Təqdimatda görkəmli ədibin həyat və yaradıcılığı haqında məlumat verilir.
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əbdürrəhim bəy üç yaşında olanda atası vəfat edəndən sonra əmisi Əbdülkərim bəyin himayəsinə götürülüb.
Şuşa şəhərindəki altıillik “Realnı” məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis “Realnı” məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub.
1908-ci ildən "Nicat" mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsində işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı dolanıb.
Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib.
Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində özgün yeri olan şəxsiyyətlərdəndir. O, dramaturq, rejissor, dirijor, nasir, publisist, pedaqoq, tədqiqatçı alim kimi səmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun inkişaf edib formalaşmasında xüsusi rol oynayıb.
O həm dramaturgiya, həm də satirik publisistikamızı orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik, süjet və kompozisiya xüsusiyyətlərinə, üslub və ifadə tərzinə malik olan əsərlərlə zənginləşdirib.
"Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Çeşmək", "Qiraət" əsərləri Haqverdiyevın yaradıcılığının incilərindən sayılır.
Yazıçı 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.