12.10.2024, 12:37
AZ EN
13.09.2023, 16:30

İki yüz il gecikən tarixi ədalət

Şərif AĞAYAR

  • Son günlər Azərbaycan-Ermənistan sərhədində və Qarabağda gərginliyin artması yenə bütün diqqətləri bu məsələnin üzərinə çəkdi.

Şübhəsiz, konfliktin yeni mərhələsi Laçın keçid-məntəqəsinin bağlanması ilə başladı. Ermənilər hay-küy salaraq blokada şəraitində acından öldüklərini bəyan etdilər. Hətta öz sərhədimizə sahib çıxmağımızı “erməni soyqırımı” kimi qələmə verənlər də oldu. Və onlar Qarabağ münaqişəsinin ilk günlərindən bəri dünya dövlətlərini, xüsusən qərbi öz yalan-doğru təbliğatlarına inandırmağı bacarırlar.

Bütün azərbaycanlılar biryolluq qəbul etməlidirlər: Laçın post-məntəqəsinin yaradılması Şuşanın azad edilməsi qədər əhəmiyyətli hadisədir. Hətta Şuşa da daxil olmaqla işğaldan azad olunmuş digər şəhər, qəsəbə və kəndlərimizin həmişə azad və abad qalmasının qarantıdır.

Hər şey sərhəddən başlanır. Əgər sən ölkənə nələrin və kimlərim girib-çıxdığını bilmirsənsə, orada mövcud olan heç bir problemi axıracan həll edə bilməyəcəksən. 

Hər şey çox sadə bir məntiqdən başlayır. Şuşa və Fərrux yüksəkliyi məndədirsə və istənilən vaxt Xankəndini bombardman edə bilərəmsə, lakin bunu etməyib danışıqlar yolu ilə sülhə doğru addım atmaq niyyətindəyəmsə, sən, xeyir ola, mənim ərazimə humanitar yük adı ilə silah-sursat daşıyırsan? Məni avam yerinə qoyursan, yoxsa özünü? Bəlkə, yenə Qarabağda yaşayan beş-on min dinc ermənini heç bir perspektivi olmayan axmaq ərazi iddialarına alət etməkdir niyyətin? 

Nəinki iddia edilən torpaqlar, hətta ətraf rayonlar da otuz ilə yaxın erməni işğalında qaldı və nələr baş verdiyini gördük. Lələtəpədən Murov aşırımınacan maşın on-on beş saat yol gedir və bütün bu məsafə boyu hər yer xarabazara çevrilib. Təsəvvür edin, on-on beş saat xarabalığın içi ilə gedirsən. Hələ Ağdamı, Füzulini demirəm. Adamı vahimə basır. İlin-günün bu vaxtı, qabaqcıl texnologiyanın Yupiteri oksigenlə təmin eləməyə hazırlaşdığı bir dövrdə bu nə rəzalətdir?

Həmişə yazmışam, Qarabağ və Şərqi Zəngəzuru xəritədən lazımınca tanımaq mümkün deyil. Çox balaca bir ərazi kimi görünür. Ən iri masştablı xəritədə belə dırnaq sədəfi boyda görünən məsafəni bir saata gedirsən. Çünki qarşında aşılmaz dağlar, keçilməz dərələr var. Qarabağ və Zəngəzur dağlarını xəyalən qırışmış süfrə kimi açsaq, bəlkə, Azərbaycanın ərazisi iki dəfə böyüyər...

Deməyim odur ki, üst-üstə üç milyonluq erməninin heç vaxt səpələnib yaşaya bilməyəcəyi qədər geniş ərazilər işğal olunmuşdu.

Bəs nə baş verdi? 

De-fakto – xarabalıqlar!

De-yuri – BMT-nin məlum qətnamələri!

Bir sözlə: zülm və zillətdən başqa heç nə! 

44 günlük vətən savaşından sonra vəziyyət tamam dəyişdi. Düşmən darmadağın edilərək Xankəndindəki “şər yuvası”na çəkildi.

İndi soyqırımı deyib dad döyən şivənbazlar, biz heç müharibənin gedişində uşaq, qoca və qadın öldürmədik, dinc əhali yaşayan yerlərə bomba atmadıq, indiki atəşkəs şəraitində bunu niyə edək? Azərbaycan ordusu peşəkardır və o, qisas hissi ilə yaşamır. Müharibənin son günlərində Gəncə və Bərdəyə atılan kapsullu raketlər də bizim təmkinimizi pozmadı. Çünki qələbə bizimlə idi. Biz bunu hissə qapılmadan, elmə-biliyə üstünlük verərək qazanırdıq.

Azərbaycanın öz torpaqlarını işğaldan azad edib suverenliyini təmin etmək istəyi ədalətlidir. Ədalətli müharibələr soyqırımı ilə aparılmır. Yadınızdadırsa, Ali baş komandan müharibənin ilk günlərində dinc erməni əhalisinə müraciət etdi, onları separatçılara qoşulmamağa və müharibə gedən ərazilərdən uzaqda durmağa çağırdı. 

İndi də məqsəd Xankəndindəki “şər yuvası”nı dağıtmaqdır. Müharibəyə biznes kimi baxan bu ekstremistlər dinc əhalidən sui-istifadə edirlər. Qadınların, qocaların, uşaqların arxasında gizlənirlər. 

Əgər bir silahlı qruplaşma sənin qonşuluğunda Xocalı boyda qətliam törədirsə, bu çanağın bir gün sənin başında çatlayacağını anlamalısan. Bərk ayaqda səni qoyub qaçacaqlar. Odun içində sən qalacaqsan.

Şuşa alınan gün yadınızdadır? Kim qalmışdı Xankəndində? Qonşuluğunuzda olmazın şərəfsizliyini törədən neçə ekstremist qalmışdı yanınızda?  Amma Azərbaycan ordusu Xankəndinə girmədi. Soyqırımı planı olan bir ölkə bu fürsəti əldən verərdimi?

İndi qondarma Arsaxda – Sarsaxda seçkilər keçirirlər. Heç Ermənistan özü bu seçkiləri və onun nəticələrini tanımadı. Tanıya da bilməz. Çünki bur müddət öncə baş nazir səviyyəsində ərazi bütövlüyümüzü tanımağa məcbur qalmışdılar. 

Eyni zamanda dünya dövlətləri “Sarsax seçkiləri”ni tanımadı. Hətta ən ermənipərəst Fransa da! 

Biz nə etdiyimizi yaxşı bilirik.

Tarixi torpaqlarımızı da yaxşı tanıyırıq, dövlət sərhədimizə daxil olan torpaqları da. 

Çox yaxşı bilirik ki, İrəvan xanlığı Rusiya tərəfindən işğal olunanda İrəvan şəhərində erməni yaşamırdı. Onların iki bir-üç bir balaca obaları Üçkilsə ətrafında yerləşirdi. İrəvan və Sərdarabad qalalarına işləməyə və ticarətə gəlir, axşam evlərinə qayıdırdılar. Onların hamısı Üçkilsə ilə birlikdə Livandan köçüb gələnlərin nəvə-nəticələri idi. Lakin Çar Rusiyası İrəvan xanlığını ermənilərə bağışlayaraq bu ərazini Ermənistan vilayəti adlandırdı. İlk Ermənistan Respublikası da bu ərazidə yarandı. Xatırladım ki, Zəngəzur və Göyçə bu əraziyə daxil deyildi. 

Çar devrilib sovet hökuməti qurulanda isə Zəngəzuru və Göyçəni ermənilərə peşkəş elədilər. Naxçıvanı quru sərhədlərimizdən məhrum qoyub Qarabağın mərkəzində ermənilər üçün muxtar vilayət yaratdılar. Qarabağ xanının bağ evi olan qədim Xankəndini dünənki siyasi dələduz Stepan Şaumyanın adı ilə Stepanakert adlandırdılar.

Lakin sovetlər dönəmində azərbaycanlılar Ermənistan SSR ərazisinə daxil edilmiş ata-baba torpaqlarında yaşamağa davam edirdilər. Bir müddət sonra onların dinc yolla köçürülməsi siyasətinə start verildi. Əslində, bu siyasət İrəvan xanlığı Rusiyaya birləşən gündən başlamış, fasilələrlə həyata keçirilmişdi.

1988-ci ildə isə  tamam yekunlaşdı və Ermənistan monoetnik bir respublikaya çevrildi. 

Dalınca məlum hadisələr: işğallar, yalançı danışıqlar, xarici güclərin fitvası və s...

Tarixi ədalət 200 il sonra da olsa öz yerini tapdı. Azərbaycan güclü ordusunun hesabına BMT tərəfindən tanınan ərazilərinin, demək olar ki, hamısını işğaldan azad etdi. Qərbi Zəngəzur və Göyçəyə gələndə, Azərbaycan ərazisində yaşayan ermənilərin burada nə qədər yaşamaq haqqı varsa, azərbaycanlıların da öz ata-baba yurdlarından o qədər, hətta ondan da artıq haqqı var. Ədalət o zaman ədalət olur ki, hamıya eyni şərtlərlə tətbiq edilsin. Qarabağda 30-40 minlik erməninin ən xırda hüququndan danışan Qərb dövlətləri bir az da Ermənistan ərazisindən qovulmuş yüz minlərlə azərbaycanlının ev-eşiyinə qayıtmaq haqqından danışsın...

Bütün dünya şahiddir ki, nə Azərbaycan hökuməti, nə də Azərbaycan xalqı müharibə istəmir. Bir qələm adamı kimi mən heç istəmirəm. Əslində, ağlı başında olan ermənilər də bu müharibənin heç kimə heç nə verməyəcəyini anlayırlar. Sadəcə...

Biz sülhə hazırıq.

Və əlbəttə, bu sülh ordumuzun artıq hamıya, xüsusən xaçaturyanlara bəlli olan gücü ilə şərtlənir.