Ona zəng çatmırdı. Evdəkilər, xüsusən anası narahat olurdu. Təxminən bir həftə keçməmiş, gənc igiddən zəng gəldi. Anası ilə danışdı. Sağ-salamat olduğunu, tezliklə qələbə ilə geri qayıdacağını dedi. Axırda telefonu atası götürdü. Əsgər atasına bu sözləri söylədi:
“Siz necə adamlarsınız? Adam da belə gözəl yerləri qoyub qaçar?”
Nə vaxtsa bu amansız tənəni eşidəcəyimizi bilirdim, amma bu şəkildə yox. Sözlər həm mənə qol-qanad verdi, həm də bir az utandırdı. Qəfil fərqinə vardım ki, Qarabağı onu heç vaxt görməyən gənclər azad edir!
Onlar vətəni ata-analarının və müəllimlərinin söhbətindən, video materiallardan, fotolardan və kitablardan seviblər.
Bu gün həm də Qarabağı, Zəngəzuru görməyən, lakin oralar haqqında təsirli şeirlər, hekayələr yazan gənclərlə qarşılaşırıq. Qəribədir, tanımadığın, bilmədiyin yerlər sənin yaradıcı avtobioqrafiyanı təşkil edir. Lakin biz “tanımamaq” və “bilməmək” sözlərini belə asanlıqla işlətməməliyik. Çünki tanımaq və bilmək təkcə haranısa canlı görməklə deyil. Elə məkanlar var ki, adam oranı anadangəlmə tanıyır. Ruhu ilə, genetikası ilə, fitrəti ilə...
Qarabağ da, Zəngəzur da bizim mənəvi mahiyyətimizdədir. Xüsusən valideynləri bu coğrafiyada doğulub-yaşayanlar bu yurda məhkumdurlar. Bu bir zərurətdir, seçim deyil.
Təxminən bir il öncə Beyləqana bir ədəbiyyat tədbirinə getmişdik. Fürsətdən istifadə edib 30 il öncə bir müddət yaşadığım və işğaldan yenicə azad olunan torpaqların qoxusunu aldığım Haramı düzünə də getdim. Ən çox da bu sirli-sehrli çöllüyün Füzuli rayon Qaraxanbəyli kəndi istiqamətində yerləşən kəhrizi görmək, suyundan içmək istəyirdim. Bir hərbçinin bələdçiliyi ilə Beyləqan şəhərindən üzü dağlara doğru xeyli yol getdik. Qəfil göy üzünün nə qədər mavi olduğunun fərqinə vardım. Buludlar da aşağı ərazilərdən fərqli olaraq daha ağ görünürdü. Bir anlıq anladım ki, biz bu 30 ildə təkcə Qarabağın yerindən deyil, göyündən də didərgin düşmüşük.
Sən demə didərginlik dərdinin ən böyüyü səmanı itirməkmiş!
Torpağı itirmək ürəyi ağrıdırsa, səmanı itirmək ruhu incidir.
Mənəvi oksigeni tükənir insanın...
Göy üzündən cüda düşmək həm də mənəvi itkidir.
Tanrını itirməkdir.
Sən demə səma heç də hər yerdə eyni deyilmiş! Hər yerdə Tanrını bir cür xatırlayırmış insan. Bəzənsə bir yerdə daha çox xatırlayırmış.
Aydın səmalı göylər, ağappaq buludlar daha qutsal görünürmüş...
Görəsən “indiki şairlər” duyurmu bunu? Mən bəzi qocalar kimi yeni nəsildən şikayətlənməyəcəyəm. Xüsusən Qarabağ mövzusunda biz onlara borcluyuq. Çünki onlara ağır bir miras qoyduq və onlar bu imtahandan üzüağ çıxdılar. Arada mənim vaxtı ilə Şuşada yaşayan, indi məcburi köçkün kimi Beyləqanda məskunlaşan qohumumun oğlu kimi ön cəbhədən zəng edib yüngülcə tənə vursalar da, bizi tarixin xəcalətindən çıxardılar. Bizim söhbətlərimizdən tanıdıqları vətəni bizim üçün azad etdilər.
Boyuna qələbə biçilən yeni nəsil ədəbiyyatda da var. Biz onların şeir və hekayələrini oxuduqca həm də Qarabağda, Zəngəzurda igidlik göstərən gənclərin səsini eşidirik.
Lakin qalib Z nəslindən əvvəl qəribə və dünyanın heç yerində analogiyası olmayan bir nəsil də var: Qarabağda doğulan, lakin oraları xatırlamayanlar...
Bunlar 1990-93 təvəllüdlü uşaqlardır. Analarının qucağında yurd-yuvasından didərgin düşənlər... Gənc şair Səddam Laçın kimi. 1992-ci ildə Laçında doğulub. Doğulduğu il Laçın işğal olunub. Şeirlərini oxuyanda təvəllüdündən gizli xəcalət çəkdiyini də hiss edirsən. Bəlkə, Laçın sözünü təxəllüs götürməsi də bu zərurətdən yaranıb. “Ayağı sayalı olmadığı” üçün yurdunu heç olmasa öz adı ilə qoşa yaşatmaq istəyib. Lakin Tanrı ona 30 yaşı ərəfəsində qələbə şeiri nəsib edib. Görün bu hissi necə sözə çevirib:
Gözün aydın, Laçın,
Gözün aydın, Vətən,
Gözün aydın, ata!
Laçın...
Anamın ən gözəl günləri,
Uşaqlığı,
Uşaqlarından daha çox sevdiyi.
Laçın...
Atamın dirədöymə oynadığı,
Birinə bərk vurub, birinə qıymadığı,
Danışmaqdan doymadığı,
Hamıdan qısqandığı,
Yerinə başqasını qoymadığı
Müqəddəs şəhər.
Laçın...
Səmasında laçınların,
Torpağında laçınlıların meydan suladığı,
Çaqqalların quyruq buladığı,
Boz qurdların hilala baxıb uladığı
Məğrur şəhər.
Laçın...
Məkkəm, Mədinəm, Kərbəlam,
Görmədən sevdiyim.
Yağışını atamın göz yaşlarında,
Qarını anamın ağ tellərində gördüyüm,
Dəli kimi aşiq olduğum şəhər.
Bir gün qoynunda ölmək diləyi ilə...
Sən ey doğulduğum şəhər...
Bu hissi Z nəslindən on il öncəki bir gəncdən başqa kim yaşaya bilər? Amma yaşamaq hələ ifadə edib şərhi-bəyana gətirmək deyil.
Bəli, tamamilə mən deyən məsələdir: yağışını atanın göz yaşından, qarını ananın ağ saçlarından tanımaq...
Bu, sevgilərin ən ülvisidir. Görmədən sevmək yuxuda buta verilən aşiqlərə xas keyfiyyətdir. Nağıllarda, dastanlarda necədir? Adətən aşiq-məşuqa qovuşur. Və dastan, nağıl yalan deyil. Lap əfsanə də. Real olmaya bilər, lakin həqiqətdir.
Sehrli həqiqətlər də olur axı!
Bəzən təxəyyül elədiyin dünyanın içinə düşürsən.
Bəli, ən ülvi arzular gerçəkləşəndə insan xəyallarının içində yaşayır.
Səddam Laçın kimi...
Bu günlərdə “Səndən gözəl olmasın” adlı şeirlər kitabı işıq üzü görüb. Bir həftə öncə İçərişəhərdə keçirilən V Milli Kitab Sərgisi çərçivəsində imza günü də keçirildi. Kitabda bu sayaq “vətən şeirləri” çoxdur. Səddamın bir özəlliyi dı var: onun vətən şeirlərinin poetik qəhrəmanı Laçının təbiəti deyil, şəhərin özüdür. Bu gün sürətlə abadlaşan və artıq ilk ailələr köçürülən şəhər... Valideynləri burada yaşayıb və Səddam burada doğulub...
Səbirsizliklə öz ailəsinin də Laçına köçməsini gözləyir.
“Səndən gözəl olmasın” kitabına daxil etdiyi başqa bir yığcam şeirində məxsus olduğu xilaskar nəslin qəhrəmanlığının fərqindədir:
Məni oğul bil, Vətən,
Səni anam bilirəm.
Məni oğul bil, Vətən,
Səni atam bilirəm.
Bir qarış torpağınçün
Qarış-qarış ölürəm.
Ölürəm ki, deyəsən,
Oğul, üzün ağ olsun.
Ölürəm ki, desinlər,
Təki vətən sağ olsun.
Vətən sağ olsun, əlbəttə! Amma artıq ölümlər bitdi. Torpaq qurbanımızı artıqlaması ilə verdik və şükür ki, Tanrı qəbul etdi. Bundan sonrası yaşamaqdır.
Gözəl günlər...
İşıqlı günlər...
Aydın səmalı günlər...