26.12.2024, 20:39
AZ EN
08.02.2024, 17:20

Zəngəzura gedən ən etibarlı yol

Şərif AĞAYAR

  • Məşhur bir deyim var: klassika o əsərdir ki, hamı istəyir oxumuş olsun, lakin heç kim oxumaq istəmir. Əlbəttə, zarafatla deyilib, ancaq mahiyyətində incə bir həqiqət də var. Klassikanı çətinləşdirən təkcə dilin və düşüncənin zamanla dəyişməsi deyil, həm də ahəngin, intonasiyanın fərqliliyidir. Biz – smartfon dövrünün insanları Nizami dövrünün atmosferinə asanlıqla girə bilmirik. Mütəxəssislər özünü buna məcbur edirlər, lakin orta statistik oxucular bu məcburiyyətə ehtiyac duymurlar. Məhz buna görə bütün dünyada klassik əsərlər lazımı səviyyədə oxunmur.

Futbolçuların, şou-biznes adamlarının geyindiyi geyim brendlərini, mindiyi avtomobilin markasını əzbərləyən gənclik, bir az da özünə zəhmət verib ciddi mətləbləri öyrənməlidir.

Analoji halı klassik musiqiyə də aid etmək olar. Görəsən, neçə nəfərin yutub səhifəsini açsaq, Motsartı, Bethoveni, Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Arif Məlikovu dinlədiyini görərik? Yaxud muğamı, saz musiqisini...

Etiraf edək ki, son on-on beş ildə muğama da, saza da münasibət dəyişib. Vaxt vardı ümumiyyətlə bu musiqilər az qala tamam unudulmuşdu. Elə onun ifaçıları da...

Ötən əsrin sonlarında Azərbaycan Dövlət Filarmoniyası tamam dağılmışdı. Şəhərin mərkəzində qorxunc bir xarabalığa bənzəyirdi. Musiqiçilər “Azkonsert” adlı bir qurumun çətiri altına yığışmışdılar. Bu qurum isə əvvəldən fəaliyyət göstərmirdi. Sonralar isə haqlı olaraq ləğv edildi.

O zamanlar Xalq artisti Əlibaba Məmmədov müsahibələrinin birində filarmoniyasız muğam ifaçılarını sudan ayrı düşmüş balığa bənzətmişdi.

Tərs kimi muğam oxuyanları əvvəlki kimi toylara da dəvət etmirdilər. Artıq yeni əsrin ilk illərindən yeni tipli şadlıq evləri istifadəyə verilmişdi. Sütunsuz zalları olan bu geniş, hündür, dəbdəbəli saraylar yeni elektron avadanlıqlarla təchiz edilmiş, yeni ifaçılarını tapmışdı. Əvvəlki toylardan fərqli olaraq burada sənətdən əsər-əlamət yox idi. Yalnız yeknəsəq ritmlər, yüksək səs, sürətli temp... Gözəl mahnıların çoxu da yeni aranjemanda “pis günə” qoyulurdu. Və ən dəhşətlisi, toy biznesi efirə də təsir göstərirdi. Həmin vaxt bəstəkar Vasif Adıgözəlovun televiziyaların birində çox maraqlı bir fikir söyləmişdi. Demişdi, Azərbaycan musiqisinin ən böyük problemi toyxana repertuarının efirə çıxmasıdır. Doğrudan da belə idi. Televiziyanı açanda özünü hansısa şadlıq evində hiss edirdin. Toy müğənnilərinin canlı efirdə ad günləri keçirilirdi. Telekanalların biri “sms” səsvermə ilə “Toylar kralı” yarışmasını keçirirdi. Yadımdadır, həmin yarışmanın qalibi 1 milyon səs qazanmışdı. Bu rəqəm ola bilsin TikTok dövrünün oxucusuna çox da böyük görünməsin, lakin o dövrün texniki imkanları və maddi durumu üçün fantastik rəqəm sayılırdı. Bu günlərdə o səsi qazanan müğənni (ad çəkmək istəmədim – müəl.) fəxri ad almaq istədiyini dilə gətirmiş, bu arzusu reallaşmadığı üçün giley-güzarını bildirmişdi. Onu qınamıram. Çünki toy müğənnilərinin hər şeyə nail olduğu bir zamanda yetişmişdi.

Azərbaycanda toy ən böyük industriyalardan biridir. Şadlıq evlərinin xidmətçilərindən tutmuş bəy kostyumu tikən dərziyə, ayıq sürücüyə qədər çox geniş bir şəbəkəni əhatə edir. Çünki insanlar toy üçün ciddi pullar xərcləyir. Etiraf edək ki, biz heç bir kütləvi tədbirə toy qədər ciddi hazırlaşmırıq. Ömrü boyu kitaba 100 manat xərcləməyən, bir dəfə bilet alıb teatra, kinoteatra getməyənlər, toya on minlərlə pul xərcləyirlər.

Əlbəttə, bəzən xalq özünün böyük dəyərlərinə sahib durmaq iqtidarında olmur. Belə bir vaxtda dövlət əlini daşın altına qoymalıdır. Necə ki, klassik musiqiyə münasibətdə biz bunun şahidi olduq.

Heydər Əliyev Fondunun muğama verdiyi dəstəklə əvvəlcə bu dəyərli sənət sahəsi UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Eyni vaxtda ən dəyərli muğam ifaçılarına dövlət qayğısı göstərilməyə başladı. Ən dəyərli ifalar rəqəmsal texnologiyalar vasitəsi ilə yazıldı və internet platformasına yerləşdirildi.

Filarmoniya yüksək səviyyədə təmir olunub musiqiçilərin ixtiyarına verildi. 

Dövlət televiziyasında start götürən muğam müsabiqələri əməlli-başlı tərəqqiyə səbəb oldu.

Bir sahənin inkişafını istəyirsənsə, ora gəncləri cəlb et. Gənclik bugünün reallığı, gələcəyin qarantiyasıdır.

Muğam yarışmaları ilə bu qayım-qədim sənət gəncliyi qazana bildi. Respublikanın hər tərəfindən olduğu kimi Qarabağ və Zəngəzur bölgələrindən də ciddi ifaçılar və yeni dinləyicilər qazandı. Xüsusən, Qarabağa nisbətən ifaçılığın az yayıldığı Laçından və Kəlbəcərdən Ehtiram Hüseynov, Babək Niftəliyev, Murad Laçınlı və digər ciddi ifaçılar çıxdı.

Muğamın ardınca saz sənətinin də müstəqillik dövrü uğurları özünü yubatmadı. Saz da eyni mərhələləri keçərək həm dünyanın mədəni irsi kimi UNESCO-nun reprezentativ siyahısına daxil olundu, həm də yeni möhtəşəm ifaçılar yetişməyə başladı.

Yeri gəlmişkən, muğamla müqayisədə sazımızın səhnə təcrübəsi azdır. Rahat məclislərə, toy-düyünlərə öyrəşmiş aşıqları səhnə üçün hazırlamaq o qədər də asan deyildi. Bu işdə Azərbaycan Aşıqlar Birliyinin və İctimai Televiziyanın rolunu xüsusilə qeyd etmək lazımdır. Aşıqlar Birliyi hörmətli folklorşünas, professor Məhərrəm Qasımlının rəhbərliyi ilə müxtəlif bölgələrimizi təmsil edən aşıqların Dövlət Filarmoniyasında konsertlərini təşkil etdi. Bu bölgələr içərisində o vaxt məkan baxımından itirdiyimiz Göyçə, Kəlbəcər və Laçın da vardı. Biz saz konsertlərində gördük ki,  qaçqınlıq və məcburi köçkünlük həyatı yaşayan əhali içində saz ifaçılığının səviyyəsi o biri bölgələrdən heç də əskik deyilmiş. Məhərrəm müəllimin “Mədəniyyət” Kanalında apardığı veriliş aşıq sənətimizin inkişafında, onun səhnəyə, efirə uyğunlaşmasında və yeni aşıqlar nəslinin yetişməsində əvəzsiz rolu oldu.

Bu mənada İTV də çox iş gördü. Hələ televiziya fəaliyyətə başlamamış əslən Kəlbəcərdən olan gənc dostumuz, sənətşünas Qorxmaz Tofiqoğlu eyni adlı radioda saz verilişi təşkil etməyə başladı. Əvvəllər canlı və interaktiv yayımlanan proqram az vaxt ərzində təkcə ölkəmizdə deyil, Gürcüstan, Dağıstan azərbaycanlıları arasında, eyni zamanda Güney Azərbaycanda geniş tamaşaçı auditoriyası qazandı. Artıq on ildən çoxdur ki, Qorxmaz bəyin “Ozan məclisi” İctimai Televiziyanın ən baxımlı verilişlərindəndir. Ayrı-ayrı böyük sənətkarlara, aşıq sənətinin müxtəlif sahələrinə, müxtəlif problemlərinə, əlamətdar günlərə həsr olunmuş bu modern layihə həm də çəkildiyi məkanlarla diqqət mərkəzindədir. Şübhəsiz, ən maraqlı çəkilişlərdən biri və yəqin birincisi 2021-ci ildə Kəlbəcər şəhərində aparıldı. Həm də kəlbəcərli şair Elşən Əzimin iştirakı ilə...

İçimdə belə bir sarsılmaz inam var ki, Qarabağa və Şərqi Zəngəzura gedən zəfər yolu muğam və saz sənətinin dirçəlməsindən başladı. Çünki ən mötəbər hadisələr əvvəlcə ideologiya şəklində doğulur. Sənət isə ideologiyaların ən güclüsünü və ən etibarlısını yaradır. Muğam və saz Qarabağ və Şərqi Zəngəzuru əvvəl-əvvəl ideya şəklində özümüzə qaytardı. Sonra bu ideya qəhrəman oğullarımız sayəsində gerçəkləşdi.