22.11.2024, 20:31
AZ EN
29.06.2022, 15:05 388

“44 GÜN – TARİXİ ZƏFƏR” kitabı təqdim edilib

XƏBƏRLƏR
  • Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün – tarixi Zəfər” adlı üçcildliyin birinci cildi (“A-Ə” hərfləri üzrə) işıq üzü görüb.

Kitabın bu günlərdə Beynəlxalq Muğam Mərkəzində (BMM) təqdimat mərasimi keçirilib. Qeyd edək ki, nəşrin birinci cildində Aprel (2016) və Tovuz (2020-ci il, iyul) döyüşlərində, həmçinin Vətən müharibəsində həlak olanlar haqqında ensiklopedik məlumat yer alıb.

Təqdimat Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Sonra çıxış edən Mədəniyyət naziri Anar Kərimov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdiyindən danışıb. Nazir Respublika Xatirə Kitabı Redaksiyasının Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladaraq redaksiyanın fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib.

Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədova çıxışında söyləyib ki, Milli Qəhrəmanlar haqqında da kitablar nəşr edilib, “Vətən daşı və ya 44 günün dastanı” layihəsi çərçivəsində 8 film də istehsal edilib.

Sonda Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “Vətən daşı” sənədli filmi nümayiş etdirilib. Film Şuşanın azad edilməsi uğrunda şəhadətə yüksələn Ağcabədi rayonundan olan 18 yaşlı əsgər Ömər Rəhimlidən bəhs edir. Filmin nümayişindən sonra şəhidin atası Rəşid Rəhimli çıxış edərək şəhidlərin xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində BMM-in solistləri və “Muğam” televiziya müsabiqəsinin qalibləri Gülzar Fərəcova, Aytən Məhərrəmova, Pərviz Qasımovun ifasında şəhidlərə həsr edilən mahnılar ifa edilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Zülfiyyə Eldarqızı vətənpərvərlik mövzusunda, qazi şairlər Həsən Kür, Oğuz Alparslan və Nicat Ağayev isə müharibədən bəhs edən şeirlərini söyləyiblər.

Mina RƏŞİD

Oxşar xəbərlər