22.11.2024, 21:17
AZ EN
13.12.2022, 07:00 222

Ermənistan uşaqları hərbi əməliyyatlara cəlb etməklə beynəlxalq hüquq normalarını pozur

XƏBƏRLƏR
  • Ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən bir neçə QHT-nin birləşdiyi Çevik Ekspertlər Qrupu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində, xüsusən Xankəndidə uşaq və yeniyetmələrin silahlandırılması, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri üçün onlara təlimlər keçirilməsi ilə bağlı son vaxtlar sosial şəbəkələrin erməni seqmentində yer alan çoxsaylı məlumatlarla bağlı bəyanat yayıb.

Bəyanatda 2020-ci ilin sentyabr-noyabr aylarında da Ermənistan tərəfindən uşaqların hərbi təlimlərə və döyüş əməliyyatlarına cəlb edilmələri və müxtəlif dərəcəli bədən xəsarətləri almaları, eləcə də uşaq bağçalarından, orta məktəblərdən hərbi məqsədlərlə istifadə olunması ilə bağlı xeyli faktın qeydə alındığı xatırlanıb.

Bəyanatda bildirilib: “Biz Çevik Ekspertlər Qrupu olaraq, Ermənistan tərəfindən Azərbaycan Respublikasının suveren ərazisi olan Xankəndi şəhərində və sülhməramlılar tərəfindən müvəqqəti nəzarət edilən digər ərazilərimizdə uşaqların hərbi məqsədlərlə əməliyyatlara cəlb edilmələrinə, hərbi təlimlərdə istifadə olunmalarına etiraz edirik.

Bildiririk ki, bununla Ermənistan BMT-nin Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsini (silahlı münaqişələr zamanı uşaq və yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunmasını qadağan edir), “İnsan alverinə qarşı mübarizə haqqında” 2005-ci il mayın 16-da Varşavada imzalanmış Konvensiyanın 57-ci maddəsinin 3-cü bəndini (uşaqların istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması) və ümumilikdə beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarını kobud şəkildə pozur.

Biz silahlı münaqişələr zamanı və ya münaqişələrdən sonrakı dövrdə uşaqların hərbi əməliyyatlara, hərbi məqsədli hazırlıqlara cəlb edilmələrinə, silahlandırılmalarına, uşaq əməyinin istismarına son qoymağı tələb edir, beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün məcburedici addımlar atmağa çağırırıq”.

Xatırladaq ki, bəyanatı Çevik Ekspertlər Qrupunun üzvü olan “Vətəndaş” Tədqiqat və İnkişaf, “Təmiz Dünya” Qadınlara Yardım, “Azərbaycan Uşaqları”, “Gəncə Regional Qadın Mərkəzi” və “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai birlikləri qəbul edib. (AZƏRTAC)

Oxşar xəbərlər