27.07.2024, 08:53
AZ EN
02.07.2023, 15:00

Güclü birliyimiz – gələcək qələbələrə təminatdır

Sabit ƏZİMOV

  • Xalqımızın keçdiyi inkişaf yolu həmişə diqqət mərkəzində olub, eyni zamanda, tarixi və ictimai-siyasi yanaşmalar kontekstində ona müxtəlif ziddiyyətli baxışlar mövcud olub, dünyəvi dövlət quruculuğu yolunda Azərbaycanın hərtərəfli inkişafına ciddi maneələr yaradılıb. 19-cu əsrin əvvəllərindən başlayaraq Rusiya ilə İran arasında müharibələr, ərazi bölgüləri, müqavilələr sonrakı dövrlərdə imperiya siyasətinin ucqarlarda möhkəmləndirilməsi, xalqların milli-mənəvi, tarixi, iqtisadi-siyasi dəyərlərini aşağılamaq cəhdləri ona gətirib çıxarıb ki, inkişaf yoluna qədəm qoymuş və buna tam ixtiyarı olan xalqımız uzun bir dövr ərzində inkişaf prosesini lazımı qaydada keçə bilməyib.

Əlbəttə, bütün təzyiqlərdən və məhrumiyyətlərdən yaxa qurtarmaq nə qədər çətin olsa da, tarixi kökə bağlılıq, mütərəqqi islahatlara can atmaq baxımından Azərbaycan xalqının mübarizəsi tarixin hər bir dövründə müsbət çalarları ilə formalaşıb, zənginliyi ilə yeni dəyərlər yaradıb.

20-ci əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, əslində, xalqların inkişafı və özünəməxsusluğu baxımından digər qitələrdə dövlətçilik ideyalarının təşəkkül tapdığı bir dövrdə xalqımızın iradəsinin ən yüksək ifadəsi olsa da, çar Rusiyasında baş verən bolşevik inqilabı nəticəsində hakimiyyətə gələn qüvvələrin təzyiqi ilə  milli müstəqil dövlətçiliyimiz süquta uğradı. Qonşuluqda müstəqil bir dövlətin yaranması - təşəkkül tapması imperiya siyasətinin təsir dairəsini zəiflədən amil hesab edildiyi üçün müstəqil dövlətçilik ənənəsi olan Azərbaycanımız 70 ildən artıq bir dövrdə də zamanın sınaqlarına məruz qaldı.

Keçilmiş yolda baş verən hadisələr təhlil edilərkən bir daha sübut olunur ki, milli dirçəlişi təmin edən amillər məqsədyönlü şəkildə məhv edilmiş, bir çox hallarda süni maneələr yaradılaraq azərbaycançılılıq məfkurəsinin təsir dairəsi məhdudlaşdırılmış, varislik, tarixi bilgi və dünyagörüşünə malik seçilmiş insanlarımız hər cür repressiyaya məruz qalmışlar. Təbii ki, hər bir yenilik, inkişaf çətinliklərdən keçərək qurbanlar da tələb edir, lakin uzunmüddətli siyasi sıxıntıları, yaradılmış süni maneələri rahat keçmək üçün də zaman tələb olunur, yaranmış qeyri-siyasi atmosfer artıq yeni baxış formalaşdırır və şəraitin yarandığını diqtə edir.

1991-ci ildə Azərbaycan xalqının nail olduğu dövlət müstəqilliyimizi nə qədər arzuedilən, sevindirici hal hesab etsək də, bu yolda mövcud maneələr əsrlər boyu yaradıldığı üçün problemlərin məngənəsindən hələ qurtula bilmirik. 19-cu əsrin əvvəlində bir sıra torpaqlarımızın, o cümlədən, İrəvan və Naxçıvan xanlıqlarının rus imperiyasına tabe edilməsi, 20-ci əsrin əvvəlində Zəngəzur torpaqlarının Ermənistan dövləti yaratmaq məqsədilə Azərbaycandan qoparılması, ötən əsrin sonlarında isə Azərbaycanın müqəddəs, tarixi dilbər guşəsi olan Qarabağımızın məkrli siyasi məqsədlərlə qonşu hesab etdiyimiz Ermənistana birləşdirilmək cəhdləri də xalqımızın dövlət kimi formalaşmış inkişaf yoluna zərbə vurmaq məqsədi daşımışdır.

1988-ci ilin əvvəlində erməni separatçıları o zaman mövcud olan SSRİ hakimiyyət orqanlarının rəhbərləri tərəfindən müdafiə edilirdi, Azərbaycanın mövcud hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qərarlara və konstitusiya qaydalarına əməl etməyərək Qarabağın Ermənistana birləşdirilməsi təşəbbüsü ilə çıxış edirdilər. Əslində, bu prosesin başlanması mexanizmi və ideya mərkəzi xarici dövlətlər tərəfindən peşəkarlıqla düşünülmüş siyasətin tərkib hissəsi idi. Eyni zamanda iki əsas istiqamət üzrə plan nəzərdə tutulurdu. Birincisi beynəlmiləl ailə modeli daşıyan, mövcud dünyada iki güclü dövlətdən biri olan SSRİ-nin dağıdılmasına təkamül ola biləcək millətlər arasında münaqişələrin, ikinci məsələ isə xarici erməni lobbisinin təsiri altında böyük Ermənistan dövlətinin yaradılması arzusu idi. Hətta ittifaq dövlətinin süqutundan sonra belə münaqişəyə cəlb edilmiş dövlətlər arasında sülhün bərqərar olmasında beynəlxalq qurumlar və supergüc dövlətlərin ikili standartlar əsasında yanaşmaları xalqımızın qanuni haqlarının təmin olunması üçün şərait yaratmadı, əksinə süni şəkildə müddət uzadıldı.

Qarabağ münaqişəsinin yaradılması, onun inkişaf etdirilməsi istiqamətində bir sıra məsələlər ətrafında fikir bildirərkən mərkəzdən asılı olmağın ağır nəticələrə səbəb olduğunu yaxşı bilirik. Hətta müstəqilliyimiz bərpa olunandan sonra da bu ərazidə siyasi manipulyasiya yaradanların əsas məqsədlərindən biri də dövlət müstəqilliyimizin qorunması və inkişafına qarşı mübarizədə separatçıları dəstəkləmək cəhdləri idi.

Azərbaycanın neft və qaz strategiyasının perspektivi isə çoxlarına yaxşı bəlli idi.

Doğulduğum Ağdam rayonu və işğala məruz qalmış digər rayonlar 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad olundu. Ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin gedişi ilə tanış olduqca böyük sevinc hisslərini yaşayırıq, keçmiş məcburi köçkünlərə xüsusi həssaslıqla yanaşılaraq onların ləyaqətli qayıdışının şahidi oluruq. Əlbəttə ki, bu xüsusi qürurverici haldır və uzunmüddətli strategiyanın həyata keçirilməsində uğurlu başlanğıcı təsdiq edir. İndi Qarabağımız əsl sahiblərinə qucaq açıb. Lakin aktual olaraq qalan və hələ də tam qayıdışa əngəl yaradan problemlərdən biri də işğala məruz qalmış ərazilərimizdə Ermənistan dövləti tərəfindən torpaqlarda çirkli ərazilərin yaradılması və minalardan təmizlənməmiş ərazilərin mövcudluğudur. Digər tərəfdən Ermənistan, Rusiya və Azərbaycan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli sazişin tələblərinin tam mənada yerinə yetirilməməsi mövcud çətinliklərin hələ də qaldığını təsdiq edir. Ermənistan dövlətinin silahlı qüvvələrinin geniş kontingentinin Qarabağ ərazisində sülhün bərqərar olmasında cavabdeh olan Rusiya sülhməramlı qüvvələrinin nəzarət ərazisində azad dislokasiya olunması, ardıcıl olaraq təhdidlər həyata keçirməsi onu göstərir ki, beynəlxalq praktikada mövcud olan yanaşmalara söykənən sülh müqaviləsinin imzalanmasına maneə törədən qüvvələr əsrlər boyu məxsus olduqları imperiya siyasətini davam etdirmək istəyirlər.

Yaxın ətrafımızda və Şimali Qafqaz regionunda siyasi maraqların toqquşduğu və yeni münaqişə ocaqlarının yaradılmasında marağı olan, qarşıdurma yaratmaq istəyən qüvvələr var, bir çox hallarda isə lazım bilinən istiqamətlərdə müharibələrin uzunmüddətli xarakteri nəzərdə tutulur. Belə bir zamanda isə siyasi maraq dairələri bizimlə üst-üstə düşən dövlətlərlə əlaqələrimizi hər vasitə ilə gücləndirməli, ehtiyac bilinməsə də, yaxın ərazilərdə yerləşən dövlətlərlə də əlaqələrimizi qoruyub saxlamağı bacarmalıyıq, düşmən dövlətin başqalarını bizə qarşı yönəltmək cəhdlərinin qarşısının kəsilməsinə də yollar tapmalıyıq.

Regionda siyasi və hərbi gücün üstünlüyünü təmin etmək məqsədilə dövlətlərlə əlaqəmizi yeni baxışlar müstəvisində formalaşdıran dövlət başçısı cənab  İlham Əliyevin dəmir yumruğunun yeni bir qələbə qazandıracağı gün də çox uzaqda deyil.

Qüdrətli, müstəqil Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdamım indi azaddır. Uzun illər ərzində hər il iyulun bu tarixi yaxınlaşdıqca zəngin, fədakar insanların yaşadığı gözəl Ağdamın adının üzərində işğal sözü olmağına dözmürdük. Bu gün isə fəxr və qürur duyuruq, şəhidlərimizə rəhmət, qazilərə sağlamlıq diləyirik. Ağdam sürətli inkişaf yoluna qədəm qoymuşdur, əsrlər boyu başımıza gələn müsibətlərə nəzər salaraq müstəqil Azərbaycan dövlətinin uğurlarının möhkəmləndirilməsi istiqamətində daha sıx birləşməliyik, həmişəkindən də daha məsuliyyətli olmalıyıq. Güclü birliyimiz sayəsində isə nəinki bütöv Qarabağ, eyni zamanda qədim Azərbaycan torpaqlarına qovuşmaq mümkün olacaqdır.

Müdrik xalqımız tərəfindən isə indiki zamanın siyasi çağırışlarının düzgün qəbul ediləcəyinə tam inanıram. Qarabağ Azərbaycandır!