08.09.2024, 07:48
AZ EN
05.07.2024, 16:00

İpək tora halqa salmaq

Şərif AĞAYAR

Havaya baxıram, hava məğşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü.
Bir gün eşidərsiz Alı da köçdü,
Sındı telli sazı, təzanə qaldı...

Görəsən, yeni nəsil Xalq artisti Zeynəb Xanlarovanın ifasında dünyanı gəzib-dolaşan bu misraların müəllifini tanıyırmı? Məncə, kifayət qədər tanımır. Çünki Aşıq Alı istedadı və yazdıqları ilə müqayisədə o qədər məşhur deyil. Necə deyərlər, şeirləri özündən daha çox tanınır.

Halbuki adam doğrudan da böyük bir ustaddır. Elə yuxarıda zikr etdiyim qoşması bu sözləri demək üçün kifayətdir. Qoşmada belə unikal misralar da var:

Ölüm haqdır – çıxmaq olmur əmirdən,
İpək tora halqa salma dəmirdən...

Yazılı divan ədəbiyyatından aşıq yaradıcılığına keçən irfan konteksti burada öz dərin estetikasına uyğun elə gizli, elə ustadcasına ifadə olunub ki, adam heyrətlər içində qalır. Bildiyiniz kimi, irfan şeirlərində suffist-panteist düşüncənin təsiri ilə hər söz, hər misra Tanrını nişan verir, oxucunu gah gizli, gah aşkar yollarla ulu yaradana doğru yönəldir. Burada da belədir. Çıxmaq olmur əmirdən... Kimin əmrindən? Və bu necə əmirdir ki, çıxanda ipək tora dəmirdən halqa salmış olursan.

Misraların həm ortaçağ estetikasına uyğun, həm də zamanımıza uyğun unikal yozumunu vermək mümkündür.

Bu gün dünyada posthuman deyilən bir anlayış var. Bu termini postinsan kimi də işlədənlər vardır. İnsan sonrası, sonrakı insan mənalarına gələn bu anlayışın məğzi belədir: elm və texnika o qədər inkişaf edir, insan özünü taleyinin əlindən alır. Misal üçün, böyrəyi işləmir, dəyişir; qara ciyərində problem yaranır, yenisini köçürür; dişi tökülür, implant edir; ürəyinin damarları sıradan çıxır, stend qoydurur və s. Artıq insan təbiətin nəzərdə tutduğu vaxt dünyasını dəyişmir.

Posthuman öz alın yazısını pozub yenidən yazır!

Əlbəttə, bütün bunlar biokimya elminin indiyədək olmayan həddə inkişafının nəticəsidir. Biokimya, sadə izah etsək, süni yolla əldə edilənləri təbii yolla mövcud olanlara şamil edə bilməkdir. Gen mühəndisliyi – sıradan çıxan hüceyrənin təmiri və redaktəsi lazımı qədər inkişaf edəndə xərçəng xəstəliyinin də əlacı tapılacaqdır. İnsan məhv olmuş toxumaları süni yolla yenidən yarada biləcəkdir. Hazırda bəşəriyyət bu dəyərli kəşfin lap astanasındadır.

Biokimya ipək tora dəmirdən halqa salmaqdır. Elmin bu sahədəki yeniliyinin bundan daha gözəl poetik ifadəsi mümkün deyildir. Aşıq Alı özünəməxsus Şıx (Şeyx) uzaqgörənliyi ilə ölümün əlacının olmadığını, insanın öz taleyinin hökmündən çıxa bilmədiyini vurğulayaraq bunun əksini də təsəvvür etmiş olur. İstər-istəməz adamda məxsusi bir əqli nəticə yaranır: madam insan ipək (təbii-biologiya) tora dəmirdən (süni-kimya) halqa sala bilmədiyi üçün ölür, demək bunu bacarsa, ölümdən canını qurtara bilər...

Lakin misrada başqa bir sirr də gizlənib. Diqqətlə baxsanız, ustad ipək tora dəmirdən halqa salmaq olmaz söyləmir, bunu etmə deyir. Demək, mümkünlüyünü anlayır, lakin məsləhət görmür. Axı irfan əxlaqına görə insan qədərinə boyun əyməli, ona asi düşməməlidir, çünki Tanrı dərgahında – Ələst aləmində bu tale üçün peyman bağlamışdır...

Koronavirus pandemiyasının süni yarandıldığı iddiası hələ də ictimai kuluarlarla dolaşmaqdadır. əslində isə bu virusun biokimyəvi xüsusiyyəti vardır. Eyni zamanda pandemiya bir az da mistik səciyyə daşıyırdı. Bu səviyyədə inkişaf etmiş elm və texnika havadan yüngül bir yaradılışın əlində girinc qalmışdı. Və ən maraqlısı, koronavirus daha çox tibbin köməyi ilə ömrünün uzadan yaşlı insanları apardı. Sanki Tanrı taleyin çənbərindən çıxmış adamları onun içinə qaytarmaqla bəşəriyyətin “yanlış”ına düzəliş verdi.  

Tanrı ipək torun dəmir halqasını qoparıb atdı.

Aşıq Alının dediyi düz çıxdı.     

Əlbəttə, ustad sənətkarın digər qoşmalarında, xüsusən təcnislərində eyni ustalığı görürük. Təcnisi necə sənətkarlıqla yazırdısa, xalq arasında ona Təcnis Alı deyirdilər. Başqa bir ləqəbi isə Şeyxdir. Hətta bu ləqəb o qədər məşhurdur ki, bir zamanlar Azərbaycanda insanlara Şeyxalı adını qoyurdular. Belə adamlara Şıxalı da deyirdilər.

Azərbaycan ədəbiyyatı tarixində Şeyx ləqəbi ilə tanınan yalnız böyük Nizami olmuşdur. Alını da insanların eyni ladla mükafatlandırması, onun necə böyük bir şəxsiyyət olduğunun göstəricisidir.

Aşıq Alı Göyçə mahalının Qızılvəng kındində doğulub və elə orada da yaşayıb. O, göyçəli Aşıq Allahverdiyə şəyirdlik edib. Allahverdi albinos olduğu üçün ona Ağ Aşıq deyirdilər. Yaddaşlarda Aşıq Allahverdinin də bənzərsiz şeirləri qalmışdır. Təəssüf ki, nə onun, nə də şəyirdi Alının həyatı və yaradıcılığı lazımı qədər araşdırılmayıb. İnternet resurslarında da hər iki sənətkar haqqında material çox azdır.

Biz Aşıq Alını daha çox Aşıq Ələsgərin ustadı kimi tanıyırıq. Kitablarda ondan bu vəsilə ilə bəhs olunur. Ələsgərlə məşhur deyişməsi xatırlanır: Alı öz şəyirdini ucaltmaq məqsədi ilə özünü məğlub edib sazını ona verir, Ələsgər isə yüksək etika və mədəniyyətlə:

Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar-damar.

deyib sazı götürməkdən imtina edir.

Ələsgərin müasiri və ustadı olmaq şübhəsiz Aşıq Alının xoşbəxtliyidir. Lakin bu yazı-qismət Alını bir az da kölgədə qoyub, Ələsgər günəşinin şəfəqləri altında parlaqlığını azaldıb. Lakin unutmamalıyıq ki, Ələsgərin yetişməsində, poeziyamızın əfsanələrindən birinə çevrilməsində Aşıq Alının həm özünün, həm də yaradıcılığının danılmaz rolu vardır. Hətta çəkinmədən deyə bilərik: Alı olmasa, Ələsgər də olmazdı...

Aşıq Alı Miskin Abdaldan üzübəri Göyçəni xarakterizə edən əsas simalardan biridir. Göyçə aşıq məktəbinin əsas sütunlarındandır. Eyni zamanda Azərbaycan aşıq şeirinin barmaqla sayılan ən böyük nümayəndələrindəndir. Onun adı şəksiz Qurbani, Xəstə Qasım və Abbas Tufarqanlı ilə bir sırada çəkilir və çəkilməlidir. Bu sənətkarların hər biri Aşıq Ələsgərə aparan müqəddəs yoldur.

28 fevral 2011-ci ildə bu Aşıq Alının 210 illiyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi tərəfindən Heydər Əliyev Sarayında təntənə ilə qeyd edilib. Şair-folklorşünas İlham Qəhrəman şair-aşığın yaradıcılığını araşdıraraq şimallı-cənublu Azərbaycandan topladığı şeirlərindən ibarət “Nə qaldı” adlı kitab buraxıb.

Ümid edirik, bundan sonra Aşıq Alı irsi, ümumən Göyçə Aşıq məktəbi daha geniş müstəvidə araşdırılacaq, tədqiqat işlərinin ünvanına çevriləcək.

Aşıq Alı da şəyirdi Ələsgər kimi uzun, hətta ondan 5 yaş da artıq yaşayıb. O, 1911-ci ildə öz doğma kəndində 110 yaşında vəfat edib.

Həm də bu yaşı halal-hümmət, Tanrının verdiyi ömür kimi yaşayıb. 

Yəni ipək tora halqa salmadan...