10.10.2024, 14:24
AZ EN
01.10.2024, 12:00

Aşıq Ələsgərin abidəsi

Şərif AĞAYAR

  • Payız vaxtı dağları görəndə hər dəfə Aşıq Ələsgəri xatırlayıram. Daha doğrusu, onun məşhur dağlar şeirindəki payızla bağlı detalları.

Əslində, payız gözəl fəsildir. Xüsusən dağlarda. Təbiət elə bir rəngə düşür ki, deyirsən Səttar Bəhlulzadənin fırçasından çıxıb. Meşələr həm saralır, həm qızarır, həm də orda-burda yaşıl yarpaqlar gözə dəyir. Dağların ətəyində ala-tala güzdək otu bitir. Sanki yaz təzədən qayıtmaq istəyir, amma möcüzəvi bir güc buna imkan vermir. Havalar soyuyur, yarpaqlar üşüyür, otlar, tumurcuqlar baş qaldırmağa qorxur.

Əslində bu, obrazlı ifadə deyil. Doğrudan belədir. Əgər şaxtalar özünü çatdırmasa hər yanı yaşıllıq bürüyər. Bəzən qış gecikəndə bürüyür də. Adam lap valeh olur.

Payızda bulaqların dadı da dəyişir.

Elə bil suya meyvələrin ətri qarışır. 

Güz qədim türkcədə payız deməkdir. Tərəkəmələrin indi də sevə-sevə işlətdiyi “güzdək” sözü buradan yaranıb. Onlar təkcə payız otuna deyil, payız vaxtı düşdükləri binəyə də güzdək, yəni payızlıq deyirlər. Havalar soyuduqca qış yataqlarına köç başlayır. Çünki şaxtaları güzdəkdə qarşılamaq qorxuludur.

Payız həm də bol-bərəkət fəslidir.

İnsanlar yaz və yay uzunu qış məhsullarını yavaş-yavaş yığıb payızda bitirirlər. Taxıl və ot da biçilib qurtarır, üzüm də yığılır, əksər meyvələr də həmin vaxt yetişir.

Dağlarda toyların çoxunu payızda edirdilər. Bunun iki səbəbi vardı. Birincisi, camaat yaylaqdan kəndə qayıdırdı. İkincisi, bolluq olurdu. O vaxt bütün fəsillərdə bütün bitki və meyvələr tapa bilməzdin. İndiki modern parniklər və gen mühəndisliyi kəşf olunmamışdı hələ.

Xalq arasında payızı “toylar fəsli” kimi tanıyırdılar.

Bəs belədirsə, el sənətkarı payızın gəlişindən niyə bu qədər kədərlənir, qayğılanırdı?

Çünki qarşıdan qanlı qış gəlirdi.
İnsan payız ölə, yazda dirilə,
Zimistanda boran-qarı çəkməyə...

İndiki şəhər gəncliyinə qəribə gələ bilər, lakin qış o vaxtın işıqsız, qazsız və yolsuz dağ kəndlərinə əsl cəhənnəmi yaşadırdı. Bəzən deyirlər, qışın da öz gözəlliyi var. Təbii ki, belədir. Lakin qışın sazaq vaxtı şəraitsiz dağ kəndində yaşayanda bu gözəlliyi görə bilmirsən. Qayğılar gözünü açmağa imkan vermir.

Həm də toylu-büsatlı, səsli-küylü yaylaqların birdən-birə boşalması adama sonsuz bir hüzn bəxş edir. Sanki dünya boşalır. Həsrət şahə qalxıb kişnəyir. Misralara baxın:
Hanı bu yaylaqda yaylayan ellər?
Görəndə gözümdən car olur sellər.
Seyr etmir köksündə türfə gözəllər,
Sancılmır buxağa güllərin, dağlar!

Nələr yoxdur bu bənddə: həsrət, hicran, təəssüf, obrazlı deyim, metafora, irfani çalar, estetik ecaz... Say-say bitməz.

Ümumiləşdirib yalnız bircə söz deyir və canımızı qurtarırıq: böyük sənətkarlıq!  

Yurd yerinin boş qalması klassik aşıq şeirimizdə həm də dünyanın faniliyinin bir işarəsi kimi götürülür. Amma burda gələcəyə – növbəti bahara ümid də var.

Sağlıq olsun, yenə görüşərik!

Son otuz ildə payızın gəlişi ilə insanların dağlardan cüda düşməsi mövzusu həm də qaçqınlığın, məcburi köçkünlüyün, didərginliyin simvoluna çevrildi.
Həsənənə, Həsənbaba qoşadı,
Xoşbulaq yaylağı bir tamaşadı,
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar.

 

Zəngəzurunu, Göyçəsini, Qarabağını itirən bir insan üçün bu misralardan gözəl məlhəm ola bilərdimi. Milyon dəfə eşitmişik, milyon dəfə oxumuşuq, milyon dəfə öz-özümə demişik, lakin yenə rastımıza çıxanda həm bizi kədərləndirir, həm də qəlbimizə nur çiləyir. İçimizdəki insanı kəşf edib ortaya çıxartdığı üçün dahi şairə minnətdarlıq edirik.

Ən qəribəsi, indi vətən həsrəti il yanıb-qovurulan insanların çoxu geri qayıdıb, ancaq bu misralar yenə öz sehrini itirmir. Çünki bir yox, bir neçə kontekstdə öz yerinə oturub. Poetik deyimlər belədir. Çoxmənalı və çoxyozumludur. Bədii düsturdur. İstənilən vəziyyətdə həqiqətə və reallığa uyğunlaşa bilir. Yaxşı şeirlərin uzun illər yaşama səbəbi də budur.

Payız Aşıq Ələsgər yaradıcılığında həm də ömrün qürubunun başlamasına bir işarədir. Hətta bu ovqat onda o qədər güclüdür ki, sonralar milli şeirimizdə “ömrün payızı” adlı ayrıca bir ifadə formalaşdı. Sinnin bu vədəsi nə qocalıqdır, nə gənclik. Ömrün günortadan sonrası, qürubdan əvvəlidir. Gənclik günəşinin ən uca nöqtədən üfüqə doğru sallanışıdır.

Belə bir payız fəslində Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimi, mənə görə, təsadüf deyil. Doğrudur, qarşıdan qış gəlir, lakin indi o zaman deyil, biz payız ölüb, yazda dirilmək istəmirik, bütün fəsillər kimi qışı da doya-doya yaşamaq istəyirik.

Ustadın abidəsinin üstündən ağ örtük götürülən kimi sosial şəbəkələrdə bir bayram ovqatı yaşandı. Adamların bəzisi heykəli başqa cür təsəvvür etdiyini yazdı. Şəxsən mən bu fakta çox sevindim. Çünki Aşıq Ələsgər insanların qəlbində yenə yaşayır. Ona bəslənən sevgi zərrəcə azalmayıb. Heykəllə bağlı polemik fikirlər hər kəsin qəlbində, düşüncəsində bir Ələsgər abidəsi ucaldığının göstəricisidir. Narahatlıq da bu abidənin real həyatdakı ilə üst-üstə düşməməsidir. Əminəm, hərə bir heykəltəraş olub könlündəki Ələsgəri daşların dili ilə ifadə etsəydi, heç biri o birinə bənzəməzdi. Amma həm də köklü fərqlənməzdi. Hamısında uca dağlara xas bir qüdrət, bir əzəmət cilvələnəcəkdi.

Azərbaycan dilini qəlbən duyan istənilən insanın qəlbində bir Ələsgər var. Əsas məsələ bu obrazın necəliyi deyil, onun mövcudluğudur. Ələsgər bizi birləşdirir, bütövləşdirir və bizə bir xalq kimi, bir millət kimi şəxsiyyət vəsiqəsi verib mənəvi mövcudluğumuzu təsdiqləyir.

Ölkə başçısının açılış mərasimində qeyd etdiyi kimi, Aşıq Ələsgər həm də Qərbi Azərbaycanda kimlərin yaşadığına, o gözəl torpaqların tarixən kimə məxsus olduğuna canlı sübutdur. Və əlbəttə Ələsgərlə bağlı ən gözəl arzu da ölkə başçısından gəldi: Göyçədə də belə bir abidə ucaltmaq... Ən sevindiricisi məqam isə buna inanıb əmin olduğunu bildirməsi idi.

Əslində, Göyçədə vardı belə bir abidə. Düşmən yerlə yeksan etdi. Azərbaycana məxsus izləri o yerlərdən silmək istədi. Ancaq başa düşmədi ki, Ələsgər kimi sənətkarlara ən nəhəng müstəbidlərin belə gücü çatmayıb. Çünki könüllərdə ucalan abidəni heç kim uçura bilməz. Ustadın öz sözləri ilə desək:
Qüdrətdən ucalan zülümlə enməz,
Haqdan yanan çıraq bad ilə sönməz...

Ələsgər sevgisi könüllərdə haqqın işığını yandırıb, elə bu səbəbdən abidəsinin ən böyüyü də könüllərdə ucalıb.

Könüllərdə ucalan abidələr əbədidir.