Rövşən tezliklə müharibənin başlayacağını elə bil, hiss edirdi. Döyüşə gedəndə bacısına tapşırııb ki, anamı ağlamağa qoyma. Anası deyir ki, istərdim, o işğaldan azad edilmiş torpaqlarda yaşayanlar şəhidlərimizi unutmasınlar...
Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Əliyev Rövşən İsrafil oğlunun doğum günüdür. O, 3 fevral 1999-cu ildə Şəmkir rayonunun Düyərli kəndində dünyaya göz açıb. 2005-ci ildə Düyərli kəndi 1 saylı tam orta məktəbində təhsil alıb. Təhsil aldığı müddətdə sərbəst güləşlə məşğul olmağa başlayıb və uğurlar qazanıb. 2016-ci ildə orta məktəbi bitirib. 2017-ci ildə hərbi xidmətə yollanıb. Naxçıvanda, Ordubad rayonunda Vətənə xidmət edib. 2018-ci ildə hərbi xidmətini başa vurub doğulduğu Düyərli kəndinə qayıdıb.
Rövşən Əliyev 44 günlük Vətən Müharibəsində iştirak edib. O, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Şuşaya gedən yolda 4 günlük mühasirəyə düşüb.
Rövşən Əliyev oktyabrın 26-da qəhrəmancasına şəhadətə ucalıb. Şəmkir rayonunun Düyərli kənd qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Şəhid Əliyev Rövşən İsrafil oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən III dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda", "Döyüşdə fərqləndiyinə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD