07.02.2026, 11:43
AZ EN
19.01.2026, 09:44 240

Şəhid olsam, məni qürurla qarşıla…

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, əslən Laçının Səfiyan kəndindən olan Yunis Zaur oğlu Əliyevin doğum günüdür. O, 19 yanvar 2000-ci ildə Bakıda anadan olub. Əvvəlcə Bülbülə qəsəbəsindəki 232, sonra 327 saylı tam orta məktəblərdə təhsil alıb.Təhsilini bitirdikdən sonra Suraxanı rayonundan hərbi xidmətə yollanıb. Hərbi xidmətini Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində, daha sonra Tap Qaraqoyunlu kəndində davam etdirib. Yunis hərbi xidmətdə PK avtomatının təlimini keçib.

Vətən müharibəsi başlayanda Yunis 9 ayın əsgəri olsa da döyüşə çoxdan hazır idi. Qeyd edək ki, Yunisin atası da Birinci Qarabağ müharibəsinin veteranıdır. Ona görə də atası Yunisin 4-cü taborda olduğunu eşidəndə artıq bilirdi ki, oğlu düşmənlə üz-üzə döyüşə gedir. Odur ki, oğluna xəbər vermədən dostları ilə onu görməyə gedir. Getdiyi yerdə Yunisi gözləməyə başlayır. Demişdilər ki, oğlun 1 saata gələcək. Deyir ki, birdən onun əlini sağ çiynimdə gördüm. Araya pandemiya düşdüyündən oğlumu çoxdan görməmişdim. Yunis xeyli dəyişmişdi, onu tanıya bilmədim. Görüşdük, danışdıq, sonda əlimi buraxmadan dedi ki, sən mənim şah atamsan, həmişə səninlə fəxr etmişəm. Dedim ki, mən də səninlə fəxr edirəm. Dedi ata, birdən döyüşdən evə şikəst qayıdaram, buna hazır ol. Sonra yenə nəsə demək istədi. Dedim, oğlum yenə gələcəm, danışarıq. Dedi yox, qoy indi deyim, əgər şəhid olsam, tabutda gəlsəm məni qürurla qarşıla. Mənim dilim-ağzım qurudu. Yoloyu onun dediyi sözləri düşündüm. Evə çatanda gördüm anam eyvanda məni gözləyir, ona bunları demədim...

“Oğlumdu deyə demirəm, bunu onun döyüş yoldaşlarından, komandirlərindən eşitmişəm. Yunis Suqovuşan, Talışkənd istiqamətində vuruşub. Talışkənddə yaralanıb, tibbi yardımdan sonra yenə öz yerini alıb. Ağdərə istiqamətində Badambat meşəsində günlərlə susuz, çörəksiz qalıblar. Birdən ermənilərin xüsisi təyinatlıları onların qarşısına çıxıb. Yunisin döyüş yoldaşları tez döyüş mövqeyi tutublar. Yunis kənara çəkilə də bilərdi. Amma o özünü irəli atıb və 98 düşməni vurub yerə sərib. Bu döyüş heç 10 dəqiqə də çəkməyib. Yunis belə vəziyyətdə şəhid olub. Onunla fəxr edirəm. Onun kimi bütün əsgərlərimizlə, qazilərimizlə qürur duyuram. Müzəffər Ali Baş Komandanımıza da təşəkkür edirəm ki, torpaqlarımız düşməndən alındı”.

Ordumuzun mərd əsgəri Yunis Əliyev 27 sentyabr 2020-ci ildə başlanan  Vətən müharibəsi zamanı könüllü olaraq ön cəbhədə düşmənlə üz-üzə vuruşmağa başlayıb. 3 oktyabr 2020-ci ildə Suqovuşanın işğaldan azad olunmasında böyük şücaət göstərib, həmçinin yaralı əsgərlərə yardım etməsi ilə seçilib. Baş atıcı kimi düşmənin neçə-neçə texnikasini və canlı qüvvəsini məhv edib.

Yunis Əliyev 5 oktyabr 2020-ci ildə Ağdərədə gedən döyüşlərdə, Badambart meşəsində düşmənlə üz-üzə döyüşdə şücaətlər göstərərək qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Suraxanı rayonu Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin tarixli sərəncamlarına əsasən Yunis Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Yunis balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər