12.12.2024, 18:06
AZ EN
21.06.2024, 14:38 310

Məhəmməd Füzulinin iki cildlik “Kulliyyot”u özbək dilində çap olunub

XƏBƏRLƏR
  • Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibəti ilə şairin əsərlərindən ibarət iki cildlik “Kulliyyot”u özbək dilində çap olunub. 

“Kulliyyot”un birinci cildində qəzəllər, ikinci cildində isə poemalar yer alıb.

Qeyd edək ki, Məhəmməd Füzulinin əsərləri Özbəkistanda ilk dəfə 1959-cu ildə iki cild halında kiril qrafikası ilə nəşr olunub. Sonrakı dövrlərdə şairin əsərləri müxtəlif müəlliflər tərəfindən bir neçə dəfə nəşrə hazırlanıb. 

İkicildlik nəşrdə Məhəmməd Füzuli əsərlərinin müxtəlif dövrlərdə özbək dilində çap edilmiş əsərlərindən də istifadə olunub. Bununla yanaşı yeni nəşrdə böyük şairin Azərbaycan dilində çap edilmiş əsərləri, habelə Məhəmməd Füzulinin anadilli “Divan”ının əlyazma nüsxələrindən də istifadə olunaraq dəqiqləşmələr aparılıb, əvvəlki nəşrlərdə yol verilən xətalar aradan qaldırılıb, izahlar, şərhlər əlavə edilib və sonda kiçik lüğət də verilib.

AMM tərəfindən kitabların ali təhsil ocağında geniş təqdimatları da nəzərdə tutulub.

Filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən nəşrə hazırlanan “Kulliyot”un tərcüməçisi mərhum professor Xalid Rəsul, redaktorları professor Nurbay Cabbarov və dosent Gülbahar Aşurovadır.

Nəşrin Özbəkistanın ali təhsil ocaqlarına, kitabxanalarına paylanması da nəzərdə tutulub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər