07.02.2026, 03:40
AZ EN
30.01.2026, 08:43 215

Füzuli rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib

XƏBƏRLƏR
  • Füzuli rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Rayonun ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan tədbirdə ötən il ərzində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Hesabat yığıncağında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Bayramov, YAP Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Horadiz şəhəri Muğam Mərkəzində keçirilən yığıncaq çərçivəsində foyedə təşkil olunmuş kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçirilib.

Yığıncağın rəsmi hissəsində ötən il rayonda görülən işləri əks etdirən videoçarx nümayiş etdirildikdən sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında 2025-ci ildə rayonda həyata keçirilən abadlıq-quruculuq, tikinti və infrastruktur layihələrindən ətraflı bəhs edib. Qeyd olunub ki, rayonun bütün kəndlərində infrastruktur işləri tam yekunlaşıb, kəndlər 100 faiz qazlaşdırılıb, yollar çəkilib və internetlə təmin olunub. Bu layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, sosial rifahın yüksəldilməsinə və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verib. Kənd təsərrüfatı sahəsində, xüsusilə taxılçılıq, baramaçılıq və heyvandarlıq istiqamətlərində əldə olunan uğurlar yerli istehsalın artmasına şərait yaradıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə cənab Prezidentin rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin rayonun ümumi inkişafına mühüm təsir göstərdiyi vurğulanıb.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Füzuli Rayon Təşkilatının sədri Nazimə Şamıyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu siyasətin regionların sosial-iqtisadi inkişafına güclü təkan verdiyini bildirib.

Milli Məclisin deputatı Vüqar Bayramov çıxışında sosial-iqtisadi islahatların Azərbaycanın dayanıqlı inkişafında mühüm rol oynadığını qeyd edib. O, İkinci Qarabağ müharibəsindən sonra Füzuli rayonunda sürətli bərpa və inkişaf mərhələsinin başlandığını, yeni infrastruktur layihələrinin icrası, iş yerlərinin yaradılması və sosial obyektlərin tikintisinin rayon iqtisadiyyatının güclənməsinə səbəb olduğunu diqqətə çatdırıb.

Şəhid ailələri adından çıxış edən şəhid Elnur Eldar oğlu Quliyevin anası Marusa Həsənova onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Füzuli Rayon İcra Hakimiyyətinə minnətdarlığını ifadə edib.

“Kraun KO-R” MMC-nin icraçı direktoru Hətəm Həsənov görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxışında rayonda həyata keçirilən abadlıq-quruculuq və infrastruktur layihələrinin dövlət başçısının regionların inkişafına və əhalinin rifahının yüksəldilməsinə göstərdiyi xüsusi diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

Yığıncaq zamanı bir neçə rayon sakininin fikir və təklifləri dinlənilib. Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova hesabatla bağlı qərar layihəsini və Geniş Şura iclası iştirakçıları, həmçinin rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ünvanlanan müraciət layihəsini oxuyub.

Hesabat yığıncağının sonunda 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı və təhsil sahələrində fəal iştirak etmiş bir qrup şəxsə fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Tədbir qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və gələcək fəaliyyətin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər