08.09.2024, 05:54
AZ EN
02.11.2022, 14:31 328

Avazı Məmməd Arazın xoşuna gələn şair

XƏBƏRLƏR

Şair Zakir Ağdamlının şeirləri oxucu qəlbində musiqi kimi dillənir. Axtarıb, araşdırmağa başlayırsan...

 

Gah bir dağam başı qarlı,

Gah da çəmən, yüz çalarlı,

Bülbül kimi intizarlı,

Quşam Vətən torpağında.

 

Həmin misralara bəstələr tapmasam da şairin sözlərinə uyğun mahnılar, təsniflər dinlədim. Bir vaxt Vətən həsrətindən çöllərə düşdüyümüz dərdin tərcümanı idi bu nəğmələr. Sonra 44 günlük haqq savaşını, Zəfər yürüşünü və müzəffər ordumuzun ana yurdumuzu azad etdiyini düşündüm. Ürəyimdə, “Gözün aydın olsun, Zakir müəllim!”, - söylədim.  Xalq şairi Məmməd Arazın onun şeirləri ilə bağlı fikirləri oxudum:  "Zakir Ağdamlı həkimdir. Həkim sənəti insana poeziya sənəti qədər yaxındır. Həkim də insan qəlbinə "boylanır", şair də. Poetik söz də dərman olur, qeyri- poetik həkim məsləhəti də. Zakir Ağdamlının, necə deyərlər, avazı xoşuma gəlir”. Böyük şairin onun haqqında söylədiklərini müəllifin şeirlərini oxuduqca daha aydın hiss elədim.

Həkim, şair Zakir Agdamlı (Əliyev Zakir Hüseyn oğlu) 1946-cı ildə Ağdam rayonunun Papravənd kandində anadan olub. O, yeddiillik təhsilini doğma kəndlərində, onillik tam orta təhsilini isə 1964-cü ildə qonşu Boyəhmədli kəndində əla qiymətlərlə başa vurub. 1972-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 1966-ci ildən ədəbi yaradıcılığa başlayıb. "Qəlbimin aynası", «İlahi, dağlara qovuşdur məni” kimi kitabların müəllifidir. Bu günlərdə 76 yaşı tamam olan şairi təbrik edir və onun bir neçə şeirini “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

Qayıdım

 

Ey Ulu Yaradan, qanad ver mənə,

Sərhəd dirəklərin keçim, qayıdım.

Cənnət Qarabağın havasın udum,

Onu dərman kimi içim qayıdım.

 

Çoxu bir Allahı göydə dansa da,

Yuvam uçurulub, viran qalsa da.

Həsrətdən ürəyim alovlansa da,

Yurduma qolumu açım, qayıdım.

 

“Ağa” körpüsündə bir an dayanım,

Yetirsin özünü dostum, həyanım.

Qoy “Yarım gəldi” də qaynasın qanım,

Orda Kirs dağına qaçım, qayıdım.

 

Qoy dalım xəyala Cıdır düzündə,

Yoxdu bərabəri bu yer üzündə.

Əks etsin günəşi o, Kirs özündə,

Dolsun o nur ilə içim, qayıdım.

 

Zakir Koroğlu tək çəkəndə nərə,

Dolsun igidlərlə bu dağ, bu dərə.

Böyük qələbəyə, şanlı zəfərə,

Bir uğur libası biçim, qayıdım.

 

Ağlamaz

(Deyirlər ki, kişi ağlamaz)

 

Ömrümün çox rəvan günləri vardı,

Faşist qasırğası qırdı, apardı.

Dedilər: saçların nə tez ağardı?

Zirvə özündə qar saxlar, saxlamaz?

 

Düşmüşük bəlaya, varmı çözümü,

Dağlar dumanlıdı, tutub gözümü.

Əydi qamətimi, qırdı dözümü

Xocalı dəhşəti dağlar, dağlamaz?

 

Səfi pozulubsa durna köçündə,

Əli gətirmirsə əkin-biçində,

Əgər hönkürürsə kədər içində,

O, kişi dediyin ağlar, ağlamaz?

 

Var

 

Könlüm söz qovuran sacdı,

Hər an şəfqətə möhtacdı.

İmanım başıma tacdı,

Rəbb verən nəfəsim də var.

 

Səsim elin harayıdı,

Könlüm haqqın sarayıdı,

Şerim qoşma, gəraylıdı,

Bayatım, təcnisim də var.

 

Çox zərifdi könül şüşəm,

Lap əzəldən zəhmətkeşəm.

Həkimlik əzəli peşəm,

Şairlik həvəsim də var.

 

Zakir Haqqa yardı könlüm,

Həsrət, intizardı könlüm.

Bir köklənmiş tardı könlüm,

Özüm üçün səsim də var.

 

Vətən torpağında

 

Gah bir dağam başı qarlı,

Gah da çəmən, yüz çalarlı,

Bülbül kimi intizarlı,

Quşam Vətən torpağında.

 

Gah qovruldum bir həsrətnən,

Gah alışdım məhəbbətnən,

Ömür sürdüm bu adətnən,

Şuşam Vətən torpağında.

 

Nə duymasam, nə yanmasam,

Hay-haraya oyanmasam,

Keşiyində dayanmasam,

Daşam Vətən torpağında.

 

Uca dağam, şah vüqarlı,

Bir bülbüləm, qəlbi zarlı,

Vətəndaşam, intizarlı

Paşam, Vətən torpağında.

 

Gəldim

Keçirdiyim səksəkədi,
Səbrim yanıb, bir tikədi.
Dərdim özümdən yekədi,
Dərdimi şəllənib, gəldim!

Görən idim, baxmaz oldum,
Atəş idim, yaxmaz oldum,
Axar çaydım, axmaz oldum,
Yerimdə ğöllənib, gəldim!

Zakir, könlün Haqqa yardı,
Haqq ölçüdü, Haqq meyardı.
Sevincli ğünlərim vardı,
Ötüşdü, çöllənib, gəldim!

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər