26.12.2024, 20:46
AZ EN
22.08.2023, 16:35

Azad vətəni virtual yaddaşa köçürənlər

Şərif AĞAYAR

  • Məşhur tiktokerin bir gəncin həyatını itirməsi və özünün qolunun amputasiya edilməsi ilə nəticələnən ağır yol qəzası sosial şəbəkələri, xüsusən TikTok platformasını bir daha mətbuatın gündəminə gətirdi. 

Əlbəttə, kimliyindən asılı olmayaraq dünyasını dəyişənə Allahdan rəhmət diləməli, yaralananlara şəfa arzulamalıyıq. İllah da söhbət öz soydaşlarımızdan, bu gözəlim məmləkətin övladlarından gedirsə...

Lakin hadisə gündəmə çevrilən mövzu ilə bağlı tənqidi fikirlər səsləndirməyimizə də mane olmamalıdır.

İlk növbədə gəlin, vəhşi kapitalizmin sosial platformaları necə cənginə aldığına diqqət edək. Mən heç vaxt qəzaya düşən gəncin – izləyici adı “Nikosayağı”dır – izləyicisi olmamışam. Lakin dünən telefonumun displeyindəki TikTok işarəsinə toxunan kimi dalbadal videoçarxları görünməyə başladı. Sıraladığım hər beş materialın azı ikisi Nikosayağı idi. 

Sosial şəbəkələrdə belə bir alqoritm var: sənin maraq dairən üzrə videolar təqdim edir. Şeiri sevirsənsə şeir, meyxananı sevirsənsə meyxana, gülməli rolikləri sevirsənsə gülməli roliklər çıxır qarşına. 

Lakin bəzən o, tamam yeni, ağla gəlməyən mövzular da təqdim edə bilir. Bir növ sənə qarmaq atır. Sən onun bir-ikisinə baxdınsa, qarmağa düşmüsən artıq...

Bütün bunlar, əlbəttə, düşünülmüş məsələlərdir. Bütün sosial platformalar, əsas da TikTok səni öz səhifəsində saxlamaq üçün yüz oyundan çıxır. Sağdan-soldan maraq dairəndə olan şəxslərlə bağlı anonslar göstərir: filankəs təzə paylaşım etdi, filankəs canlı yayım açdı, filankəs uzun fasilədən sonra yenə onlayndır və s. 

Hətta aktiv izləyicisənsə, səni canlı yayımlar açmağa çağırır.

Bunun üçün sənə pul qazanmaq və məşhur olmaq vədləri verir. 

Bütün bunlar kapitalizmin amansız şərtləri ilə barışmayan insanlar üçün müsbət heç nə ifadə etmir. Lakin özlüyündə ciddi tənqid hədəfinə gələcək bir məsələ də deyil. Çünki TikTok hər şeydən əvvəl bir biznes platformasıdır. Problem onun özündə yox, istifadəçilərində və onların mədəni səviyyəsindədir. 

Ona görə Nikosyağı hadisəsinə görə platformanı tənqid etmək absurddur.

Hətta bəzən TikTokun bağlanması üçün ölkə rəhbərliyinə müraciət edənlər də tapılır. Bəzi ölkələrdə qadağan da edilib. Ənənəvi mətbuat da bu platformaya qarşı, bir balaca qəzəblidir. Çünki oxucularının çoxunu “oğurlayır”.

Lakin kim nədirsə, əvvəl-axır özünə bərabər olacaq.

Qəssabdan balerina düzəldə bilməzsən.

Həm də bir məsələni unutmamaq lazımdır: yaşadığımız postmodern epoxa hamını yazana, çəkənə və paylaşana çevirib. Yəni hamı rejissor, yazıçı və jurnalistdir. İyirmi nəfərlik kollektivi olan ciddi bir sayt axşamacan işləyib 50 min baxış yığa bilmədiyi halda, hansısa TikTok fenomeni canlı yayım açıb sadəcə qışqıraraq yüz minlərlə baxış yığır.

Bu, günün reallığıdır, barışmasaq da, hesablaşmalıyıq.

Mənə görə, sonuncu misal çəkdiyim problemin günahı TikTokdan çox, canlı yayımda qışqıranda və bu bayağı hərəkətə maraq göstərən yüz minlərdədir. 

Lap dərinə getsək, heç onlarda da deyil. Kimsə canlı yayım açıb qışqırmaq istəyir, nə edə bilərik? Adamlar da buna baxıb əylənir. Hər iki tərəf vəziyyətdən məmnundur. Demokratiya deyil? Oğulsan sən öz daha dəyərli alternativlərinlə daha çox auditoriya topla...

Məsələ budur ki, alternativlər var!

Yəqin çoxu fərqinə varmayıb ki, TikTokda həm də böyük vətənpərvərlik təbliğatı aparır. Həm də bu haqda heç bir reklam və anons vermədən. Öz-özünə... Təbii qaydada...  

 

Bildiyiniz kimi, TikTok təkcə “çək-paylaş” prosesinin sadəliyi ilə məşhur deyil, o həm də “kəs-paylaş” prinsipi ilə çox rahat işləyir. Başqa internet resurslarında, televiziyalarda gedən materiallardan istənilən yeri montaj edib TikToka yerləşdirirlər. Misal üçün, ölkə başçısının çıxışından mövzuya uyğun ən əhəmiyyətli bir neçə cümləni, müharibə ilə bağlı kadrlardan hər hansı bir anı. Unutmayaq ki, şəhid qardaşımız Xudayarın məşhur ifası da ən çox TikTokda izlənildi.

İndi isə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə məxsusi TikTok üçün yüzlərlə, minlərlə qısa videolar çəkilir.

Məsələn, Milli qəhrəman Allahverdi Bağırovun, yaxud istedadlı xanəndə Səxavət Məmmədovun övladları atalarının məzarını ziyarət edir. Bu duyğusal anlar həm də ciddi ideoloji mesajlar ötürür: bu torpaqlar bizimdir, burda görün kimlərin məzarı var və biz bura qayıtmaya bilməzdik.            

Lap olsun sadə adamlar. Öz evlərini ayrı ziyarət edirlər, kəndi ayrı, qəbiristanlığı ayrı. Çox vaxt da bunu yaxın adamlar kameranın yaddaşına alıb TikTokda paylaşır. İnanın, şəxsən mən, bəzən elə təsirli anların şahidi oluram ki, göz yaşlarıma hakim kəsilə bilmirəm.

Dizin-dizin sürünən kim, torpağa baş qoyub uzanan kim, səslə bayatı çəkib ağalayan kim, sevinc göz yaşları axıdan kim...

Sonrakı və uzunmüddətli proses isə azadlığına qovuşan və öz övladlarını qarşılayan rayonlarımızın təbiəti ilə tanışlıqdır. Tanışlıq niyə deyirəm. Gənc nəsil o yerləri görməyib. Onlar ata-baba yurdlarının flora və fauna gözəlliyi qarşısında heyrət edirlər. Tanış ola-ola həm də tanış edirlər. Görüb çəkdiklərini böyük sevinc hissi ilə öz paylaşırlar.

Təbiət çəkilişləri təkcə passiv planda aparılmır. Yəni yerində durub gözəllikləri çəkmirlər. Adamların su içməsini, qayanın üstünə çıxmasını, baldırğan yığmasını, at çapmasını, heyvan otarmasını, hətta bəzən bir-biri ilə yer üstündə mübahisə etməsini çəkirlər.

Bir də var dağda-meşədə qəfil gözə görünən vəhşi heyvanları görən kimi kameranı işə salmaq. Bu ənənənin özündə çox incə bir məqam var. Əvvəllər vəhşi heyvan, xüsusən ceyran-cüyür görəndə silaha əl atırdılar, indi isə bu qənirsiz gözəllikləri kameranın yaddaşına köçürüb paylaşmaq istəyirlər.

O gün tanınmış aşıqladan biri bulağın üstündə saz çalır, taladan körpə bir cüyür boynunu uzadıb ona qulaq asırdı. Əlbəttə, o incə qəlbli təbiət gözəlləri burda belə estetik səslər eşitməyiblər. Ya güllə səsi, ya insan hayqırtısı gəlib qulaqlarına və ürküb qaçıblar. İndi onlar da buraların dəyişdiyinin, gözəlləşdiyinin fərqindədirlər.              

Sosial platformalarda əbədiləşən videomateriallar təkcə tariximizin yox, həm də mənəvi yaddaşımızın bir parçasıdır. Bizim torpağa, yurda nə qədər bağlı olduğumuzu göstərən birər-birər detallardır. Bu materiallar gələcəkdə hekayələr, romanlar, filmlər üçün ciddi material rolunu oynayacaq.

Bəzən çəkilişi aparan və ya çıxış edən insanın çox istedadlı olduğunu görürsən. Özünün də xəbəri yoxdur ki, o, potensial rejissor və ya ssenaristdir.

Hiçkok necə deyirdi: kino həyatın maraqsız yerlərinin montajla çıxarılmasıdır. Bizim TikTok istifadəçilərinin bir çoxu bax həmin o maraqlı anları tapıb çəkə bilənlərdir. Və sevindirici haldır ki, bu sayaq videolara yüz minlərlə, bəzən milyonlarla baxış olur.       

Demək, yenə əzəli-əbədi məntiqə qayıdırıq: bıçaqla adam da vurmaq olar, çörək də kəsmək olar, baxır o, kimin əlindədir. Sosial şəbəkələr, o cümlədən TikTok da belədir. Sən nə arzulasan sənə onu da göstərəcək. Niyyət-mənzil məsələsi...

Niyyətimizi dürüst tutaq ki, mənzilimiz abad olsun!