22.07.2024, 01:57
AZ EN
17.04.2023, 12:30

Qayıdış hekayələrinin qaranquşu

Şərif AĞAYAR

  • 44 günlük zəfər müharibəsi təkcə sosial-siyasi deyil, mədəni mühitə də öz təsirini göstərdi. Bəlkə, təsir demək bir az zəif alınır, söhbət tariximizin yeni açılmış səhifəsindən gedir və tarixdə yeni səhifə açılıbsa, bu, yeni dövrün başlanğıcı deməkdir. Yeni dövr isə hər sahəyə öz yenilikləri ilə gəlir. O cümlədən də mədəniyyətə və ədəbiyyata...

Qələbənin mədəniyyətə gətirdiyi yenilikləri yalnız mövzu kontekstində anlamaq yanlış olardı. Bu, ilk növbədə yaradıcı insanın komplekslərinin aradan qalxması, onun özünü qalib və bütöv ölkənin vətəndaşı kimi hiss etməsidir. Məğlubiyyət pessimist əhvallıdır, kədərin və qəmin bolluğu, ümidin və inamın azlığıdır. Belə vəziyyətdə yaradıcı insan sərbəst ola bilmir. Tutaq ki, bir yazıçı pasifist ruhlu əsər yazmaq istəyir, onun torpağının 20 faizi işğal altındadırsa, bu hissi səmimi yaşaya bilməyəcək. Bir var sülh istəmək, bir də var biabırçı sülhlə barışmaq, bunlar ayrı-ayrı məsələlərdir. Özün səmimi yaşamadığın duyğulara heç kimi inandıra bilməyəcəksən. Təsvir etdiyin situasiyalar yalnız qələbə çalmaq arzusuna köklənərək mövzuda yeknəsəqlik yaradacaq.

Rusiya Napoleonla müharibədən məğlub çıxsaydı, Tolstoy “Hərb və sülh” romanını yaza, yaxud o cür yaza bilməyəcəkdi. Məğlubiyyət elə bir bəladır ki, nəinki yazıçının əsərində, hətta bərbərin qayçısında, dərzinin iynəsində, ustanın malasında özünü göstərir.

Qələbənin fəlsəfi mahiyyətini lazımı qədər anlamayan adamlar məğlubiyyəti ağlayıb-sızlamaq, qələbəni sevinc pafosu ilə xarakterizə edirlər. Bir də var hər iki gerçək vəziyyətin səmimi yaşantıları. Sən buna kökləndinsə zamanın insanını yarada bilirsən.

Zamanın insanı... İlk baxışdan sadə bir ifadədir, lakin onu yarada bilmək elə də asan deyil. Zamanın insanını yarada bilməklə hər şeydən əvvəl zamanın özünə meydan oxuyursan, yazılarını onun öldürücü caynağından xilas edirsən. Götürək elə Mirzə Cəlilin Usta Zeynalını. Ötən əsrin əvvəllərində doğrudan da Güney Azərbaycandan gəlib Quzey Azərbaycanın şəhər və kəndlərində işləyirdilər. Biz bunu görkəmli şair Səməd Vurğunun palanın üstündə oturmuş hambalı təsvir edən aşağıdakı misralarında da aydın görürük:

 

...Şahların qızdığı qorxunc bir zaman

Atıb külfətini, gəlmiş İrandan...

 

Gəlsin, nə deyirik? Bura da onun vətənidir. Hətta o, İrandan yox, Azərbaycandan Azərbaycana gəlib. İran ordakı rejimin adıdır, ərazinin adı isə Azərbaycandır. Farslar özü də bu yerlərə Azərbaycan adlandırır. Lakin Mirzə Cəlilin əsərində vəziyyət qəlizdir. Usta Zeynal İran rejiminin aclıq təhdidindən qaça bilsə də, İran xurafatından xilas ola bilmir, onu özü ilə Quzey Azərbaycana gətirir və reallıq hissini itirərək ona həvalə olunan işi görmür.

Bu gün sosial-siyasi mənzərə xeyli fərqlidir. Lakin “Usta Zeynal” hekayəsi yaşayır. Çünki zamanın insanını təqdim edə bilir. Əgər yazıçı kamerasını insana yox, hadisələrə yönəltsəydi, əsər bu qədər aktual olmayacaqdı. Hadisələr sürətlə dəyişir, insan xarakteri isə, demək olar ki, əbədidir. Burda incə bir məqam da var: xarakter hadisələrin fonunda açılır.

Demək, məğlubiyyətin, vətəndən qaçqın düşməyin öz insanı var, qələbənin, yurd-yuvaya qayıdışın öz insanı. Son nəticədə isə insan insandır. Səbəblər dəyişsə də dərd yenə ağrıdır, sevinc yenə xoşbəxtlik yaşadır.

Qələbə və yurda qayıdışla bağlı daha çox şeir yazılır. Təbiidir. Şeir daha operativdir və öz ahəngdarlığı ilə qələbə ritorikasına tez uyğunlaşır. Lakin bu tezbazarlıqda bir az da fanilik əlaməti var. Nəsrin ağır addımları isə uzunömürlülükdən xəbər verir. Çətinlik nədədir? Qələbədə və qayıdışda dramaturgiya tapmaq hər oğulun işi deyil. Məğlubiyyətdə və qaçqınlıqda iş daha asandır. Sən vətənini, yurdunu arzulayırsan, lakin səni ora buraxmırlar, hətta buna görə səni öldürürlər. Hazır kompozisiyadır. Bədii ziddiyyəti də içində. Qələbə isə harmoniyadır. Vətəndaş Məcnunun Vətən Leyliyə qovuşmasıdır. Bu halda hansı dramaturgiyadan söhbət gedə bilər?

Əlbəttə, sual ritorikdir. Həyatda dramaturgiyası olmayan heç nə yoxdur. Baxır vəziyyəti qələmə alıb təsvir edənin məharətinə. Bu yaxınlarda belə bir nümunə ilə rastlaşdıq. Bu, tanınmış yazıçı Məqsəd Nurun “Qoz ağacının göyə baxan gözləri” hekayəsi idi.

Məqsəd Nur sonradan Mingəçevirdə və Bakıda yaşasa da, əslən Kəlbəcərin Zülfüqarlı kəndindəndir. Hekayəsində də doğmalarının 30 ildən sonra öz kəndlərinə qayıtmalarından bəhs edir. Hekayənin qəhrəmanı aralarında 10 il yaş fərq olan qardaş və bacıdır.

Qaçqınlıq illərimizi alıb, nəinki oradakı gənclərin, hətta uşaqların da saçı ağarıb. Bığ yerin tərləyən vaxt tərk etdiyin ata evinə ağ saçlı qoca kimi qayıdırsan. İçində də vətənsiz ölmək qorxusu. Hekayədəki bacı kimi yaşca nisbətən böyüklərin kənd-kəsəyi görmədən ölmək qorxusu daha şiddətlidir. Neçə nəsil onların gözü qarşısında bu nisgillə köçüb dünyadan. Üstəlik, doğma yer-yurdda nə qədər çox yaşamısansa, xatirələrin o qədər çoxdur. Hər detal yaddaşına daşa qazılan kimi qazılıb. İndi beynindəki xatirə ilə real məkanların üst-üstə gəlmə məqamıdır. Onların çoxu dəyişib. Xəyalla gerçəklik elə xəyalla gerçəklik qədər fərqlidir. Dəyişən detal ayrı qüssə verir, dəyişməyən ayrı, yerli-dibli itib gedən ayrı. Sənə tanış olmayan yad elementlərin verdiyi duyğu isə tamam başqadır. Bir də var tanış, dəyişən, dağılan məkanların xatirələri. Bura filankəsin evi, ora bəhmənkəsin dükanı... Filan aralıq, filan döngə... Bəs ağaclar? Hələ də sağ-salamat qalanı var. Evləri, ağacları hələ on-on beş il əvvəl “google maps”la müşahidə etmək olurdu. Hamının öz evi ilə bağlı ilk görüş həyəcanı vardı. Virtual olsa da. Yoxa lənət. İndi o doğma məkanlara qayıtdıqca əlahəzrət internetin bizi aldatmadığının şahidi oluruq. Hər şeyi göstərmirdi, doğrudur, amma göstərdiyini dürüst göstərirdi. Bəlkə, dağılan evlərdən çox, salamat qalan evlər əzab verir adama. Gözdən iraq, könüldən də iraq məsələsi...

Məqsəd bəy qayıdış insanını pafosdan qoruya bilib. Onun köçkünlük adlı ən dərin yaddaşına enə bilib. Hekayə həm də realizmə xas birxətlilikdən azaddır. Zamanlar qarışıb bir-birinə. Hekayəni oxuduğun an hım 30 il əvvəldir, həm də bu gün. Hətta “google maps” zamanı da burdadır. Daha dəqiqi, son 50 ilin hamısı diridir hekayədə. Axı əkilən ağacların, tikilən evlərin məcburi köçkünlüyə qədər də xatirəsi var. Ömrün əlçatmaz anlarının insanı didib-parçalayan həsrətindən isə heç danışmayaq.

“Qoz ağacının göyə baxan gözləri” nəsrimizdə qayıdış mövzusunun qaranquşlarındandır. Ayağı sayalı olsun. Ölkəmizin bu tarixi dövrü ədəbiyyatımızda mümkün qədər çox və ustalıqla əks olunmalıdır. Son 200 ildə nə zaman qələbə çalıb qayıdış yaşamışıq ki? Bundan sonra qalib ölkənin yazıçısı olaq – dərdi də qalib kimi yazaq, sevinci də!  

https://vetensesi.az/page/29/news/9908

 

SON XƏBƏRLƏR