2021-ci il 28 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Ağdam İşğal və Zəfər muzeyləri kompleksi ümumilikdə 22 hektara yaxın ərazini əhatə edəcəkdir. Ağdam şəhərinin müəyyən bir hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında memorial kimi nümayiş etdirilməsi nəzərdə tutulur. 17.23 hektar ərazini əhatə edəcək bu kompleks müasir üslubda dizayn edilmiş muzey binası, xatirə gölü, memorial bağ və dağıntılardan ibarət olacaqdır. Ağdam Zəfər Muzeyi kompleksi 5 hektara yaxın ərazini əhatə edəcək və bu bölmə müasir dizayna malik bina, Bayraq meydanı və Zəfər arenası hissələrindən ibarət olacaqdır. Ağdamda Dövlət başçısı tərəfindən bayrağın qaldırıldığı ərazidə Bayraq meydanı təşkil ediləcək, muzeyin binası və arena bu meydanın yaxınlığında yerləşəcəkdir.
Hazırda Ağdam İşğal və Zəfər muzeyləri kompleksinə daxil olan muzeylər ilə bağlı məzmunun hazırlanması istiqamətində işlərə başlanılmışdır.
Ağdama aid maddi-mədəniyyət nümunələri, əşyalar, şəkillər, videolar və digər materiallara sahib, həmçinin Ağdamla bağlı xatirələri olan vətəndaşlarımız Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılmasında iştirak edə bilər. Bununla bağlı 22 aprel 2022-ci il tarixindən başlayaraq aşağıda qeyd edilən əlaqələndirici şəxsə bu barədə məlumat verilməsi xahiş olunur.
Əlaqələndirici şəxs: Sədi Mirseyibli (tel: 012-498-83-51, 050-480-40-33)
(mct.gov.az)