27.01.2026, 17:56
AZ EN
05.01.2026, 11:50 216

Əlfi Qasımov 60-80-ci illərin ən çox oxunan müəlliflərindən olub

XƏBƏRLƏR
  • Bu gün unudulmaz yazıçı, publisist Əlfi Səhlik oğlu Qasımovun doğum günüdür. O, 5 yanvar 1927-ci ildə Ağdam rayonunun Poladlı kəndində anadan olub. Kənddə yeddiillik təhsil alıb. Ağdam pedaqoji texnikumunda təhsilini davam etdirib. Əlfi Qasımov Ağcabədi rayonunun Xocavənd və Boyad kəndlərində müəllimlik edib. 1944-46-cı illərdə Ağdamdakı 2 illik Müəllimlər İnstitutunda, 1946-51-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirib.

Müxtəlif illərdə Əlfi Qasımov “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri və redaktor müavini, “Ədəbiyyat və incəsənət” qəzetində isə məsul katib vəzifələrində çalışıb. 1966-cı ildən Ə.Qasımov Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət mətbuat komitəsində nəşriyyat idarəsinin rəisi təyin edilib.

Ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda Müəllimlər İnstitutunda oxuyarkən başlayan Əlfi Qasımovun roman və povestləri 60-80-ci illərin ən çox oxunan, müzakirə edilən və bəyənilən əsərlərindən olub.

Onun “Xalq arzusu” adlı ilk şeiri Ağdamda çıxan “Lenin yolu” qəzetində çap olunub. Universitetdə oxuduğu illərdə isə Ə.Qasımovun şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilib. Ə.Qasımovun 1954-cü ildə ilk kitabı çap edilib. “Əriməzin ətəklərində” adlı bu kitab oçerklərdən ibarətdir. Bundan sonra da yazıçının bir neçə oçerklər kitabı çap edilib. Ə.Qasımov eyni zamanda “Məni qınamadın” adlı povest və hekayələr kitabının, “Qızburunda tək məzar” adlı sənədli povestin müəllifidir.

Yazıçının bir çox kitabları - “Könülsevər”, “Qağayı fəryadı”, “İnsan qaranquş deyil”, “Toy gecəsi” və başqaları eyni zamanda rus, qırğız, tacik, türkmən dillərində də işıq üzü görüb.

Ömür-gün yoldaşı Rəhilə xanım xatirələrində qeyd edir ki, Əlfi Qasımov  yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Dostunu, tanışını, qonşusunu canından artıq istəyərdi. Yaratdığı obrazların ovqatı, amalları ilə yaşayardı. Onun ”Adilənin taleyi" povesti ötən əsrin 60-70-ci illərində populyarlıq qazanmışdı. Görkəmli yazıçı, unudulmaz pedaqoq Mir Cəlal Paşayev həmin əsəri dövrün “Leyli və Məcnun”u adlandırmışdı...

Əlfi Qasımov müxtəlif mövzularda maraqlı hekayələr, “Məni qınamayın”, “Qızburunda tək məzar”, “Adilənin taleyi”, “Könül sevən”, “Toy gecəsi” kimi roman və povestlərini 40 yaşlarında nəşr etdirib. O həmin dövrün tanınmış yazıçılarından, jurnalistlərindən biri idi.

60-70-ci illərdə Azərbaycan ədəbiyyatında sənədli bədii janrın da inkişafında Əlfi Qasımovun xüsusi xidmətləri vardır. Yazıçı təsvir etdiyi obrazları gündəlik həyatdan və onu əhatə edən insanların arasından seçir, öz istedadı ilə onu daha da zənginləşdirirdi.

Görkəmli yazıçı Hüseyn Abbaszadə də Əlfi Qasımov yaradıcılığının bu istiqamətini təqdir edərək yazırdı ki, Əlfi sənədli nəsr sahəsində ədəbiyyatımızda dərin izlər qoyub getmişdir və “ondan sonra bizdə sənədli nəsr, demək olar ki, yox dərəcəsindədir.

Akademik Bəkir Nəbiyev yazırdı ki, Əlfi Qasımovun 15 nəfər igid, qeyrətli Azərbaycan qızının Şimali Qafqazdan Berlinə qədər davam etmiş müzəffər döyüş yolunu əks etdirən ”Vətən çağıranda" kitabı bu qəhrəman qızların sayı qədər müstəqil miniatür sənədli hekayədən ibarətdir. Hesab edirəm ki, real qəhrəmanlar haqqında konkret tarixi, həyati faktlar əsasında, gələcəyə çağırış ruhunda yazılıb təcavüzkarlara nifrət və qəzəb püskürən bu kitab yaşadığımız günlərdə də öz aktuallığını qoruyub saxlayır. Onu tam halda, yaxud hər bir hekayəsini ayrıca nazik kitabça kimi nəşr edib əsgərlərimizə paylamaq Qarabağ uğrunda mübarizənin mücahidləri olan qızlarımıza da, elə oğlanlarımıza da çox fayda verə bilər.

Əlfi Qasımov 12 mart 1985-ci ildə vəfat edib.

Allah rəhmət eləsin.

Mina RƏŞİD

Oxşar xəbərlər