12.12.2024, 17:12
AZ EN
24.06.2024, 09:06

Zəfər romanı

Şərif AĞAYAR

  • Dahi Alfred Hiçkok deyirdi ki, yaxşı film həyatdan montaj edilərək çıxarılan maraqlı hissələrdir. Təbii, belə bir dəqiq düsturu sənətin digər sahələrinə, o cümlədən ədəbiyyata da şamil etmək olar. Oxşar fikrə Dostoyevskidə də rast gəlirik: “Bəzən həyatı redaktə etmədən yazıya köçürmək lazım gəlir”. Deyəsən, işin çətini Hiçkok deyən “montaj parçaları”nı və Dostoyevski deyən “bəzən”ləri tapmaqdır.

Hər iki dahinin fikrində ortaq bir cəhət müşahidə edirik: həyat özü yaradır!

Yazıçı Adil Quliyevin “Xüsusi təyinatlı” romanı ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalından tutmuş 2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatına qədər gərgin hadisələrlə dolu geniş tarixi dövrdən “montaj edilərək” çıxarılan ən maraqlı hissələrdir. Bəzən hadisələri “redaktə etmədən” qələmə alıb. Başqa sözlə, həyatın öz əlləri ilə yazdığı bu romanı sadəcə nəsrin tələblərinə uyğun ipə-sapa düzüb.

Romanın baş qəhrəmanı Aslanın ailəsi Xocalı faciəsinin qurbanıdır. Onun atasını, anasını və qardaşını qaniçən terroristlər qətlə yetiriblər. Həm də Aslanın və babasının gözləri qarşısında... Bu qurbanlardan biri də Aslanın yaxın dostu, balaca Nərmin və onun anasıdır. Anası vurulan vaxt Nərmin xilas olmaq üçün meşə tərəfdə gizlənmiş Aslana və babasına tərəf qaçır. Aslan durub onu qarşılamaq istəyir, lakin babası qoymur. Çünki bu, Nərminlə birlikdə onların da faciəli ölümü demək olardı. Əslində, babası özündən çox Aslanı qorumaq üçün bu addımı atır. Lakin Aslan uşaqlıq və yeniyetmə yaşının çılğınlığı ilə babasını bağışlaya bilmir.

Ailəsinin və balaca dostunun ölümündə həm babasını, həm özünü günahkar bilir.

Lakin zaman keçdikcə o babasının müdrik addım atdığını anlayır: yerdə bir şahid qalmalıdır axı!

Ölənləri unutmamaq, onları öz xəyalında daim yaşatmaq üçün.   

Aslan valideynlərini də, qardaşını da, Nərmini də daim xatırlayır. Heç olmasa onların qətlə yetirildiyi torpaqları düşməndən azad etmək yanğısı ilə yaşayır. Bu müqəddəs arzu onu hərbi məktəbə gətirir, uğurla təhsil alır və xüsusi təyinatlı zabit kimi yetişir.

Qalanını hamımız bilirik. Əslində, elə əvvəlini də bilirdik. Axı hamımız şahidik bu hadisələrə. Sadəcə müəllif maraqlı faktlarla hadisələri detallaşdırıb. Eyni zamanda, bir ailənin timsalında ümumiləşdirib. Aslan kimdir? Əsl Azərbaycan gənci. Faciələrdən doğulan, lakin sınmayan, ayaqda dayanan bir gənc. O, unutqan deyil, yaxşı oxuyur və torpağını geri almaq iqtidarındadır. Hamının ümidsizləşdiyi, “bizdən Qarabağa qayıdan olmaz” dediyi vaxt öz cəbhə dostları ilə ayağa qalxıb 44 günlük Zəfər müharibəsinə atılır. Şuşayacan gedib çıxır. Bir dəfə yaralanır. Yarasının tez sağalmasını xəstəxanadan canını qurtarmaq üçün yox, cəbhə dostlarına qovuşmaq üçün arzulayır.      

Əvvəl Nərminin atasının başqası ilə evlənməsini bağışlamayan gənc Aslan çox keçmədən həyatın davam etdiyini anlayır. Ölənlə ölmür heç kim. Onun özü də yeni sevgi tapır. Lakin Nərmini unutmadan.

Toy isə...

Yalnız qələbədən sonra!   

Halbuki yaşlı baba tələsir.

O, Aslanın toyunu görmədən ölmək istəmir.

44 günlük Zəfər müharibəsindən sonra toy kandarda dayanır. Aslan döyüş dostlarını itirsə də, bu addımı atmağa məcburdur. Çünki buna onun şəhid olan dostları da sevinərdi. Lakin Vətən yenə çağırır. Antiterror əməliyyatı başlayır. Xüsusi təyinatlıların zabiti Aslan Bünyadov bu əməliyyatda da yaxından iştirak edir. Azərbaycanın suverenliyi tam təmin olunandan – Xankəndində üçrəngli Azərbaycan bayrağı qaldırılandan sonra özünə toy eləyir.

Roman toy səhnəsi ilə – bütün faciələrə rəğmən gələcəyə böyük inamla başa çatır.

Yaşlı baba qollarını aşıb oynayır.

Adil Quliyev Goranboy rayonunda doğulsa da, uzun müddətdir Sankt-Peterburq şəhərində yaşayır. Əsrlərini də rus dilində yazır. “Xüsusi təyinatlı” da ilk dəfə rus dilində “Karabax: dolqojdannoye vozvraşeniya” (Qarabağ: çoxdan gözlənilən qayıdış) adı ilə çap olunub. Bundan əvvəlki iki hekayələr kitabı da Rusiyada çıxıb. Onlar da dilimizə tərcümə edilərək Bakıda “Neft, bulaq və keçə çəkmələr” və “Qırmızı başmaqlar” adı ilə işıq üzü görüb.

“Xüsusi təyinatlı” romanı hər iki hekayələr kitabın məntiqi ardıcıllığı kimi doğuldu. Çünki bu kitablarda da, mövzusundan asılı olmayaraq, bir Azərbaycan nostaljisi, bir Azərbaycan həsrəti var. Hələ üstəlik Qarabağ kimi yaralı bir yanımız ola...   

Romanın çapında müəllif bir balaca çətinlik çəkdi. Sankt-Peterburq nəşriyyatları bu mövzuya girişməkdən ehtiyatlanırdılar. Yəqin onlar romanın millitar və millətçi bir əsər kimi etirazla qarşılanacağından ehtiyatlanır, bəlkə, bunu bəhanə gətirirdilər. Lakin Adil müəllim ən həssas məqamlarda belə yazıçı təmkinini itirməyib və xalqlar arasında düşmənçilik və nifaq toxumları səpən bircə cümlə də yazmayıb. Əksinə, ölkəmizin ərazisini könüllü tərk edən dinc ermənilərə əsgərlərimizin humanist münasibətini xüsusi vurğu altında – sülh və insanlıq mesajı verərək təqdim edib.

Və belə bir kitabın rusdilli ictimaiyyətə, xüsusən ruslara təqdim olunmasının xüsusi əhəmiyyəti vardır. Çünki əks və yalançı təbliğatın nəticəsi kimi qonşu xalqların içində Qarabağ hadisələrini obyektiv qiymətləndirməyi bacarmayanlar çoxdur. 

Romanın bir yüksək məziyyəti də budur ki, kosmopolitizm naminə tarixi hadisələrdə təhrifə yol vermir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu romanı oxuyandan sonra müəllifə açıq məktub yazıb. Nəşrin Azərbaycan dili versiyasında həmin məktub da tərcümə edilərək ön söz kimi verilib. Polad müəllim əsərin siyasi-diplomatik tərəflərini yüksək qiymətləndirməklə yanaşı, bir sənətkar kimi onun bədii məziyyətlərinə də laqeyd qalmayıb:

“Kitabın geniş oxucu kütləsi üçün maraqlı olacağına inanıram. Bunun üçün əsərdə lazım olan hər şey var: cəlbedici hadisə, taleyin zərbələrinə baxmayaraq öz məqsədlərinə çatan maraqlı və çoxşaxəli qəhrəmanlar və əlbəttə, süjet xəttində Azərbaycan xalqının çoxdan gözlənilən qələbəsi və zəfəri xüsusi yer tutur”.

Antiterror əməliyyatından sonra sosial şəbəkələrdə bir foto-kollaj görmüşdüm: qarda üzübəri gələn ayaqyalın bir uşaq izi və geri qayıdan əsgər çəkməsi izi. “Xüsusi təyinatlı” romanı bu iki iz arasındakı hadisələrinin bədii təqdimatıdır.

Aslan qələbədən sonra uşaqlıq dostu ilə Xocalıya – öz həyətlərinə gedir. Vətən və doğma insanlar qarşısında öz borcunu şərəflə yerinə yetirdiyi üçün rahatlayır. Həm də bir növ ailə qurmaq üçün öz doğmalarının ruhundan xeyir dua, Nərminin ruhundan isə icazə istəyir. Obrazlı dil demək istəyir ki, bizim əsl toyumuz, əsl şadlığımız, əsl bayramımız vətənin xilas olduğu gündən başlayır. Vətən dardadırsa bütün sevinclər yalandır.