08.09.2024, 07:53
AZ EN
28.06.2024, 11:53 255

Bu gün Xalq artisti Barat Şəkinskayanın doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Barat Şəkinskayanın doğum günüdür.

O, 1914-cü il iyunun 28-də Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan 1920-ci il aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən “Şəbih” tamaşasında Səkinə rolunda iştirak edib. O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gediblər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də o Gəncədəki 2 saylı birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.

Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onu “Azərbaycanın Cülyettası” adlandırırlar. Barat xanımın Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb. 1943-cü ildə Gəncəyə qayıtdıqdan sonra buradakı dövlət teatrının yaradıcı kollektivinə üzv olub və Bahar ("Bahar") və Hürü ("Məhəbbət") rollarını ifa edib. 1944-cü il dekabrın 18-də Barat Şəkinskaya köçürmə yolu ilə Gəncə teatrından Akademik Milli Dram Teatrına keçib.

 Daha sonra dörd il “Azərbaycanfilm” kinostudiyasında aktrisa, filarmoniyada aparıcı, yenicə açılan televiziyada diktor işləyib. Daşkənddə keçirilən beynəlxalq kino festivalı günlərində iştirak edib. 1960-cı ildə Mehdi Məmmədov Akademik Teatra baş rejissor təyin edildikdən sonra teatrdan getmiş bir neçə sənətkar, o cümlədən Barat Şəkinskaya Moris Meterlinqin "Göy quş" (Tiltil), Şekspirin “Kral Lir” (Kardeliya), “Romeo və Cülyetta” (Cülyetta), “Otello” (Dezdemona), “On ikinci gecə” (Viola), Şillerin “Məkr və məhəbbət” (Luiza), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Mirandalina), Lope de Veqanın “Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb.

 Barat Şəkinskaya 1935-ci ildən Xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Aktrisanın iştirak etdiyi “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” və onlarca bu səpkili tamaşalar teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır. Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Qəribə əhvalat”, “Telefonçu qız”, “Azəri teatrının ustaları”, “Evin kişisi”, “Onun bəlalı sevgisi”, “Üzeyir ömrü” filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir.

Barat Şəkinskaya 23 yaşında, Azərbaycan Respublikasının Əməkdar artisti, 1949-cu ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb. Sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib. Aktrisanın 70-ci illərdə səhnə ilə vidalaşma səbəbini İlham Rəhimli belə izah edir: “Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Mən bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı”.

Xalq artisti Barat Şəkinskaya 1999-cu ilin yanvarın 14-də 84 yaşında dünyasını dəyişib. Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər