Bütün dövrlərdə, xüsusilə torpaqlarımızın düşmən tapdağından azad olunmasında gənclərin rolu birmənalı - haqlı olaraq yüksək qiymətləndirilir, zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilmişdir.
İndi Qarabağımız tam azaddır, ləyaqətli qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər göz önündədir, bərpa olunan ərazilərdə Dövlət Proqramına uyğun olaraq yeni yaşayış binalarının, digər infrastrukturun tikintisi sürətlə davam etdirilir. Bu da bir həqiqətdir ki, 2023-cü il 19 sentyabr tarixli antiterror əməliyyatı separatçı rejimin mövcudluğuna son qoydu, erməni terror birləşmələrinin torpaqlarımızdan çıxarılması azad olunmuş torpaqlara qayıdış üçün təhlükəsizlik baxımından möhkəm təməl yaratdı.
Əlbəttə ki, indi qarşımızda duran əsas vəzifələrdən biri də bərpa-quruculuq işlərinin sürətli aparılması, vaxt itirmədən məskunlaşma üçün təxirəsalınmaz məsələlərin həyata keçirilməsidir. Azad olunmuş şəhər və rayonların bir sıra yerlərində mövcud olan infrastrukturlar imkan verir ki, bu ərazilərdə yaşamış məcburi köçkünlərin ləyaqətli qayıdışını sürətləndirərək bizləri qınaq obyektinə çevirmək istəyənlərə əyani cavab verək, bir daha göstərək ki, bu torpaqların, bu yaşayış evlərinin sahibləri öz evlərinə qayıdıblar.
Laçın, Zəngilan və Suqovuşanda köçkünlərin öz doğma ocaqlarına qayıtması da xarici təsirlərin qarşısında tutarlı cavab və qanuni hüququmuzun bərpasıdır, baxmayaraq ki, hələ də beynəlxalq qurumlar, AŞPA-nın öz maraqları naminə anti-Azərbaycan mövqeyini yaxşı görürük, uzun müddət davam etdirəcəkləri məkrli siyasətin qarşısına sipər çəkməliyik.
2020-ci il 44 günlük müharibə göstərdi ki, Xalq-Dövlət-Ordu birliyi ən böyük arzularımızın qarantıdır. Xalqın siyasi iradəsinin ifadəsi olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev prezident seçkisində yenidən seçiləcək ən layiqli namizəd, daha böyük uğurlara imza ata biləcək təcrübəli, uzaqgörən və ağıllı dövlət xadimidir. Həqiqət bundan ibarətdir ki, dünyada baş verən proseslərə vaxtında reaksiya verərək yaranmış vəziyyəti qiymətləndirə bilmək indi əvvəlki illərdə olduğundan çox çətindir, xüsusilə qlobal qütbləşmə, yeni müharibə ocaqlarının yaradılması, ikili standartlar əsasında həyata keçirilən məkrli planlar dövlət marağının qorunması, əlavə tədbirlər görülməsi üçün böyük nüfuz, təcrübə, yorulmaz fəaliyyət və hadisələrdən baş çıxarmaq qabiliyyətini ortaya qoyur. Bu keyfiyyətlərə məxsus siyasi lider olaraq İlham Əliyev zamanın tələblərinə cavab verən və adekvat tədbirlər həyata keçirməyə qadir olan ən layiqli və müqayisə edilməyə ehtiyac olmayan Azərbaycanlıdır-Liderdir! Xalqın böyüklüyü onun yetirdiyi şəxsiyyətlərlə daha önəmlidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan qoruyaraq bu günümüz üçün siyasi və iqtisadi inkişaf təməlini yaratdı, İlham Əliyev isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün sinəsini qabağa verərək Zəfərin qazanılmasına öz imzasını atdı!
Doğulub boya-başa çatdığım Ağdam rayonunun böyük potensiala malik olduğunu hər birimiz yaxşı bilirik, bu torpağın övladları vətənpərvər ruhda tərbiyə olunmuş, əmək-zəhmətlə yoğrulmuş, quruculuq, elm, təhsil və idarəetmədə dövlətə sadiqliyini bütün dövrlərdə təsdiq etmişlər. Yaşlı nəslin təcrübələrinə arxalanan, mütərəqqi texnologiyaları mənimsəyən gənclərimiz bütün sferalarda özlərini doğrulda bilmələri ilə nümunəyə çevrilmiş, azad olunmuş yurd yerlərimizdə aparılan quruculuq işlərinin həyata keçirilməsində ruh yüksəkliyi ilə çalışırlar.
İndiki dövrdə uğura aparan yolun əsas motivasiya səbəblərindən vacibi məhz öz üzərində çalışmaq, ardıcıl olaraq səy göstərməkdən ibarətdir. Çox istərdim ki, qələbələrə imza atmış gəncliyimiz kənar qüvvələrin təsirindən uzaq olsunlar, milli dəyərlərimizin qorunması və inkişaf etdirilməsi üçün daha da böyük əzmkarlıq göstərsinlər, mənəvi dəyərlərimizi, tariximizi saxtalaşdırmaq istəyənlərə qarşı kəskin şəkildə mübarizə aparsınlar.
Azərbaycanın qazandığı uğurlar kənar qüvvələrin çoxunda narahatlıq doğurur, ölkəmizə qarşı qara piar kampaniyası çərçivəsində tədbirlər həyata keçirilir, belə bir dövrdə isə əsas hədəf kimi gənclər nəzərdə tutulur. Odur ki, xüsusi sayıqlıq və vətənə məhəbbət hisslərinə həmişəkindən daha çox ehtiyac duyulur. Bu gün XXI əsrin yaratdığı rəqəmsallaşma, internet dünyasının yaratdığı yeniləşmə elə bir mühit formalaşdırır ki, dəyişikliklərin idarə olunması, yeniləşməyə açıq olmaq, müasir düşünmə qabiliyyəti gənclərin fəaliyyət dairəsinin əsas göstəriciləri hesab edilməlidir. Yenilənmənin kökündə çətinliklər olsa da, hədəflər, düşüncələr milli mənsubluğun dəyərlərindən kənara çıxmamalıdır. Sosial şəbəkələrdə yayılan neqativ xəbərlər bir sıra hallarda daha çox maraq doğurur, çalışmaq lazımdır ki, onları yaxşı istiqamətə yönəldək, vərdiş edərək müsbət dəyərlər yaradaq. Gənclərimiz indiki dövrdə yeni tələblərə cavab verən, torpaqlarımıza qayıdış baxımından adaptasiya olunmaq bacarığını qazanmalıdır, liderlik keyfiyyətləri də ən vacib elementlərdən biridir. Fəxr edirəm ki gəncliyimiz səriştəli, ünsiyyətcil, bacarıqlı, mühitə uyğunlaşan tərbiyə əsasında formalaşır, eyni zamanda öyrənmək istədikləri məsələlər haqqında sual da verirlər, öyrənməyin isə hər zaman vacibliyini yaxşı bilirik.
Gənc ailələrin qurulması və davamlı olması üçün ailə-mənəviyyat məsələləri də xüsusi diqqət tələb edir. Gənclərimizə çatdırmalıyıq ki, hədəflərə doğru addımlayan zaman dürüst, vicdanlı olmaq mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayır. Bəzi məsələlərdə çərçivədən kənara çıxa bilməmək də uğursuzluq amili yaradır, müsbət nailiyyətlərə səbəb olacaq istənilən addım, standartdan kənar olsa belə, hədəfin əldə edilməsi baxımından vacibdir. Bu gün dünya praktikası da isbat edir ki, qlobal məsələlərin planlaşdırılması zamanı qarşılıqlı əməkdaşlıq, balanslaşdırılmış siyasət, düşünülmüş maraqlar əsasında həyata keçirilən hər bir addım müsbət dinamika yaradır.
Dövlətimizi hamı istəyir, milli birliyimizi qidalandıran amillər bizdən elə bir dürüstlük tələb edir ki, bununla gələcəyimizə, uğurlu sabahımıza daha möhkəm bünövrə yaradaq.
Prezident seçkilərində iştirak edəcək hər bir seçici, o cümlədən, azad olunmuş Şuşada, Laçında, Xocalıda, Ağdamda, Füzulidə, Zəngilanda, Xankəndidə və digər azad olunmuş torpaqlarımızda ilk dəfə olaraq səs verəcək seçicilər tarixi qələbəni nəzərdən keçirərək xalqın gələcəyinə, qüdrətli Azərbaycanın müstəqilliyi naminə özünü təsdiq etmiş layiqli namizəd İlham Heydər oğlu Əliyevin yenidən prezident seçilməsinə səs verəcəklər.
Gələcək gənclərimizin doğru qərar çıxara bilmək qabiliyyəti, tükənməz enerjisi ilə bağlıdır.
Uğurlar!