26.12.2024, 20:31
AZ EN
29.04.2022, 09:26

Ağcabədidə Laçın havası

Şərif AĞAYAR

Təsadüflər bəzən taleyimizi həll edir, lakin biz ona yenə də təsadüf deyirik. Qohumlarla yasa getmək istəyən yaşlı atasını koronavirus qorxusu ilə maşından düşürür, özü oturur. Atası düşmək istəmirmiş. İsrar edir. Hər şey də bununla sona çatır. Maşın dörd gəncin əcəl qutusuna çevrilir. Bir neçə saatdan sonra yayılan qara xəbər bütün tanıyanlara şok yaşadır.

Onun ölümü bir az da məşhur Marafon əhvalatını xatırladır. Qələbə xəbərini çatdırmaq üçün qaça-qaça ağlagəlməz məsafə qət edərkən ürəyi partlayan gənci deyirəm. O da tələsirdi. Qaçırdı harasa. Yaxınlarda qələbə xəbərinin gələcəyini həssas qəlbi ilə hiss etmişdi. Çünki tarixi günlər yaşadığımızın fərqində idi. Söhbət 2020-ci ilin oktyabrından – 44 günlük Vətən müharibəsinin ən qızğın vaxtından gedir. Qələbəyə sayılı günlər qalmışdı. Gözünü, qulağını, qəlbini açıb Laçının azad edilmə xəbərini gözlədiyi vaxt öz xəbəri gəldi. Qələbə sevincini dadmaq qismət olmadı ona.

Doğulduğu torpağı tərk edəndə 2 yaşı vardı. Heç nə xatırlamırdı. Adam heç xatırlamadığı yerləri necə böyük ürəklə sevə bilir? “Qan çəkir” ifadəsi burda işlənsə gərək! O da görmədiyi yerlər üçün ölümə gedən nəslin nümayəndəsi idi. Bunu şəhidlərimiz və qazilərimiz öz əməlləri ilə sübut etməzdən əvvəl onun yazılarından, şeirlərindən hiss eləmək olurdu. Deyirdi, anam Laçından gətirdiyi xalçaları bir dəfə də olsun açmayıb. Nə ayaq altına sərməyə, nə divara asmağa. Qarğı-qamış daxmada nə xalça? Sonra daş qəsəbə tikdilər onlar üçün. Ev verdilər. Anası xalçaları yenə açmadı. Onları düz 28 il aranın istisində müxtəlif üsullarla nə üçün qoruyub-saxlayırdı? Qəsəbəyə köçən kimi sualın cavabını tapmışdı. Xalçalar Laçına qayıtmaq istəyirdi. Lap nağıllardakı kimi. Uça-uça. Üstünə də ən əziz adamları götürərək.

Atasının traktoru istifadədən çıxanda dərin travma yaşamışdı. Axı illərlə ailənin o traktorun qoşqusuna yığışıb geri qayıdacağı xəyalını qurmuşdu. Eynən ordan gəldikləri kimi. Traktor yararsız hala düşürdüsə nə ilə qayıdacaqdılar? Sən demə, ən əsası can sağlığı imiş. O da hər adama qismət olmur. Köçkünlük illərində kimləri itirmədik? Gəncli, qocalı, uşaqlı... Köçkünlük həm də ömürlərin zəmi kimi biçilmə mövsümü imiş.

Bir də bir detal heyrət doğurur: atası traktorun təkərinə yapışıb gələn Laçın torpağını bir torbanın içinə yığıb saxlamışdı, oğlunun məzarına qismət oldu.

Yeni kitabını çapa hazırlayırdı. Adını da tapmışdı: “Tanrı qədər yoxsan”. Son oxu üçün özünün də təmsil olunduğu “Ələk” ədəbi məclisinin üzvlərinə vermişdi. Daha dəqiqi, tanınmış şair dostları Məhsəti Musa və Gündüz Sevindiyə. Ən axırda mən baxacaqdım. Özü belə istəmişdi. Birinci kitabı ilə bağlı söylədiyim iradlardan nəticə çıxarmışdı. İstəyirdi ikinci kitabı daha səliqəli olsun. Bütün bunlardan ölümündən sonra xəbər tutdum və üstümə düşən borcu yerinə yetirdim. Qarabağ zəfərindən sonra çap olunsa da kitabda zəfər ruhlu şeirlər yoxdur. Çünki müəllif qələbədən azca əvvəl dünyadan köçmüşdü. Kitab vətən həsrətli şeirlərlə, vətən insanlarının yurdsuzluqdan çəkdiyi əzablarla doludur. Lakin həm bu həsrətin, həm bu əzabın içində bir işıq var. Həyata, gələcəyə inam işığı. Hə, bir də ölümünü hiss edib elə bil. Bunu sağlığında yəqin ki, sezmək çətin olardı. Ölümü bir çox misraların mistik haləsini açır.

...Ötən həftə dünyalar qədər sevdiyi Laçın camaatı ilə birlikdə Saqif Zeynalın “Tanrı qədər yoxsan” kitabının təqdimat mərasiminə toplaşdıq. Ağcabədidə. Taxtakörpü qəsəbəsində. Laçın Mədəniyyət Evində. Bakıdan tanınmış qələm adamları da getmişdi mənimlə. Tanın­mış tənqidçi, filologiya elmləri doktoru Cavanşir Yusifli, yazıçı-esseist Fəxri Uğurlu, gənc şairlər Azər Xanlarov və Pərviz Axund...

Tədbirimiz Saqif Zeynalın məzarını ziyarətlə başladı. Qəbrinin üstündə böyük qələbəlik vardı. Bayramla yas bir-birinə qarışmışdı. Məzar daşından elə baxırdı ki, deyirdin, bu saat cana gəlib gülümsünəcək, doğma səsi ilə nə isə deyəcək. Şəklin altındakı rəqəmlər kədərlə düzülmüşdü: 1990-2020. 30 yaş. Cəmi 30 yaş. Bu qısa ömürdə nə qədər böyük sevgi qazana bilmişdi. Adamlar xatirələrini cilovlaya, göz yaşlarını saxlaya bilmirdi.

“Ələk” ədəbi məclisinin üzvlərinin və Laçın məktəblilərinin dilindən səslənən şeirlər məclisə xüsusi ahəng verirdi. Tanınmış qiraətçilərin sosial platformalara yerləşdirdiyi ifalar da öz yerində. Xalq artisti Rafiq Haşımovun ifasında səslənən kiçik sərbəst şeir isə vətən müharibəsi qazilərinə uğurlu metafora kimi zalı öz sehrinə saldı:

 

Yay getmiş də

Çoxdan getmiş.

Zivələr geyinmiş qalın paltarlarını.

Qonşu həyətdən yellənir yenə

Müharibədə ayaqlarını itirmiş şalvarlar,

Qollarını itirmiş köynəklər.

Qadınlar ehtiyatla yuyar,

Ehtiramla sərər,

Sıxmaz yaralı paltarları.

 

Bildiyiniz kimi, Laçın-Kəlbəcər ədəbi mühiti daha çox aşıq şeirləri üzərində pərvəriş tapıb. Saqif Zeynalın da bu səpgili şeirləri var. Elə tədbirə təşrif buyuran Aşıq Təbriz və Aşıq Əbdüləli bu cür şeirləri saz üstündə oxudular. Lakin Saqif Zeynal yaradıcılıqda daha çox modern istiqamət götürmüşdü. O, sözün həqiqi mənasında zamanı hiss edən şair idi. Bütün el şairlərini əzbər bilsə də, könlü daim Nazim Hikmət, Cəmal Sürəya, Əli Kərim, Vaqif Səməd-oğlu, Vaqif Bayatlı Odər kimi şairlərlə döyünürdü. Özünün ən gözəl şeirləri də adı çəkilən ustad şairlərin yaxşı mənada təsiri ilə yaranmışdı. Lakin bu təsir lazım olandan artıq deyildi və onun öz səsini eşitməyə mane olmurdu. Saqif şeiri pıçıltı ilə yaza bilirdi. Yersiz pafos və ritorika ondan çox uzaq idi. Tədbirə toplaşanlar da bunu söylədilər. İstər müəllimi Abuzər Abuzərov, istər laçınlı şair Eynulla Axundov, istərsə də şair-publisist Məhsəti Musa...

Deyirlər, vaxtsız ölüm yoxdur, hər şey təqdiri-ilahidir. Saqif Zeynalın yaxınlarının ürəyini dağlayan qısa ömrünə diqqətlə nəzər salanda heç nə yarımçıq görünmür. Xüsusən şeirləri ilə tanış olanda sirli bir missiyanın tamamlandığını görürük.

Ömrün qısalığı başqa, yarımçıqlığı başqa. Demək, doğrudan da, təsadüf deyə bir şey yoxdur. Sadəcə ömür adlı uzun-qısa fürsəti dəyərləndirmək var. Saqif Zeynal bunu bacardı. Məşhur kəlamda deyildiyi kimi, o, arxasınca örtülən qapıya “mən bu dünyada yaşadım” sözlərini yazmağı bacardı. Ruhu şad olsun.

Şərif Ağayar