06.02.2025, 00:45
AZ EN
29.08.2023, 13:07 372

Özbəkistanda Qarabağ müharibəsinə aid kitab işıq üzü görüb

XƏBƏRLƏR
  • Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə Azərbaycanın Milli Qəhrəmani İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edən özbək dilində “Vatan uchun jon fido qilgan qahramonlar” (“Vətən üçün can fəda edən qəhrəmanlar”) adlı kitab işıq üzü görüb.

Tanınmış tədqiqatçı-jurnalist Mövlan Şükürzadənin araşdırmaları nəticəsində ərsəyə gələn nəşrdə birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edir. Nəşrdə milli qəhrəmanın ailəsi, yaxınları, cəbhə yoldaşları ilə yanaşı Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü, Birinci Qarabağ savaşı haqqında da geniş məlumatlara yer verilmişdir. Müəllif kitabda erməni daşnakları tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı qətliamı, onun dəhşətli nəticələrindən də bəhs edir.

Kitabda İsgəndər Aznaurovun dostları, ailə üzvləri, silahdaşaları, yaxınlarının onunla bağlı xatirələri də qeyd edilmişdir.

Geniş oxucu kütləsinin marağına səbəb olacaq kitabda Milli Qəhrəman İsgəndər Aznaurovun həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə yanaşı, valideynlərinin, övladlarının, dostlarının, ailə fotoşəkilləri də yer almışdır.

Kitabın "Ön söz" müəllifi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. S.Abbasov yazır ki, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycan ərazilərinə iddiaları və təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulmuş, ölkə ərazisinin yüzdən iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovulmuş, şəhər və kəndlərimiz viran olunmuş, dağıdılmış, soydaşlarımız isə etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün düşmüşlər. Bu ədalətsizliklə barışmayan xalqımızın qeyrətli, mübariz oğulları Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı və toxunulmazlığı üçün vuruşmuş, öz canlarını fəda etmişlər.

Bu cür qəhrəmanlardan biri də əslən axıska türklərindən olan, Özbəkistanın qədim Buxara şəhərində dünyaya göz açan, ömrünün böyük bir hissəsini Özbəkistanda yaşayan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovdur. Qədim köklərə malik üç qardaş türk xalqı – axıska, özbək və Azərbaycan xalqlarının ortaq qəhrəman övladı olan İskəndər Aznaurov Azərbaycanın Gədəbəy rayonunda erməni işğalçıları ilə gedən döyüşlər zamanı, işğal altında olan bir çox yurd yerlərimizin azad edilməsində xüsusi şücaət və igidlik göstərmiş və qəhrəmancasına şəhid olmuşdur.

Nəşrdə vurğulanır ki, İsgəndər Aznaurov kimi qəhrəman oğullarımızın başlatdığı müqəddəs mübarizəni doğulan, yetişən, formalaşan vətənpərvər Azərbaycan gəncləri davam etdirmiş, rəşadətli Azərbaycan ordusunun əzmkar döyüşü, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 ilə yaxın işğal altında olan Vətən torpaqları azad edilmişdir.

Kitabın yaxın zamanlarda Özbəkistanda və Azərbaycanda geniş təqdimat mərasimi də planlaşdırılır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər