29.03.2024, 06:02
AZ EN
30.11.2022, 14:30 369

Biz qalib gələcəyik!

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin qəhrəmanlarından biri, şəhid əsgər Xəyal Həsənovun doğum günüdür. Onun hərbi xidmətini başa vurub doğmalarının yanına dönməyinə cəmi iki ay qalmışdı. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Xəyalın da həyatında bir dönüş nöqtəsi oldu. O, düşmənlə savaşmağa çoxdan hazır idi. Anası Zərnişan Həsənova deyir ki, oğlum döyüşlərdə öndə olub, öndə vuruşub, hətta düşmənlə əlbəyaxa savaşıb. “Mən bir ana kimi xoşbəxtəm ki, Xəyal kimi oğlum, əsgərim, igidim var... Axırıncı dəfə onunla danışanda dedim ki, səndən ötrü burnumun ucu göynəyir, sənsiz çox darıxıram, oğlum! Bilmirdim ki, belə olacaq...”

Atası Əliyulla Həsənov da igid övladı haqqında qürurla danışır. Deyir ki, oğlum sinəsini qabağa verdi və qəhrəmanlıqla şəhid oldu. Bizim Xəyallarımız keçmiş yüz illərin qanını aldılar. Fəxr edirəm ki, belə bir övladım var...

Xəyal Əliyulla oğlu Həsənov 1998-ci il noyabr ayının 30-da Şabran rayonunun Surra kəndində sadə, zəhəmətkeş bir ailədə dünyaya gəlib.          
Şabran rayonu Surra kənd 1 nömrəli orta məktəbə gedib, sonra təhsilini M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə davam etdirib. Xəyal Memarlıq və İnşaat Universitetinin nəzdində olan kollecdə təhsil alıb. O, gündüzlər oxuyur, axşam saatlarında isə çalışırdı. Hərbi xidmətinin 2 ayını Ağcabədi rayonu N saylı hərbi hissədə qulluq edir. Sonra isə  Xüsusi Təyinatlı Qüvvələrin bölmələrində xidmətə başlayır. Aylarla dağ və meşələrdə təlim keçir, xüsusi bacarıqlara yiyələnir. Bütün bu hazırlıqdan sonra o, bütün igid oğullarımız kimi Ali Baş Komandan İham Əliyevin döyüş əmrini gözləyir. Torpaqlarımızın işğaldan azad edilməsi onun ən böyük arzusu idi.    

44 günlük Vətən Müharibəsi başlananda Xəyal ordumuzun mərd əsgəri kimi torpaqlarımız uğrunda döyüşlərə qatıldı. Onun daxil olduğu  bölmənin ilk aldığı tapşırıq Murov dağının tam azad edilməsi olur. Murov dağı istiqamətində gədən döyüşlərdə böyük bir hərbi heyət qəhrəmancasına vuruşur. Ağır keçən qızğın döyüşlərdən sonra Murov dağ yüksəklikləri ordumuzun tabeliyinə keçir. Xəyal da daxil olmaqla döyüşcü əsgərlərimiz şaxtalı havada, daşlı-qayalı yollarla gecə saatlarında Murovdan Kəlbəcər rayonuna keçirlər. Verilən tapşırıqları uğurla yerinə yetirən Xəyal və yoldaşları növbəti tapşırıq üçün Ballı Qaya istiqamətində döyüşlərə atılırlar. Bundan sonra Füzuli-Cəbrayıl rayonlarına yola düşürlər.                        
Füzuli döyüşlərində bir çox yoldaşlarını itirən Xəyal dostlarının intiqamını almaq üçün daha böyük qisas hissiylə savaşır. Murov dağ, Kəlbəcər, Füzuli, Cəbrayıl rayonları uğrunda gedən şiddətli döyüşlərdə o, böyük şücaət göstərir. Xəyal döyüşlərdə düşmənlə əlbəyaxa da savaşıb... Döyüş yoldaşlarının dediklərinə görə,  qızğın döyüşlər getməsinə baxmayaraq Xəyalın üzündən təbəssümü bir gün də əksik olmur. Həmişə dostlarına təskinlik verirdi: “Qorxmayın hər şey yaxşı olacaq! Biz qalib gələcəyik! Biz qalibik! Buna inanın!”                
2020-ci il oktyabr ayının 4-ü onun son döyüşü olur. Xəyal Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərin birində başından aldığı güllə arasından şəhidlik zirvəsinə ucalır. Xəyal Həsənov böyüyüb boya-başa çatdığı Şabran rayonunun Surra kəndində canı qədər sevdiyi torpağa tapşırılır.
Komandiri söyləyir ki, Xəyal xüsusi döyüş bacarığı ilə yanaşı həm də, başqa qabiliyyətləri ilə  yoldaşlarına kömək edirdi. Əsgər yoldaşları xəstələndikdə meşələrdən topladığı itburnu, kəklikotu çayları dəmləyirdi. O, yaralı yoldaşlarının yarasını sarıyır, ağrı kəsici vurur, neçə-neçə şəhid olmuş silahdaşını belində təhlükəsiz təpəyə qaldırırdı. Bütün bunları 21 yaşlı bir əsgər edirdi...

İgid Vətən oğlu Xəyal Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.  

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər