2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhadətə qovuşduqdan sonra elan edilən səfərbərliyə Ayxan Qurbanzadə də qoşulub. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına gatılıb.
Ayxan Qurbanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində mərdliklə savaşıb. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Ayxan Qurbanzadə oktyabrın 26-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ayxan Qurbanzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD