27.07.2024, 09:32
AZ EN
09.08.2023, 11:00

İsti Bakı axşamının tarixi məmnunluğu

Şərif AĞAYAR

  • Bakının dəhşətli istilərlə qovurulub-yandığı axşamların birində əslən laçından olan şair dostum məni sərin çayxanalardan birinə dəvət etdi. Dostum həm də dil-ədəbiyyat müəllimidir. Daim mütaliə etdiyi üçün söhbətimiz tutur. Bu görüşün məqsədi yalnız istidən yayınmaq deyildi. Həm bir müddət öncə getdiyim Şərqi Zəngəzur dağları ilə bağlı xatirələrimi bölüşəcəkdim, həm də ümumiyyətlə ədəbiyyat və kitab söhbətləri edib mənalı bir gün yaşayacaqdıq.

Deyilən ünvana çatanda dostumu yaşlı bir kişi ilə üzbəüz əyləşən gördüm. Düzü, bir balaca narahat oldum. Adətən bu yaşda insanlarla söhbət istədiyin tempdə alınmır, ona görə sən də məcbursan görüşün ümumi ahəngini onlara uyğun tənzimləyəsən. Yoxsa, Allah eləməmiş, hörmətsizlik kimi çıxar.

“Aydın mənim dayımdır, doğma dayımdan çox istəyirəm onu” – dostum dedi.

Aydın müəllim də ona xoş təbəssümlə cavab verib minnətdarlığını bildirdi.

Mixəkli çay süfrəyə gələr-gəlməz ətraflı tanış olduq. Sən demə, Aydın müəllimin soyadı Məmmədov imiş. Məşhur filoloqumuz, mərhum Aydın Məmmədovun ad və soyad adaşı...

Mən ona bu maraqlı təsadüfi xatırladanda kişinin qırışığı açıldı və mənim də yazı-pozu əhli olduğumu bildi. Bu səfər daha içdən gülümsünüb buyurdu:

“Mənim babam jurnalist olub!”

Nəyisə səhv dediyini düşündüm. Çünki qarşımda 65-70 yaşlarında bir ağsaqqal oturmuşdu. Onun babası gedib düşürdü çar dövrünə. O vaxt da jurnalistika ilə məşğul olanları adbaad tanıyırıq. Əvvəl üstünü vurmaq istəmədim, sonra maraq mənə güc gəldi, babasının adını soruşdum. Arxaya söykənib sinəsini qabağa verdi: 

– Məmmədəli Nasir İrəvani!

Mən İrəvan şəhərinin tarixini az-çox oxuduğum üçün bu adamı tanıyırdım. 

Aydın müəllim onun babasını tanıdığıma əvvəl heyrətləndi, sonra kövrəldi. 

Mən ona indiyəcən niyə babası haqda əhatəli bir məqalə yazılmadığını, araşdırma aparılmadığını soruşdum. Məlum oldu ki, nəvələrindən biri – Sevil Nasir babası haqqında kitab yazıb, lakin bəlli səbəblərdən İrəvan, Tiflis və Moskva arxivlərində lazımı qədər araşdırma apara bilməyib. 

Əslində, Məmmədəli Nasirin həyatı və fəaliyyəti çox genişdir. Və bu faktlar Ermənistanla sülh danışıqları prosesində Cənubi Qafqazdakı vəziyyəti düzgün qiymətləndirmək üçün qiymətli məxəzdir. Üstəlik, adam təkcə jurnalist olmayıb. O həm də Komminist Partiyasının idarəçilikdə təmsil olunan yerli kadrlarından biri idi.  Bu vəsilə ilə erməni daşnakları ilə fəal mübarizələr aparırdı. 

Maraq üçün elə çayxanadaca internetə girib Məhəmmədli Nasir üçün axtarış verdim. Qısa avtobioqrafik material çıxdı. Onun fotosuna baxanda heyrətləndim: qarşımda oturan adam babasının eyni idi! 

Aydın müəllim bu sözlərimə də ayrıca sevindi.

Əlbəttə, mən bu yazımda Məmmədəli Nasir haqda ən vacib məlumatları verəcəyəm. Lakin bir neçə kəlmə Aydın müəllim və onun atası, yəni Məmmədli Nasirin oğlu Yunus Məmmədov haqqında bir neçə kəlmə yazmaq yerinə düşərdi.

Yunus müəllim İrəvanda doğulub. Lakin ötən əsrin 50-ci illərində İosif Stalinin özünün şəxsən başçılığı ilə həyata keçirilən müsəlmanların Ermənistan SSR ərazisindən köçürülmə siyasətinin nəticəsi kimi bütün qohum-əqrəbası ilə doğma ata-baba yurdundan qaçqın düşərək ozamankı Jdanov, indiki Beyləqan rayonuna gəlib və burada uzun müddət mədəniyyət sahəsinə rəhbərlik edib.

Aydın Məmmədov isə yazı-pozudan və sənətdən uzaq sahələrdə işləyib.

İndi Bakıda yaşayır və 67 yaşda da əmək fəaliyyətini davam etdirir.

Məmmədli Nair isə əvvəldən birdəfəlik Bakıda yerləşib.

Məmmədəli Hacı Məmməd oğlu 1899-cu ildə İrəvan şəhərində anadan olub. Onun atası Hacı Məmməd dini təhsil almışdı və ərəb, fars dillərini yaxşı bilirdi. Məmmədəli də 1908-1914-cü illərdə İrəvan gimnaziyasında təhsil almış, fars dilini mükəmməl öyrənmişdi.

İlk yazıları 1912-ci ildən Bakıda çıxan “Sədayi-həqq”, “İqbal” qəzetlərində və 1914-cü ildə İrəvanda çıxan “Lək-lək” satirik jurnalında çap olunub.  Yəni o, 13-14 yaşlarından nəinki yazmağa, hətta nüfuzlu mətbuat orqanlarında çap olunmağa başlayıb.

Məmmədəli Nasirin davamlı nəşr olunduğu “Lək-lək” jurnalı o dövrün tədqiqatçıları tərəfindən İrəvan azərbaycanlılarının mətbuat abidəsi adlandırılır. Nasir bu jurnalda daha çox “Şeytan”, “Dul toyuq” imzası ilə şeirlər və məqalələr yazırdı.

1917-18-ci illərdə məsləkdaşları ilə birgə İrəvanda “Cavanlar şurası” adlı ictimai-siyasi qəzet açmağa müvəffəq oldu. Qəzet daşnakların çirkin əməllərini pisləyir, xalqı ayıq və səfərbər olmağa çağırırdı. Bu səbəbdən qəzetin yalnız üç-dörd sayı nəşr olundu.

Bundan sonra Məmmədli Nasir “Açıq söz” qəzetində dərc olunmağa başladı.

O, Hüseynağa Şahtaxtlının rəhbərliyi ilə İrəvanda qurulan “Müdafeyi-məzluman” təşkilatının fəallarından idi.

Nasir təkcə daşnakların deyil, həm də qaragüruhçuların sevmədiyi bir şəxsiyyət idi. O vaxt İrəvanda əhalini maariflənməyə və dünyada gedən proseslərdən xəbərdar olmağa səsləyən qələm adamları daimi təqib olunur, hətta onlara qarşı terror də həyata keçirilirdi. “Molla Nəsrəddin”in İrəvan müxbirləri Əli Məhzun və Cabbar Əsgərzadə haqda ölüm fətvası verilən vaxtlarda gənc jurnalist Məmmədəli Nasiri xəncərlə yaralamışdılar. “Lək-lək” jurnalının 28 may 1914-cü il nömrəsində çap olunan “Nəsihət” adlı şeir bundan bəhs edirdi:

Özünü topla a “Leylək”, bircə rahət otur!
Olmasın çox da işin seyid ilən, həm bəy ilən!
Görmüyürsən, a quzum, Nasiri xəncərlədilər,
Mərvdə Yusifi öldürmədi bir çəkməsilən?

Milli fəaliyyətlərinə görə daşnaklar Məmmədəli Nasiri İrəvandan didərgin salmağa çalışırdılar. Təəssüf ki, milli hökumət zamanında alovlanan ekstremist dalğanın təsiri ilə buna nail oldular və Məmmədli Nasir Gəncəyə sığınmağa məcbur qaldı.

1921-ci ildə bir daha İrəvana rəhbər vəzifəyə dəvət edildi. O, Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində Türk seksiyasının müdiri vəzifəsinə təyin olundu.

Sonrakı iş yeri isə “Rəncbər” qəzeti oldu.

1922-1923-cü illərdə Qafqaz Bürosu Məmmədəli Nasiri Gürcüstanın Azqur, Borçalı və Qarayazı rayonlarında partiya komitəsinin katibi vəzifəsinə işə təyin etdi.

1926-cı ildə növbəti təyinatla Zaqatalada Siyasi maarif şöbəsinin müdiri işləyən Nasir bir il sonra Bakıda “Kommunist” qəzetinə işə dəvət olundu. Burada bir neçə il təlimatçı, Qəzalarla iş şöbəsinin müdiri vəzifələrində çalışdı.

1931-1934-cü illərdə Dəvəçi, Laçın, Ağdam, Bərdə, Şirvan və Goranboy rayon qəzetlərinin məsul redaktoru kimi fəaliyyət göstərmişdi.

1936-cı il iyulun 18-də repressiyaya məruz qalaraq həbs edildi və 10 il sürgün həyatı yaşadı.

1956-cı ildə bəraət aldı və həmin ildən vaxtilə işlədiyi “Kommunist” qəzetində təşkilatçı müxbir kimi fəaliyyətə başladı. Eyni zamanda “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı” qəzetlərində, “Azərbaycan” və “Kirpi” jurnallarında yazılarla çıxış etdi.

Məmmədli Nasir həm də pyes yaradıcılığı ilə məşğul olurdu. Onun “Bədbəxt ailə” pyesi 1919-cu ildə Gəncədə tamaşaya qoyulmuşdu. Bundan 5 il əvvəl, 1914-cü il mayın 16-da İrəvan Teatrı Nasirin “Millətpərəstlikmi, şərabxorluqmu?” komediyasını tamaşaya qoymuşdu. “Bəxtsiz ailə” pyesi bir də 1952-ci ildə – ermənilərin təqibindən yayınmaq üçün səyyar fəaliyyət göstərməyə məcbur qalan İrəvan Teatrında oynanıldı.

Məmmədəli Nasir 1982-ci il aprelin 14-də 83 yaşında vəfat edib, Bakının şəhər qəbiristanlığında dəfn olunub.

O, jurnalistika və ədəbiyyat mühitində layiq olduğundan az tanınsa da, haqqında bir monoqrafiya kitabı və çoxsaylı məqalələr çap edilib. İrəvan şəhərinin tarixindən bəhs edən kitab və məqalələrdə adı hər zaman çəkilib, fəaliyyəti qiymətləndirilib.

Nəvəsi, tədqiqatçı-alim Şəfəq Nasirin “Məmmədəli Nasir” monoqrafiyası 2014-cü ildə Mətbuat Şurasının xüsusi diplomuna layiq görülüb.

Belə.

İstisi nəfəs kəsən Bakı axşamlarından birində bu cür dəyərli bir kişinin nəvəsi ilə tanış olmaq məndə böyük məmnunluq hissi yaratdı. Və bu yığcam yazının yazılmasına da bu görüş vəsilə oldu.

Unutmayaq ki, unudulmayaq!