Vətən ziyarətindən üçüncü yazı
Biz kəndə çatanda yağış yağmağa başladı. Amma dağlar yenə adamın üzünə gülürdü. Ətrafda təbiətə aid bütün möcüzələr vardı: dağ, qaya, çəmənlik, meşəlik, bulaqlar... Uzaqda bir uçurumun tininə ilişib qalan ağappaq duman bizə əl eləyir.
Göyün mavisi, təbiətin yaşıllığı, buludun ağı daha boldur – yağış yağdıqca rəngləri yuyub daha da təmizləyir.
Təbiətin gözəlliyi və yurda qovuşmanın sevinci bütün ağrı-acını unutdurur. Lakin dağılmış evlər həm də uzaqlarda yurd həsrəti ilə can verən insanları yada salaraq həzin bir iniltiyə köklənir.
Vətən həm də adamlardı axı!
Evlər onların həsrəti ilə dünyadan köçən sakinlərinin dərdindən bu günə düşüb elə bil. Beli sınıb. Qəddi əyilib. Pəncərə gözləri ovulub tökülüb.
Amma bu ağrı da ovunur Ağbulaqda. Çünki kənddə azı otuz-qırx ailə yaşayır və hərə alaçığını öz dədə-baba həyətində qurub. Mənim doğmaca əmim oğlu Azad da babamızın yurduna gəlib, oranı şenliyə çevirib.
Deyirəm, Azad, böyük savab qazanmısan!
Deyir, mən kiməm? Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək olsun.
Deyirəm, elə o böyük kişilər biz gəlib burda yaşayaq deyə odun-alovun içinə atıldılar də.
Razılaşır. Üzünə sirli təbəssüm qonur.
Köhnə dostum Müstəcəb də Azadın qonşuluğundadır. Hər ikisi mal-heyvan təsərrüfatı ilə gəlib Ağbulağa. Özləri demiş, kefdədirlər. Səhər inəkləri ötürüb, axşam qabağına çıxırlar. Bəzən heç qabağına çıxmaq da lazım deyil. İnəklər ağıllı heyvandır, sahibinin qapısını tanıyır. Qoyuna baxma. Qoyun əziyyətdir. Gərək bircə saat da gözdən qoymayasan.
İşin bircə çətinliyi var: sağılan inəklər havanın yağışlı olmasından istifadə edib gözdən yayınır, gedib südünü buzovlara əmizdirir. Axı ulu təbiət onların yelinində insanların da payını göndərib. Yoxsa havayıdır növbə gözləyib “portal”dan keçmək, maşın tutmaq, bu boyda yolu gəlmək, hələ kommunikasiyanın tam bərpa olunmadığı ucqar kənddə həyat şəraiti düzəltmək... Yox, amma işin mənəvi tərəfi heyvanlar üçün də var. Vətən həm də onlarındı axı. Qoy beş-on gün ana-bala məhəbbətinin dadını çıxarsınlar. Bu da olsun iyirmi-otuz litr süd. Halal eləyək getsin.
Ancaq arılar hələ Ağbulaqla yaxşı tanış ola bilməyiblər. Soyuq və nəmişlik onların düşmənidir. Pətəklərin dərinliyinə yığışıb dızıltılarını da alıblar içlərinə.
Təbiət isə halından məmnundur. Yuyunur-cilvələnir, cilvələnir-yuyunur. Bəzən darıxmamaq üçün hansısa zirvənin başında duman kəlağayısını oynadır, əlçatmaz ənginliklərdə şimşəyin simli qamçısı görünür, dalınca gurultusu eşidilir. Bəzən hirslənəndən az sonra gülümsəyən adamlar kimi çöhrəsi açılır, günəş buludların arasında sərxoş-sərxoş diyirlənir. Yenə qarşı dağın yaxasında göyqurşağı görünür. İlahi! Bu rəngli möcüzə yenə uşaqlığımızdakı kimi bir ayağını Qışlağın çayına sallayıb.
Qonşum Müstəcəbin də üzündə güllər açıb. Deyir, dünyanın ən xoşbəxt adamıyam. Ahıl yaşımda Allah qismət elədi, gəlib buraları gördüm.
– Daha radiolarını qırmazsan? – söz atıram.
Atmacam elə belə deyil. Müstəcəb 50 yaşınacan azı 30 radio qırıb. Səbəb: xəbərlərdə onu aldadıblar.
Gülür:
– Yox, 35-də dayandım. Daha yalan demədilər. Hamı Laçının Azərbaycan torpağı olduğunu təsdiqlədi.
Ağbulaqda radioya qulaq asmaq onun yadına düşmür. Radioya adətən vacib xəbər gözləyəndə, ya da darıxanda qulaq asırlar. Müstəcəb nə vacib xəbər gözləyir, nə də darıxır. Çünki ən vacib xəbərini alıb – yurdu azaddır! Darıxmır – öz yurdundadır.
Ömrün bu anlarını dünyalara dəyişməz.
Kənd məni daha bir sürprizlə qarşıladı. Sən demə, müəllimim, istedadlı saz aşığı, “İşıqlı” ansamblının qurucusu və rəhbəri Cabbar Cabbarov da bu yay kəndə köçübmüş. O da baba yurdumuzun lap yanındadır. Yəni atası ilə babam gor qonşusudur.
Cabbar müəllim sənətkarlıqdan əlavə həm coğrafiya müəllimidir, həm də kəndimizin ən yaxşı ovçularından biridir. O həm də sazbənddir. Üstəlik, gözəl arıçılığı var. Ağbulağa da arıları ilə gəlib.
Bizi alaçığının girəcəyində dağ kəklikotusu ilə dəmlənmiş ballı çaya qonaq edəndən sonra sabahın planını cızırıq. Təbii, ziyarətlərimiz hava şəraitindən çox asılıdır. Hava proqnozunu öyrənməyə nə var? Hər şey ovcumuzun içində. Şəbəkə də tutur. Müstəcəbin radiosuna möhtac deyilik. Amma buralarda hava proqnozu təxminidir. Azca bulud göstərdiyi gün şıdırğı yağış yağa bilər. Laçın dağları sənin üçün Bakı deyil ki, Xəzrini ayrı, Gilavarı ayrı metrləyəsən.
Yaxşı ki, bu şıdırğı yağış uzağı on dəqiqə yağır, yoxsa hər yanı sel-su basar.
Bütün variantlarda yağışı nəzər alaraq Cabbar müəllimin tövsiyələrini dinləyirik. Mənim doğma Ağbulağın əsrarəngiz təbiəti ilə görüşüm iki hissədən ibarət olacaq: birincisi, yaylaqlarla, ikincisi, meşələrlə. Sovet vaxtı olsa bunun hər birinə iki gün sərf etməli idim. İndi həm Kəlbəcərə, həm də meşələrə çəkilən yollar iki-üç saatlıq mənzili on dəqiqədə qət etməyə imkan verir. İnanılmazdır.
Səhər tezdən “Niva”ya əyləşib on beş-iyirmi dəqiqəyə Dəlidağın qənşərinə çıxdıq. Yadımdadır, 1991-ci ilin payızında bu yolu atla üç-dörd saata getmişdik.
Cabbar müəllimin sürprizi də var: günortadan sonrakı çay səfərinə bizimlə gələcək! Bu, Ağdərənin qızıl balığından dadmaq deməkdir. Cabbar müəllim həm də balıq tutmağın ustasıdır. Amma qarmaqla... Təbiətə qədərindən artıq müdaxilə onu əsəbiləşdirir. Görünür, coğrafiya müəllimi olmasından irəli gəlir.
Tanış dağlar, tanış düzənlər, tanış göllər və çınqıllar... Göy döş, Qədir bəy təpəsi, Yaş çökək, Qaradağlı, Çöplü göl... Hansını qoyub hansının adını çəkəsən? Hansı mənzərəni buraxıb hansını seyr edəsən? Gözün eləcə bir gözəlliyə taxılıb qalır. Çevrilib baxanda görürsən bura da ora qədər gözəl imiş. Yüz-yüz əlli addım yerini dəyişirsən, yeni mənzərələr açılır. Xüsusən Ağdərə kanyonu adamın içində kəpənək uçurur. Çay və yanı ilə yarımstansiyaya qalxan yol nazik ip kimi görünür. Boynunu qorxa-qorxa uzadıb təəccüblə baxırsan.
Bütün bu yerlər həm tanışdır, həm də bir az yad gəlir sənə. Keçən 30 ildə yaddaşında deformasiyaya uğrayıb bəzi yerlər. Ya balaca qalıb yadında, ya da çox şişirtmisən, böyütmüsən. Çəmənlikdəki bütün güllər, otlar tanışdır. Elə bil danışırlar səninlə. Üzünə gülürlər. Yaşıllıq artıb – bu dəqiqdir. Yaşıllığın artması qayaların da, daşların da rəngini dəyişib. Amma xına daşları keçmişə sədaqətlidir. Qıp-qırmızı qızarırlar. Gur yağışlar da onların qırmızı sevdasını yuyub apara bilmir.
Bu da Adalar... Yeddi bölük yaylağı... Çayın baldırğanından da dadırıq. 30 il itirdiyim dada qovuşuram.
Kəndə günorta qayıdırıq. Dağın təbii göy-göyərtisindən hazırlanmış turşməzə dovğa lap yerinə düşür. Adama iki boşqab vururuq bədənə. Həm də kənddə 30 il əvvəlin ənənəsi ilə bişən yuxa ilə.
Günün ikinci yarısı yönümüz çaya doğrudur. Təbii, ilk ziyarət xəndəyin başından məşhur Ağbulaq şəlaləsinə baxmaq olur. Sonra özümüzü meşəyə atırıq. Çayı keçib qayaların arası ilə altdan yuxarı qalxırıq. Cabbar müəllim az qala əlli addımdan bir maşını saxlayır. Düşürük. Və az qala hər əlli adımın ayrıca xatirəsini danışır. Bəzən bir yerdən beş-altı xatirə... Adamları yada salır, bəzilərinə zəng edir. Ürəyi necə açılıbsa, elə bil dünyanın ən böyük rejissorunun kamerası qarşısındadır və əbədiyyət üçün çıxış edir.
Yer adlarının təhlili, bitkilər, dağ keçiləri, ayılar, cüyürlər, meşədə insanlardan xəbərsiz yaşayan bal arıları... Bu saat sağ-solumuz doludur. Amma nədənsə biz onların heç birini görmürük. Cabbar müəllim əlini iki qayanın arasındakı qumsala uzadır: orda dağ təkələri sürü ilə otlayırlar. Ha baxsan seçməzsən. Çünki təbiətin rəngindədirlər.
Sonra bir əhvalat danışır. Deyir, keçən dəfə bax o ağacların arasından bir cüyür çıxıb diqqətlə bizə baxdı, gözlərim doldu. Niyə? Çünki cüyür öz ürkək duruşu ilə bizə deyirdi ki, yerinizə-yurdunuza xoş gəlmisiniz, amma bizə toxunmayın, axı bura bizim də vətənimizdir.
Quzey qayanın altında lap heyrətlənirəm. Belə əzəmətli qaya görməmişəm. Biz səhər o qayanın başından kanyona baxmışdıq, indi o sap kimi görünün çayın qırağından – yolun içindən altdan-yuxarı baxırdıq...
Laçın nazlı bir gözəldir, onu həm sevmək, həm qorumaq lazımdır. Bunu da Cabbar müəllim deyir. Qəfil ağlıma gəlir ki, biz sənətkardan heç sazını soruşmadıq. Özü də bu haqda danışmadı. Çünki biz son otuz ildə sazın bizi xəyalən apardığı yerlərə gerçəkdən gəlmişdik. Burda havaları çaylar çalır, meşələr ona züy tutur, qartallar zəngulə vurur. Sən isə “Azad vətən” adlı bu ilahi havacatın dinləyicisi yox, bir xalı, bir gülü, bir naxışısan.
İlahi, bir də susmasın bu nəğmə!