Məktəb zamanı gəldi,
Dur yaraşıqlı, oğlum!
Ömrümüzün ən şirin çağları bu misralarla başlayır. Mən Laçında – doğma kəndimizdə hər il sentyabrda bu şeiri atamın dilindən eşidərdim. Sonra öz övladıma dedim. Lakin mən deyəndə Laçın da yox idi, Qarabağ da.
Böyük Mirzə Ələkbər Sabir bu şeiri Azərbaycan uşaqlarının oxuması, təhsil alması arzusu ilə yazmışdı. Onları at çapmağa, it boğuşdurmağa, aşıq-aşıq oynamağa yox, məktəbə səsləmişdi. O bu misraları yazanda heç ağlına gəlməzdi ki, nə vaxtsa Azərbaycan müstəqilliyini qazanar və bu qazancın bədəli kimi torpaqlarının xeyli hissəsi düz otuz ilə yaxın işğal altında qalar.
Və mənim də ağlıma gəlməzdi ki, bir gün bu misraları işğaldan azad olunmuş Qarabağ və Zəngəzur torpaqlarında inşa və bərpa edilən məktəblərdə oxumağa hazırlaşan uşaqlarımız üçün yazaram.
Mətbuatdan oxuyuruq:
Qarabağ Universiteti 1200 nəfər tələbə, 150 nəfər pedaqoji və inzibati kollektivlə yeni tədris ilinə başlayır.
Laçın şəhər 2 saylı orta məktəbində bu il 150 şagird oxuyacaq. Ümumilikdə 500 nəfərlik bina uşaqların yolunu gözləyir.
Zabuxda 176 nəfərlik yüksək standartlı orta məktəb fəaliyyətdədir.
Şuşa şəhəri 1 saylı orta məktəbi isə 960 yerlik əzəmətli binası ilə məktəblilərin üzünə açıqdır...
Bütün bu məktəblərin hamısı ölkənin ən yüksək səviyyəli tədris ocaqlarındandır.
Gələn ildən etibarən bu qayğının böyük bəhrəsini görəcəyik.
Məktəb bir xalqın tale yüklü məkanıdır. Yaxşı xatırlayıram, Qarabağdan azərbaycanlıların köçürülməsi ozamankı pedaqoji universitetin Azərbaycan sektorunun Xankəndidən çıxarılması ilə başladı. Ermənilər bizi öz yurdumuzdan ayrı salandan sonra oradakı erməni sektorunu süni şəkildə böyüdüb qondarma “Arsax Universiteti” yaratdılar. O vaxt məsələ qaldırıldı ki, Xankəndidən gələn Azərbaycan sektorunu da Qarabağ Universiteti adlandırsınlar. Lakin ağır 90-cı illərdə bunun üçün baza yox idi. Xankəndi institutunu Şuşa filialı kimi N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirdilər.
Bir müddət Şuşada fəaliyyət göstərdi, Şuşa işğal ediləndən sonra isə Ağcabədiyə gəldi.
Mən özüm bu filialın məzunuyam.
Antiterror əməliyyatının keçirilməsi ilə ölkəmizin suverenliyi tam bərpa olundu və Xankəndidə Azərbaycan bayrağı qaldırıldı. Bundan sonra düşündük ki, indi N.Tusi adına ADPU-nun Ağcabədi filialı adlanan məktəb öz ünvanına qayıdacaq. Lakin ölkə başçısı həmişəki kimi gözlənilməz və daha ciddi addımı atdı: müvafiq sərəncamla Qarabağ Universitetini yaratdı, bir müddət sonra isə universitet üçün 10 milyon manat vəsait ayırdı.
Bina tezliklə restavrasiya olunaraq tələbələrin ixtiyarına verildi.
Artıq tədrisə başlamağa hazırdır.
Hətta universitetin tarixini və müasir məlumatlarını əks etdirən yığcam vikipediya səhifəsi də hazırlanıb. Guglda “Qarabağ Universiteti” yazmaqla bu səhifəni rahatca ziyarət etmək olar.
Səhifədən oxuyuruq:
“1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə fəaliyyətini dayandırmışdır.
2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdi. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verilmişdi. Yeni yaradılmış Qarabağ Universitetində dərslərin 2024-cü ilin 15 sentyabr tarixindən başlanması nəzərdə tutulur.
20 may 2024-cü il tarixində Şahin Bayramov universitetin rektoru təyin olunub. Onun qərarına əsasən Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunmuşdur”.
Ümumilikdə universitetdə 6 fakültə, 20-dən artıq ixtisas vardır.
...2022-ci ilin yayında Şuşa Dövlət Dram Teatrı ilə birlikdə Şuşaya getmişdik. Onda hələ antiterror əməliyyatı keçirilməmişdi, Xankəndi və ətrafında qanunsuz erməni silahlı birləşmələri qalırdı. Belə bir şəraitdə Şuşada bir dəstə uşaq gördüm. Elə bildim, valideynləri ilə ziyarətə gəliblər. Lakin maraqlanıb burada yaşadıqlarını öyrəndim. Nədənsə bu fakt məni Qarabağa qayıtdığımıza hər şeydən artıq inandırdı.
Və indi o uşaqlar Şuşada, Laçında, Xankəndidə məktəbə gedirsə, demək, işğal faktı xatirələrdə də tarixə qovuşur.
Məktəbdən gələn uşaq səs-küyü dövlət himni qədər müqəddəsdir.
Qarabağda və Zəngəzurda oxumaq ən böyük məziyyət sayılıb. Bizim kəndimizdə yaxşı oxuyan şagird gələndə ağsaqqallar ayağa qalxırdılar. Savadlı tələbə isə hamının gözünün işığı idi.
Yaxşı kişiləri yalnız iki məsələ düşündürürdü: ev tikmək və övladlarını oxutdurmaq!
Çoban da, müəllim də, sürücü də, hətta əyri işlərlə başını girələyən insanlar da imkanlaşdırıb övladını oxudurdu. Doğrudur, sovet dövrünün reallıqları bəzən savadsız insanlara da diplom qazandırırdı, lakin oxuyanların əksəriyyəti savadlı gənclər idi.
Mən orta məktəbi 1991-ci ildə Laçın şəhərindən 60 km şimalda – Dəlidağın ətəyində yerləşən ən ucqar Ağbulaq kəndində bitirmişəm. O vaxt bizdə xarici dil keçilmirdi. Bu səbəbdən Bakıda oxumaq üçün sənəd verə bilmədim. Başqa şəhərlərdə isə özüm oxumaq istəmədim. Orta məktəbə tez getdiyim üçün hələ əsgərlik yaşım tamam deyildi. Bir il fasilə verib növbəti ilə hazırlaşmalı oldum.
1992-ci ildə məlum hadisələr baş verdi və biz Ağcabədiyə köçkün düşdük. Belə bir ağır vəziyyətdə universitetə sənəd verdim və bəxtimdən Azərbaycanda ilk test tətbiq olundu. Mən Laçının ucqar kəndində aldığım təhsillə, bir il fasilədən (keçən bir il ərzində nəinki hazırlaşmağa, heç yaşamağa şəraitimiz yox idi) sonra testdə dil-ədəbiyyata aid 25 sualın hamısını düzgün yazmışdım.
Əlbəttə, bunu yazmaqda məqsədim özümü tərifləmək deyil, ucqar bir dağ kəndindəki təhsilin effektivliyini diqqətə çatdırmaqdır.
İndi siz hər qarışında bir dahi yetişən Şuşanı təsəvvür edin...
Xalq həmin xalq, potensial həmin potensialdır. Biz Qarabağı öz gözəl təbiətinə layiq qurub-yaratmaqla yanaşı bu cənnət diyarı həm də Qafqaz elminin “Silikon vadisi”nə çevirə bilərik.
Və buna nail olacağımıza ürəkdən inanıram.