04.10.2023, 07:29
AZ EN
21.04.2023, 09:00

Tutduğumuz orucun mükafatı

Sabit ƏZİMOV

On bir ayın sultanı - Ramazan ayı artıq başa çatır. İslam dininin beş təməlindən biri olan orucun fəziləti, müqəddəsliyi haqqında çox yazılıb, bu barədə müəyyən qədər məlumatlıyıq. Dinimizin vacibatlarından sayılan oruc tutmaqla bağlı bilgilər Qurani-Kərimdə açıq-aydın göstərilmişdir. Ulu Tanrıya açılan əllər, edilən dualar, Tanrının qarşısında bəndənin təslimçiliyi Ramazan ayında əməllərin mükafatlandırılması, dəyərləndirilməsi baxımından qəbul ediləndir. Ramazan adət-ənənələri zaman-zaman yad təsirlərdən qorunmuş, dini, ictimai-siyasi mənası hər zaman təbliğ edilmişdir. Güc-qüvvət peyğəmbəri sayılan Süleyman güclü ordusu ilə irəliləyərkən yuvalarının başında dolanan qarışqaları tapdalamamağa göstəriş verdi. Haqqı, ədaləti tapdalayan Fironun üzərinə Musa peyğəmbəri göndərərək əsadan möcüzə yaradan Tanrımız fironu suda batırdı. Yer kürəsini bəşər övladı üçün yaradan Allah möcüzə baş verəcəyi anın düşündüyümüzdən də yaxın olduğunu bizlərə çatdırmışdır. Məlahətli səs sahibi olan Davudun oxuduğu azana qulaq asardı Allahımız! Gözəlliyi və yuxuyozma qabiliyyəti ilə tanıdığımız Yusifi quyunun dərinliyindən çıxararaq haqq-ədaləti qoruyan hökmdar stuluna əyləşdirən də ulu Tanrımızdır!

23 il ərzində nazil olunmuş müqəddəs Quran kitabımızı Cəbrayıl mələk vasitəsilə qəbul edən, Tanrıdan möcüzə yarada bilmək qabiliyyəti verilən Məhəmməd peyğəmbərimiz orucu qul ilə rəbb arasında olan sirr kimi qiymətləndirmişdir. Allahın buyruğuna əsasən peyğəmbərimiz deyirdi ki, "Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir, oruc mənim üçündür və elə buna görə də mən ayrıca mükafat verəcəyəm". Bəli, bu il tutulan oruclarımız Allahın bizlərə bəxş etdiyi, şəhidlərimizin müqəddəslik zirvəsinə ucalaraq azad etdiyi torpaqlarımızda bərpa-quruculuq işlərinin geniş vüsət aldığı dövrlə sıx bağlıdır. Azad olunmuş torpaqlarımıza ləyaqətli qayıdışa başlanılmışdır, siyasi-iqtisadi, hərbi cəhətdən güclənən Azərbaycanımızda hər gün yeni uğurlara imza atılır.

Uca Allah bizi doğru yola yönəltsin, orucumuzu və digər ibadətlərimizi qəbul etsin, qəlblərə sevinc, xalqımıza firavan həyat qismət etsin, Ali Baş Komandanımızı, onun müzəffər ordusunu daha da qüvvətləndirsin!

İşğaldan azad olunmuş doğma torpaqlarımızda tam məskunlaşaraq müqəddəs ibadət yerlərində namaz qılmaq, oruc ayinlərini yerinə yetirmək növbəti Ramazan ayında həyata keçsin.

Ramazan bayramınız mübarək!