İ.Şıxlı İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib.
Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor (1976- 1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib (1991).
İsmayıl Şıxlı “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərinin, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam”, “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların müəllifidir.
Onun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
Yazıçı xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordeninə layiq görülüb.
İsmayıl Şıxlı 1995-ci il iyulun 26- da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Hazırladı: Mina RƏŞİD