerçəkləşdi. Nazim Hikmətə Türkiyə vətəndaşlığı geri verildi.

2014-cü ildə isə Boğaziçi Universitetində Nazim Hikmətin adını daşıyan Kültür və Sənət Araşdırma Mərkəzi açıldı. Qardaş ölkədə Nazim Hikmət Vəqfi də fəaliyyət göstərir.

İyunun 3-ü böyük ustadın anım günüdür. Bu il isə onun anadan olmasının 120 illiyidir. Artıq böyük tədbirlər üçün türk mətbuatında anonslar verilməyə başlayıb.

Nazim Hikmət həsrət və ağrı dolu şeirlərinə baxmayaraq çox həyatsevər şair idi. Ən çətin anlarında belə işığını və nikbinliyini itirməyən şeirləri insanlığın əbədi yol yoldaşıdır. Dünyanın 60-a qədər aparıcı dilinə tərcümə edilməsi onu həm də əksər dünya oxucularının sevimlisinə çevirib. Ruhu şad olsun. 

Şərif AĞAYAR