Bu gün 19 sentyabr – Antiterror Əməliyyatının ildönümüdür
Əslində, çox kiçik bir ərazidir. Yaxşı cavanlar Ağdamdan Şuşaya uzağı yarım saata qalxırdılar. Səhər Şuşa xəngəli yeməyə gedib, nahar başlamamış evə dönürdülər. Vaxtın çoxunu dolamalar aparır. İstər-istəməz maşının qazından alırsan. İllah da yönü yoxuşasansa...
İndi bir az da Ağdam-Əsgəran arasındakı narahat yol yubadır səni. Hər yer asfalt ola uzağı bir saata Laçında – Həkərinin qırağındasan. Bir az diribaş tərpənsən, özünə pürrəngi çay da sifariş verərsən...
Otuz dəqiqəlik yol otuz il uzandı amma. Biz heç cür, heç cür bu məsafəni qət edə bilmədik. Əlimiz hər yerdən üzüldü. Əvvəl əlimiz üzüldü, sonra ümidimiz.
Biz say-hesabımızı tuturduq, Tanrının isə öz hesab-kitabı vardı.
Gün gəldi... Günlərin ən böyüyü gəldi... Əvvəl 44 günlük savaş... Dalınca bir il öncə, təqvimin bu günü cəmi 23 saata keçirilən antiterror əməliyyatı...
Nəticə – Ağdam-Əsgəran yolu Laçına gedirik!
Çox çəkməz Xankəndinin altından keçib Şuşaya dikləşəcəyik.
Bu yolun həsrətini çox çəkmişəm...
Xəyallarımda çox keçmişəm burdan.
Azərbaycanın müxtəlif bölgələrində bənzərini axtarmışam. Gah Ağsudan Şamaxıya, gah Xanlardan Hacıkəndə, gah Gəncədən Daşkəsənə qalxan yolda...
Təkcə adamlar deyil, yollar da bir-birinə bənzəyir.
Təkcə adamların deyil, yolların da taleyi olur.
Ağdam-Şuşa yolunun yazısı belə yazılmışdı. Ancaq min şükür, axırı yaxşı gəldi. Atalar necə deyirdi? Əvvəlin gəlincə axırın gəlsin.
Alın yazısına çoxumuz inanırıq, ancaq gələcəyi dəyişmək mümkündür. Hətta keçmişi də. Bunu anlamaq üçün Kvant fizikasına baş vurmağa ehtiyac yoxdur. Mötəbər hadisələrlə keçmişin dəyişdiyini asanlıqla görə bilirik.
Qol özünəqədərki oyun performansına təsir etdiyi kimi Qələbə də özünəqədərki hadisələr zəncirini dəyişir, onu mənalandırır. Qələbəyə aparan müvəqqəti məğlubiyyət də prosesin bir halqası kimi görünür. Qələbə məğlubiyyəti də işıqlandıra bilir. Oxuduqlarına, eşitdiklərinə, gördüklərinə inanmırsan. Necə mən Ağdam yolu ilə Laçına getdiyimə inanmıram.
İlahi, doğrudanmı bu bir gerçəklikdir?
Doğrudanmı mən yuxu görmürəm?
Nə yaxşı Ağdamın xarabalığını əvvəl bir dəfə görmüşəm. Yoxsa belə rahat baxa bilməzdim. Həm də torpaqların azad edilməsi fonunda ev-eşiyin dağılması böyük dərd kimi gəlmir mənə. Dağılıb, yenə tikərik. Pul bizdə, bir də ingilisdə.
Əsas odur bayrağımız dalğalanır bu yerlərdə.
Əsas odur öz şəxsi maşınımıza oturub Qarabağın istənilən nöqtəsinə tam təhlükəsiz gedə bilirik.
Əsas odur Azərbaycan Respublikasına aid hər yerdə bizi üçrəngli bayraq qarşılayır.
Qarqar yoxuşa dikləşirəm. Əsgəran qalası arxada qalır. Xocalı yazılmış lövhə qəfil çıxır qabağıma. Psixoloji hazır deyiləm. Xocalını yoldan bir az kənarda – kolsuz, ağacsız düzənlikdə təsəvvür etmişəm. Sən demə kənar deyilən heç nə yoxmuş. Sağ yolüstü yamaclar, sol Qarqar çayı. Xocalı dediyin şəhər çayla yolun arasında nazilib uzanan ağaclar və evlərmiş. Amma yox, bu ağaclıq sonradan yaranıb. Evlər düşməndən qaçmaq üçün ağacların arxasında gizlənib. Dağıtmayıblar buraları. Özlərininki biliblər. O boyda faciənin unudulacağını düşünüblər. Görün bizi nə qədər bivec sayıblar. Adamın heysiyyətinə toxunur. Yumruğunu sıxıb dişlərini qıcayırsan. Bir yandan da düşmənin bu sadəlövh əminliyinə sevinirsən.
Qarşı tərəfi düzgün qiymətləndirə bilməmək məğlubiyyətin ilk şərtidir.
Dostum, vaxtı ilə eyni köçkün qəsəbəsində yaşadığım, haqqında bir neçə dəfə yazı yazdığım Tofiqi xatırlayıram... Tofiq Əzimovu... On dörd yaşında Xocalıdan didərgin düşən, o qanlı fevral gecəsi hər iki valideynini itirən Tofiqi...
Diribaş tərpənib, qarqar yenişə Ağdamacan qaçıb. Uzaq deyil, doğrudur, lakin qışın qış günü on dörd yaşlı bir uşağın qət edəcəyi qədər yaxın da deyil.
Tofiqin söhbətlərində bir detal yaddaşımdan heç vaxt silinməyəcək. Deyir, bir kəndə çatdım, əldən düşmüşdüm, dedim, erməni kəndi də olsa özümü göstərəcəm, nə ol-ola, malı örüşə çıxaran bir kişi yaxınlaşdı mənə, danışırdı, səsini eşitmirdim, mənə elə gəldi kişinin səsi batıb, sən demə mənim qulaqlarım güllə-borandan tutulubmuş...
Mənə görə dünyanın ən kədərli müharibə səhnəsidir bu.
İndi Tofiq Xocalıya köçüb. Burada işləyir. Görəsən, evləri haradadır? Bəlkə gördüyüm bu bağlı-bağatlı evdir? Bəlkə, yaşayış binasına köçüb. Gərək bir gün zəng gedib hal-əhval tutam.
Bilirəm, yaraları sağalıb.
Bir detal da məni təəccübləndirir: Xocalı coğrafi baxımdan necə təhlükəli yerdə imiş. O yan Xankəndi, bu yan Əsgəran, qaçmağa bircə yer qalır: Qarqarın o üzündəki dağlar... Adamlar da ora qaçıb, lakin düşmən dəstələri pusqu quraraq onları mərmilərlə qarşılayıb. Bir yandan da qışın sərt soyuğu-sazağı... Allah göstərməsin. Allah bir də heç kimə bu müsibəti yaşatmasın.
Böyük Azərbaycanlı, Şuşanın general-qubaernatoru Xosrov bəy Sultanov erməni silahlı birləşmələrini Zəngəzur, Qarabağ və Göyçə istiqamətində darmadağın edəndən sonra Ağdamdan Şuşayacan hərbi parad keçirmişdi. Ötən il Azərbaycan hökuməti öz sələfinin böyük ənənəsini davam etdirdi – Xankəndində qələbə paradı keçirdi.
Bu tarix qarşısında ləyaqətli hesabatlarımızdan biri idi.
Və bu paradla da ölkəmizin beynəlxalq qanunvericilik tərəfindən qəbul olunan ərazi bütövlüyü tam təmin olundu. Biz kiminsə torpağına göz dikmədik, kiminsə evini yağmalamadıq, öz ölkəmizin ərazilərini, öz ev-eşiyimizi dünya standartlarına uyğun hərbi əməliyyatlarla geri qaytardıq. Qarabağda da kin-küdurətlə, tarixi düşmənçiliklərlə deyil, sevgi və humanizmlə yaşamaq istəyirik.
Rusiyada yaşayan yazıçı dostum Adil Quliyev bu yay Qarabağa səfər təəssüratları ilə real faktlara əsaslanan bir hekayə yazıb. Hekayədə Xocalıya daha çox yer verilib. Adil müəllim Abbasəli kişi adlı şəhər sakinin qonağı olub və otuz il sonra qovuşduğu evinin hasarında ermənilər əkdiyi qovaq ağaclarını ona göstərib soruşub: “Düzünü de, heç bu ağacları kəsmək istəmisən?”
Abbasəli kişinin cavabı azərbaycan xalqının müharibəyə, vətənə, insanlığa münasibətinin tipik örnəyidir: “Əlim gəlməz elə şey eləyəm. Ağacların nə günahı var?”
Və yazıçı davam edib yazır ki, ermənilər onların əkdiyi ağaclara belə qıymayan bu insanın həyat yoldaşını və oğlunu öldürmüşdülər...
Bəli, qələbə yaraları sağaldır, lakin o yaraların sızıltısı bir ömür insanın yaddaşından silinmir.