13.09.2024, 02:52
AZ EN
21.08.2024, 10:00

Göyçənin şair oğlu: İsmixan Didərgin

Şərif AĞAYAR

  • Bir var söz cinas kimi işlənsin, yəni yazılışca eyni, mənaca başqa olsun. Bunun üçün, təbii, sözü ən azı iki misrada işlətməlisən. Lap cinas bir misrada da olsa, söz hər mənada bir dəfə işlənməlidir. Lakin elə misralar var ki, söz bir dəfə işlənməklə iki məna verə bilir. Klassik şeirimizdə belə nümunələr çoxdur. Lakin mən çağdaş şairlərimizdən biri Salam Sarvandan misal çəkmək istəyirəm:
     

Başımla döyürəm qapını SEVDA,
Nə evdən çıxırsan, nə də başımdan.


Evdən çıxmayan Sevda adlı qadın, başdan çıxmayan isə eşq sevdasıdır...   

Bu fəndə özlüyümdə “Bir misralıq cinas” adlandırıram.

Lakin hələ masterlik bununla bitmir. Elə şairlər də olur ki, bir sözün canından nəinki fərqli mənalar, hətta əks mənalar çıxara bilir. Yəni söz təklikdə daşıdığı mənanın tərsini ifadə edir.

Füzulinin aşağıdakı beytinə diqqət edək:

Bilməz idim, bilmək ağzın sirrini düşvar imiş,
Ağzını derlərdi yox, dediklərincə var imiş.


Deyir, ağzın sirrinin, yəni sözün çətin (düşvar) olduğunu bilməzdim, o vaxt deyirdilər sənin ağzın yoxdur, doğrudan da elə imiş.

Ağız əslində maddi olaraq mövcud deyil. O, əsasən boşluqdan ibarətdir. Yəni bir insanın ağzını tibbi əməliyyatla çıxarmaq və ya dəyişmək olmur. Ağız maddi mövcud olmadığı üçün oradan zühura gələn söz də maddi deyil. Amma mənası var, insanlara, cəmiyyətə təsir edə, müharibələr sala, sülh yarada bilir. Buna görə sözə ağzın sirri (sirri-dəhan) deyirlər

Deyirdilər, ağzın YOXdur, necə deyirlərsə, elə o cür də VAR.

Var sözü burada Yoxun sinonimi kimi işlənir – özünün əks mənasını verir.

Eyni zamanda “ağzın sirri” ifadəsi həm yuxarıdakı izaha, həm də sözə işarə vurur.

Aşıq Əlsəgərdən bir örnəyə baxaq:

Neçə sirr gördümsə sirr qaldım aşkar,
Səxavət əhlini yandırmadı nar.


Meracın təsvirini verən bu qoşmada şair səxavət əhlini cəhənnəm odunun yandırmamasına heyrət edir və bu ona çox sirli görünür. Ancaq o da sələfi kimi yeddi bulağın arxını bir dərəyə axıdır: burada da aşkar sözü özünün əks mənasında işlənir. İlk baxışdan, “sirlərim aşkar oldu” deyir, lakin elə desə, adi bir şair olardı. Deyir, sirr qalmağım aşkar oldu. Yəni o aşkar olundu ki, mən sirrəm. Aşkar sözü burada öz ilkin məfhumundan qopub “sirr qalmaq” mənasına xidmət edir, onun sinoniminə, özünün antoniminə çevrilir.

Sonrakı zamanlarda analoji nümunəyə həmişə diqqət eləmişəm və yalnız Ələsgər ocağının yetirməsi İsmixan Didərgində görmüşəm:

 

İsmixanam, yönüm düşdü yad elə,
Nələr etdin, eləməzdi yad elə.

Mən aşığam, yad elə,
Yad ölkəyə, yad elə.
Dedim, mənə sirdaş ol,
Sağlığımda yad elə.

Mən öləndə yaddan çıxart, yad elə,
Nə ağla, nə axtar, nə də ara məni

 

Şair fikrini bir misraya sığışdırmasa da, “yad elə” feilinin əks mənasına (yada salmaq və unutmaq) çox asanlıqla, çox ustalıqla və heç gözlənilmədən nail olub.

Düzdür, İsmixan Didərgin “Bir misralıq cinas” fəndindən istifadə etmir. lakin Füzulidə və Aşıq Ələsgərdə olmayan başqa bir fənd işlədir: əks mənanı yazılışca və deyilişcə eyni olan sözdən çıxarır. Yəni bir ifadə eyni anda həm omonim, həm antonim kimi işlənir. Başqa sözlə əks mənalı cinas yaradılır.

İndiyədək belə bir istedadlı şairin az tanınmasına təəccüb eləmişəm.

İsmixan müəllim inanılmaz söz sənətkarlığı ilə yanaşı həm də ciddi sosial məzmuna malik yaradıcılığı ilə diqqət çəkir. Qeyd etdiyim kimi, Göyçəlidir. Ağkilsə kəndindəndir.

1933-cü ildə bu cənnət diyarda – Aşıq Ələsgərin qardaşının, Növrəs İmanın bacısının ailəsində dünyaya gəlib.

Orta məktəbi Ağkilsə və Zod kəndlərində oxuyub.

Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

Beş ilə qədər Basarkeçər rayonununda çıxan "Bolluq uğrunda" qəzetində fəaliyyət göstərib.

Jurnalist fəaliyyətindən sonra Göyçə dağılana qədər Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib.

O, əvvəllər İsmixan Məmmədov, İsmixan Göyçəli kimi tanınırdı. İmzası Azərbaycanda o qədər geniş yayılmaza da şeirləri aşıqların dilinin əzbəri olub. Hətta elə arasında belə bir söz yayılıb ki, İsmixan müəllimdən bilməyən aşığı məclisə buraxmaq doğru deyil.  

Azərbaycanlılar Göyçədən köçürüləndə İsmixan müəllim özünə Didərgin təxəllüsünü götürdü və bu imza ilə yazıb-yaratmağa başladı.

Onun təkcə adı yox, taleyi də, şeirlərinin mövzusu da dəyişdi.

Gəncəyə qaçqın gələn şair buranın isti havasına uyğunlaşa bilmədiyi üçün ağır külfəti ilə birlikdə (səkkiz övladı vardı) Daşkəsən rayonunun Bayan kəndinə köçür və dünyasını dəyişənə qədər burada yaşayır.

Əslində, buna yaşamaq demək olmazdı. Xalq arasında qüruru, əyilməzliyi ilə tanınan, hətta buna görə qarşısına çoxlu əngəllər çıxan İsmixan müəllim qaçqınlıq illərində əlacsız. kövrək, qəlbi yuxa bir qocaya çevrilmişdi. Qaçqınlıq onu ahıl yaşında yaxalamış, saçlarının ağını artırmışdı.

Qaçqın kimi cəmi beş-altı il yaşaya bildi. Halbuki maddi vəziyyəti o zamana görə heç də pis deyildi, Bayan kəndinin havası və təbiəti də gözəl idi. Yəni onu incidən yalnız Göyçədən sonra heç bir yerə könül bağlaya bilməməsi idi. Bunu şairin şeirlərində də qabarıq şəkildə müşahidə etmək mümkündür.

İsmixan Didərgini Aşıq Ələsgərdən və Növrəs İmandan sonra bu ocağın ən güclü şairi hesab edirlər.

1992-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görən “Ayırdılar qucağından Göyçənin” kitabına tanınmış şair Məmməd Aslanın yazdığı ön sözdə deyilir:

“...İsmixan haqqında bu vurnuxmalı siftəliyim də xalqımıza üz vermiş ellik kədərdən. Kədərdən yox, doğrusu, ellik fəlakətimizdən belə düyün düşdü boğazımıza. Yasa gedəndə çox vaxt bir söz tapıb deyə bilmədiyimizdən eləcə gözümüzü döyüb susuruq. Təsəllisiz dərdlər var. Göyçə bizim təsəllisiz dərdimizdir. Bu yerlər dünyamızın əvvəllərindən bizim olub; bu silsilə dağlar, bu gözyaşı kimi dupduru Göyçə gölü bizim nəfəsimizlə isinib. Göyçə Aşıq məktəbi dediyimiz sənətyönlü bölgümüz ruhumuzun söz gözəllikləri fışqırdığı yurdumuzun adını bütün Şərqdə məşhur etmişdir...”

Bəli İsmixan kimi şairlər təkcə ocaqdan, ailədən deyil, həm də min illik ənənədən gəlir.  

Filologiya müəllimi olduğu üçün yaradıcılığı təkcə aşıq şeirinə xas janrlarla məhdudlaşmır. Aşağıdakı nümunədə bunu bir daha görmək mümkündür. 

Qış günü sovuşub gələndə bahar,
Göylər gah qımışıb, gah ağlayanda...
Dəyişib donunu tikanlı kollar,
Yağış çimdirəndə bizim yaylağı,
Dağ çayı dərədə layla çalanda,
Tovuz tamaşalı göyün qurşağı
Bu dağdan o dağa körpü salanda.
Gördün ki, üfüqdən yerə nur yağır,
Məni də harayla, məni də çağır!

Kəklik oxuyanda qaya başında,
Qartal qayalarda qıy vuran zaman;
Çadırlar ağarıb yalın qaşında,
Çoban tütək çalıb hay vuran zaman.
Həyat qaynayanda, aşıb-daşanda,
Quşlar gözəlliyə nəğmə qoşanda,
Utancaq qızların yanaqlarıtək
Gördün ki, qızarır döşdə çiyələk,
Uşaqlar qüzeydə göbələk yığır,
Məni də harayla, məni də çağır!

Lalələr torpağa boyun əyəndə,
Gördün ağ çiçəkdən qar yağıb döşə.
Sümbülün saçağı yerə dəyəndə,
Hər səhər dərəndə şehli bənövşə,
Yalın ayağını üşüdəndə şeh,
Saçını yalayıb, oxşayanda meh,
Gördün kimsə yoxdu həmən yerdəki
Biz çıxaran bulaq çağlayır, axır,
Bir sənsən, tənhalıq, bir də birdə ki,
Görüş yerimizə uzanır cığır,
Hay salıb aləmə məni də çağır!

Ellər axışanda tarlaya, düzə,
Birdən aranızda olmasam əgər;
Bir an iş yerində dəyməsəm gözə...
Məzarım üstünə gəlib hər səhər...
Bir sənsən, tənhalıq, bir də, birdə ki...
Ötən günlərimi soraqla bir-bir,
Ömür kitabını varaqla bir-bir...
Elin şad günündə, elin yasında,
Hər kəs gün görəndə öz komasında,
Çılığın bir ah çəkib, qışqırıb-bağır!
Bu gözəl aləmə məni də çağır,
Məni də harayla, məni də çağır!


Onun “Qurban olum”, “Mənim sizdə nəyim qaldı”, “Göyçə gölü” kimi bir silsilə şeirləri çox məşhurdur. Hətta bəlkə, müəllifindən də məşhur.

Füzuli deyirdi ki, sözə vaxtında can ver, gün gələr o da səni ölüm yuxusundan oyadar. Əsl şairlərin ölməzlik qazanmasının sirri budur. Sözə ruh verdikləri üçün ruhları o sözdə əbədi yaşayır. İsmixan müəllimin sözdə təkcə ruhu yox, həm də Göyçə dərdi, Göyçə nisgili yaşayır. Bu ruh əbədidir, lakin bu nisgilin əbədi olmayacağına ürəkdən inanırıq...