20.04.2025, 01:52
AZ EN
30.10.2023, 12:07 383

Bu gün Əməkdar incəsənət xadimi Tofiq Mütəllibov xatırlanır

XƏBƏRLƏR
  • Bu gün nəğməkar şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllibovun anım günüdür. O, 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində ziyalı bir ailədə anadan olub. Tofiq Mütəllim oğlu Mütəllibov orta təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya gəlib, burada Azərbaycan Dövlət Universitetində təhsil alıb.

O, 20 il "Azərbaycan gəncləri" qəzetində ədəbiyyat və incəsənət şöbəsinin rəhbəri olub. "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, baş redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifələrində çalışıb. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada çalışıb. Ötən əsrin 50-ci illərindən şair kimi diqqət çəkən Tofiq Müttəlibov 30-a yaxın kitabın müəllifidir, onun 300-dən çox şeirinə mahnı bəstələnib.

"Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun oxucularına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi"dir.

Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş edib. "Cücələrim"in 60-dan çox yaşı var. Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilib. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bildiyinə görə qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilib. Əsərləri bir sıra teatrlarda səhnələşdirilib.

Görkəmli şair Tofiq Mütəllibov 1992- ci il oktyabr ayının 30-da vəfat edib. Ruhu şad olsun!

Mina RƏŞİD

Oxşar xəbərlər