Əslən Kəlbəcərdən olan Xasayli Dinar Eldar oğlu 25 sentyabr 1992-ci ildə Bərdə rayonunun Həsənqaya kəndində anadan olub.1999-cu ildə birinci sinfə qəbul olunub 2009-cu ildə tam orta təhsilini başa vuran Dinar 2010-cu ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. 2012-ci ilin aprelində tərxis olunduqdan sonra müxtəlif işlərdə çalışıb. D.Xasayli 2014-cü ildə MAXE kimi yenidən hərbi xidmətə başlayıb. Müxtəlif kurslar oxuyub başa vurduqdan sonra 2017-ci ildə snayper təyin edilib. Ağdam, Tərtər Ağcakənd istiqamətində xidmət edib, xeyli sayda düşməni sıradan çıxarıb. 44 günlük Vətən müharibəsində Murovdağ yüksəkliyində snayper kimi vuruşan Dinar Talış və Mübariz postlarının alınmasında igidliklə döyüşüb. D. Xasayli qeyd etdi ki, Suqovuşanda ağır döyüşlər oldu, lakin qalib gəldik və orada bayrağımızı yüksək yerdə taxmağı mənə tapşırdılar. Mən bundan çox fərəh duydum. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
İsa Musayev