23.05.2025, 06:49
AZ EN
04.10.2023, 11:43 383

Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdür

XƏBƏRLƏR
  • Bu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anım günüdür. O, 1917-ci il noyabrın 7-də Bakıda anadan olub.

1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində S. İ. Turiçin sinfində təhsil alan Tofiq Quliyev, artıq 1931-ci ildə, 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M. Ə. Sabirin «Uşaq və buz» şerinə «Dərsə gedən bir uşaq» mahnısını bəstələyib.

1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Konservatoriyada o, xalq musiqisinin əsaslarını, muğam sənətinin sirlərini dahi Üzeyir Hacıbəyovdan öyrənib.

1935-ci ildə M. Əzizbəyov adına Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, dirijor vəzifəsində çalışıb. 1939-cu ildə Tofiq Quliyev Moskvada təhsilini dayandıraraq Bakıya dönür və Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada orkestrini yaradır.

1939-cu ildən başlayaraq o, Gənc Tamaşaçılar Teatrı, Gəncə Dram Teatrı, Azərbaycan Akademik Milli Teatrı, Rus Dram Teatrı, Kukla teatrı ilə sıx yaradıcılıq əməkdaşlığı edərək, müxtəlif illərdə 30-dan çox tamaşaya musiqi bəstələmişdir. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli cazın yaranma tarixinin təməlini qoydu. Onun rəhbəri Tofiq Quliyevin adı musiqi tariximizə Azərbaycan estrada və caz musiqisinin banisi kimi yazıldı.

1941-ci ildə orkestrin kollektivi rəhbərilə birgə 402-ci Azərbaycan diviziyasının tərkibinə daxil olaraq, döyüşlər gedən Krasnodar, Mozdok, Kerç şəhərlərində cəbhənin ön xəttində konsert proqramları ilə çıxış edirdi. Bu konsertlərdə xalq mahnıları ilə yanaşı Tofiq Quliyevin vətənpərvərlik, qəhrəmani mahnıları səslənirdi.

1941-ci ildə ilk dəfə «Səbuhi» filminə musiqi bəstələmiş Tofiq Quliyev, bütün yaradıcılığı boyu bu janra müraciət etmiş və 40-dan artıq kinofilmin musiqisinin müəllifi olmuşdur.

1946-1947-ci illərdə Rəşid Behbudovla birlikdə həm pianoçu, həm də təkrarsıız mahnıların müəllifi kimi çıxış edən bəstəkar Sovet Birliyinin bir çox şəhərlərində milyonlarla dinləyicinin rəqbətini qazanmışdır.

1948-ci ildə Tofiq Quliyev Moskvaya qayıdaraq Konservatoriyanın III kursuna daxil olur və dirijorluq fənni üzrə professor Qinzburqun, kompozisiya üzrə isə professor N. Qolubevin sinfində yarımçıq qalmış təhsilini davam etdirib.

1954-1958-ci illərdə T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik etmiş, opera hazırlığı və alətşünaslıq sinifləri üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1958 – 59-cu illərdə M. Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-ci ildən direktoru vəzifəsini icra edirdi.

1968-ci ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1973-cü ildə birinci katibi seçilmişdir. 1974-cü ildə Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilmiş «Nəsimi» filmi VII Ümumittifaq kinofestivalında mükafatlandırılır, filmin bəstəkarı Tofiq Quliyev Dövlət mükafatına layiq görülür.

Unudulmaz bəstəkar, Əməkdar incəsənət xadimi Tofiq Quliyev 2000-ci il oktyabrın 4-də Bakıda vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər