10.10.2024, 14:34
AZ EN
17.04.2022, 08:50

Yaxın tarixə baxanda: itkilərimiz... arzularımız...

Sabit ƏZİMOV

Yenidən doğulmağa bərabər möcüzənin baş verdiyi gün - 2020-ci il, noyabrın 20-si... Bəli, bu tarix hər birimizin qəlbimizdə, yaşadığımız ömür payında çox fərqli əhəmiyyət daşıyaraq əbədi, şanlı yer tutur. Bu gün üçün uzun illər gözləyərək arzu etdik, can atdıq, dözdük, mübarizə apardıq. Minlərlə vətən övladı doğulduğu torpaqdan - Ağdamdan məcburi köçkün vəziyyətinə düşərək əziyyət çəkdi, dəhşətli, arzuolunmaz illər yaşamağa məcbur oldu. Bu illər ərzində Vətən torpağının hər yerinə pərən-pərən düşmüş insanlarımızın bir çoxu həsrət dolu illəri yaşaya bilmədilər, Ağdamsız yaşamağa ürəkləri tab gətirmədi. Eyni zamanda, doğma yurddan kənarda ağdamlılar doğuldular, böyüdükcə vətən torpağını görməyə, ona sahib çıxmağa can atdılar.

İllər illəri əvəz etdi, çoxlarımız ata-analarımızı, yaxınlarımızı əbədi olmayan dünyamızdan vətən həsrətli, nəmli gözlərlə haqq dünyasına yola saldıq, istəməsək də, bir-birimizdən, doğma yurd yerlərindən kənarda ayrılmalı olduq.

Dünya həyatında bioloji ömrün müvəqqəti olduğunu bilsək də, doğma torpaqlarımızın azadlığını görmədən bizlərdən ayrılmış əzizlərimizi xatırladıqca nə deyəcəyimizi müəyyənləşdirmək çox çətindir. Lakin təsəllimiz budur ki, indi torpaqlarımız işğaldan azad olunub, yurd yerlərimizin səmasında narahat ruhlar azad dolaşır, bizləri görür, daimi yaşadıqları ocaqların ətrafında toplaşırlar.

Ağdamda olarkən gördüklərim, yaddaşımda olanları xatırladıqca bir daha əmin oldum ki, bu qədim yurdun qəhrəman övladları olub və bu günümüzdə də mövcuddurlar. Təbii ki, Qarabağ hadisələri başladığı dövrdən Zəfərin qazanılmasına qədər vətən torpağının azadlığı uğrunda canlarından keçərək şəhid, qazi olmuş minlərlə ağdamlının qəhrəmanlıq yolu əsrlər boyu tariximizdə yaşayaraq gələcək nəsillərə nümunə olacaqdır.

Torpaqlarımızda baş verən erməni vandalizmi göstərdi ki, 1988-ci il fevral ayından etibarən Xankəndi şəhərində keçirilən mitinqlər sonradan ciddi fəlakətlərə səbəb oldu. Buna qarşı respublika rəhbərliyi tərəfindən lazımı səviyyədə tədbirlərin görülməməsinin nəticəsində də acı hisslərlə əhatə olunmuş mənzərələrin yaranması baş verdi. 1987-ci ildə SSRİ rəhbərliyi siyasi qısqanclıq nümayiş etdirərək Heydər Əliyev haqqında ədalətsiz qərar qəbul etdi. M.Qorbaçov bununla da ermənilərə öz dəstəyini əsirgəmədi, hətta bu məsələnin nə yerdə olduğunu da hiss etdik. 1988-93-cü illərdə respublikamızda liderlik funksiyasını - dövlətə rəhbərliyi öz üzərlərinə götürmüş ölkəmizin başçıları tələb olunan zaman düzgün, ağıllı istiqamət seçə bilmədilər, nəticədə torpaqlarımız işğal olundu, bu torpaqların əsl sahibləri uzun illər ərzində məcburi köçkün vəziyyətində yaşamalı oldular.

1988-ci ildə SSRİ Xalq Deputatları Sovetinin qurultayında Ağdamdan seçilmiş Xuraman Abbasova fasilə zamanı cəsarət göstərərək baş katib Qorbaçova yaxınlaşır, ermənilərin Azərbaycana olan ərazi iddialarına qarşı sərt tədbir görülməsini onun nəzərinə çatdırır. Ağdamın ziyalı qadını akademik Ədilə Namazova Xuraman xanımın fikirlərini tərcümə edir, vəziyyətdən çıxmağa çalışan SSRİ lideri söz versə də, sonrakı proseslər göstərdi ki, Qarabağın işğal edilməsinə elə onun özü erməni lobbisinin təsiri altında istiqamət vermişdir. Yuxarıda qeyd etdiyim kimi, o zamankı respublika rəhbərlərinin fəaliyyətsizliyi, mərkəzə tam tabeçilik əhvalı da uğursuzluğun əsas amillərindən olmuşdur. Respublikamızda mövcud ictimai-siyasi, sosial-iqtisadi, hərbi toqquşmaya səbəb olacaq vəziyyəti qiymətləndirməyi bacarmayan o dövrün rəhbərləri Qarabağda baş verən hadisələri düzgün anlaya bilmədilər, baş qaldırmış erməni separatizmini vaxtında məhv etmədilər. Xankəndində Ermənistan və Azərbaycan rəhbərlərinin görüşünün nəticələrini təhlil etdikdə görürdük ki, daha milliyyətçi, anti-Azərbaycan ruhu ilə köklənmiş şəxs rəhbərliyə gətirildi. Vilayət ərazisində xüsusi idarəçilik sisteminin yaradılması ərazi bütövlüyünün tamamilə itirilməsinə səbəb oldu. Ə.Vəzirov, A.Mütəllibov, Ə.Elçibəy, Y.Məmmədov ölkə rəhbəri olaraq nəinki ciddi tədbirlər görə bilmədilər, hətta respublikamızda vətəndaş qarşıdurmasına səbəb olan xaos yaratdılar, bu vəziyyətdən isə düşmənlərimiz istifadə etdilər. Ağdamda olarkən baş vermiş dağıntıları gördükcə, məhz adlarını qeyd etdiyim siyasi liderlərin, yerli idarəetmə orqanlarında rəhbərlik edənlərin səriştəsizliyi nəticəsində məhz bu bəlaya düçar olmağımıza əmin oldum. Ümumi birliyi, vahid komandanlığı təşkil edə bilməyənlər erməni terror birləşmələrinə, demək olar ki tam şərait yaradıblar.

Ölkəmizi ən çətin vəziyyətdən, sınaqdan qorumağa qadir olan ümummilli lider Heydər Əliyevin məhz 1993-cü ildə hakimiyyətə qayıdışı, onun siyasi varisi olan İlham Əliyevin zəfərin qazanılmasına Ali Baş Komandanlıq etməsi bir daha onu təsdiq edir ki, hakimiyyət, xalqın taleyi təsadüfi adamlara etibar edilməməlidir. Bu gün ölkəmizdə aparılan məqsədyönlü, düşünülmüş strategiya ərazi bütövlüyümüzün təmin edilməsi, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün tam şərait yaratmaqdadır. Elə bunun nəticəsidir ki, Qarabağımız, onun dilbər guşəsi Ağdamda geniş bərpa-quruculuq işlərinə başlanılıb. Ağdamda mövcud olmuş infrastrukturun bərpası layihələri həyata keçirilir, yeni yollar çəkilir, məktəb, xəstəxana, yaşayış binaları tikilir, sənaye parkı, suvarma və meliorasiya sistemi yenidən qurulur, ekoloji tarazlığın qorunması üçün ciddi addımlar atılır. Ən vacibi odur ki, insanlarımızın yurd yerlərimizdə təhlükəsiz həyat şəraitinin təmin edilməsi üçün yaradılan şərait düşünülmüş siyasətə əsaslanır. Ağdamımızın dünyanın ən müasir şəhərinə, inkişaf etmiş bir regiona çevriləcəyi gün çox uzaqda deyil.

Çox təəssüf ki, itirdiklərimizi geriyə qaytara bilməyəcəyik, lakin xəyallarımızda mövcud olan Ağdamı, onun dəyərli insanlarını heç zaman unutmamağı, tarixi şöhrətimizi qaytarmaq üçün bərpa-quruculuq işlərində yaxından iştirak etməyi müqəddəs borcumuz hesab etməliyik.

Ağdamda görüşmək arzusuyla!