Aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini Ceyhun Şıxəliyev, qurumun əməkdaşları, həmçinin Birlik yanında yaradılan İctimai Şuranın sədri Elçin Salmanov və Şura üzvləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar.
Nümayəndə heyəti əvvəlcə Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən Aprel şəhidlərinin xatirə kompleksini ziyarət edib.
Tədbir iştirakçıları daha sonra Cocuq Mərcanlı kənd sakinləri ilə görüşüblər. Bildirilib ki, 2016-cı ildə Aprel döyüşlərində Lələtəpə yüksəkliyi düşmən tapdağından azad edildikdən sonra ölkə başçısının müvafiq sərəncamına əsasən Cocuq Mərcanlı kəndində yeni yaşayış kompleksi salınıb. Respublikamızın müxtəlif şəhər və rayonlarında məskunlaşan Cəbrayıl rayon kənd sakinləri buraya köçürülüb. Kənd sakinləri üçün bütün şərait yaradılıb, həmçinin qəsəbə təbii qazla da təmin olunub. Görüşdə sakinlər yaradılan şəraitə görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər. Həmçinin nümayəndə heyəti Cocuq Mərcanlı kənd orta məktəbində və yeni inşa edilən məscidində olublar. Daha sonra isə tədbir iştirakçıları övladı şəhid olan Birlik əməkdaşının ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Həmçinin Biləsuvar rayonunda Birlik rəhbərliyi və Şura üzvləri yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı İctimai Şuraya müraciət edən vətəndaşlarla da görüşüblər. Qazlaşma zəruriyyəti araşdırılıb və bildirilib ki, yaxın zamanda Şura tərəfindən Birliyə massivin qazlaşdırılması ilə bağlı müraciət olunacaq. (AZƏRTAC)