06.11.2024, 09:59
AZ EN
26.01.2024, 13:30

Vətənə bağlı ömür

Tahirə AĞAMİRZƏ

  • Mən onu çoxdan tanıyıram və həmişə yaxşı mənada düşünmüşəm, nə yaxşı ki, işıqlı insanlara nə zaman, nə keşməkeşli, yaşayacağını ağlına belə gətirmədiyi amma yaşamağa məcbur edildiyi qaçqın və məcburi köçkün həyatı onları saf əqidəsindən, mərdliyindən, xalqına, dövlətinə bağlılığından uzaqlaşdıra bilməyib. Əksinə onlar daha mətin, daha dözümlü, daha yaradıcı, haqqın, ədalətin qalib gəlməsinə daha çox inanan olublar və bu əqidələrinin zədələnməsinə əsla imkan verməyiblər.

Dostəli Abdullayev də belə insanlardandır. Bəli, onu çoxdan tanıyıram, o vaxtdan ki, mən çəkinə-çəkinə rayonun "Avanqard" qəzetinə yazı apardığım gündən. Onda Dostəli müəllim qəzetin önəmli nümayəndəsi idi. Həmişə təmkini, ədəb-ərkanı, istedadı ilə diqqətdə idi. Hər dəfə redaksiyaya gedəndə mənə də dəyərli məsləhətlər verir, jurnalistika sahəsinə olan sevgimi birə min qat artırırdı... İndi o illərdən çox zaman keçib. Çox şey dəyişib. Amma dəyişməyən bircə bu Böyük İnsanın əsl ziyalı, vətənpərvər xarakteridir, işıqlı həyatıdır, nura boyanan ömrüdür. O ömür ki, neçə-neçə insanların həyatına güzgü tutub, yolunu aydınladıb, güzəranını yaxşılaşdırıb....

Kimimiz üçün müəllim olan, kimimiz üçün dost olan, yol göstərən olan, əl tutan olan Qubadlı camaatının və onu tanıyanların sevimli, istedadlı yazıçı, jurnalist kimi ictimaiyyət arasında böyük hörmət və nüfuz qazanan, Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” diplomu ilə təltif olunan ziyalımız Dostəli Abdullayevin 70 illik yubileyidir.

O, Qubadlı rayonunun Saray kəndində dünyaya göz açıb, Diləli Müskanlı kəndində ibtidai, Dondarlı kəndində orta məktəbi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini əla qiymətlərlə bitirib. Tələbəlik illərindən elmi, ədəbi-bədii yaradıcılıqla məşğul olmuş, təyinatla doğma rayonda müəllim, dərs hissə müdiri, rayon qəzetində şöbə müdiri, redaktor müavini, rayon partiya komitəsində, rayon sovetində şöbə müdiri, kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri vəzifələrində böyük əzmkarlıqla çalışmış, uzun illər rayon sovetinin deputatı olmuşdur.

31 avqust 1993-cü ildə Qubadlının işğalından sonra təqaüdə çıxanadək “Azneft”in N.Nərimanov adına NQÇİ-də şöbə müdiri vəzifəsində çalışıb. Hansı vəzifədə işləməyindən asılı olmayaraq, hər zaman əsl ziyalı, xeyirxah insan kimi imkanı dairəsində həmişə adamlara yaxşılıq etməyə özünə borc bilib və heç zaman qələmindən ayrılmayıb. Qubadlıda çıxan “Avanqard” və “Bərgüşad” qəzetlərində, respublika qəzet və jurnallarında dərc edilən oçerk, portret yazıları, esse, şeir, hekayələri, 2002-ci ildə nəşr olunan 500 səhifəlik “Tənhalıqda” və 2004-cü ildə çıxan “İnsanlar arasında” kitablarında toplanmış ədəbi əsərlərlə yazıçılıq istedadını, yaradıcılıq imkanlarının genişliyini təsdiq etmişdir.

Qarabağ və Zəngəzur dərdlərimizi, məcburi köçkünlərimizin faciələrini, ağrı-acılarını qələmə alan çoxsaylı yazarlarımızdan fərqli olaraq, Dostəli Abdullayevin “Tənhalıqda”, “İnsanlar arasında” romanında (Bakı – 2004, Hərbi nəşriyyat) hələ 20 il əvvəl həmvətənlərimizin qoyub gəldiyi yurd yerlərinə mütləq qayıdacağını, o günə böyük inamını da bədii şəkildə ifadə edib. Romanın qəhrəmanları - Qubadlını sonuncu tərk edən gənc Tənha və Rəşad doğma el-obalarından uzaqda, paytaxtda qaçqın kimi yaşamağın mənəvi əzablarına dözmürlər, həyat yoldaşları və körpə övladlarını Bakıda qoyub heç kimə bildirmədən avtobusla Horadizə gəlirlər, gecə düşəndə gözdən, yol-izdən uzaq yollarla işğal altında, yağı tapdağında qalan dağ, dərə-təpələri keçirlər, imkan düşdükcə düşməni pusquya salıb intiqam alır, ələ keçirdikləri silahlarla partizanlıq edib ermənilərin yuxusuna haram qatırlar. Son nəfəslərində vəsiyyətlərini yazıb Qalanın zirvəsində gizlədirlər. Nəşindən geri qalan sümüklərini də Qalanın başında dəfn etməyi bu düşüncə ilə yazıb vəsiyyət edirlər ki, qoy bu ucalıqda uyuyan ruhumuz Vətən torpaqlarının yenidən doğuluşunu, bütövləşməsini görsünlər, elliklə yurda geri qayıdışa şahid olsunlar. Və romanın “Epiloq”unda müəllifin bədii təxəyyülünün müdrik uzaqgörənlik və intusiyasının gücü ilə qəhrəmanlarının övladlarının da qatıldığı milli ordumuzun  yağı düşmənləri torpaqlarımızdan süpürüb atdığı, doğulduğu 35 evlik Saray kəndində artıq 60 evin tikildiyini, bu dəfə yenidən və əbədi olaraq Vətəndə qaynar həyatın başladığını – tariximizin 30 illik kəşməkeşli dövrünün bütün mərhələlərini bədii boyalarla qələmə almışdır.

Dostəli Abdullayevin roman və hekayələri, “İnsanın ruhudur, canıdır Vətən” silsiləsindən olan, sosial şəbəkələrdə də geniş oxucu, dinləyici auditoriyası qazanan şeirləri, esseləri, özünüzün də qeyd etdiyi kimi, həm də şəhid, qazilərimizə əbədi sevgi, ehtiramın, ağır müsibətlər yaşamış məcburi köçkün həmvətənlərimizə mənəvi borcun ifadəsidir.