09.06.2025, 17:12
AZ EN
25.12.2024, 10:00 392

Xüsusi təyinatlı, “Azərbaycan Bayrağı” ordenli qəhrəman əsgər…

XƏBƏRLƏR
  • Rüstəm uşaqlıqdan hərbçi olmaq istəyirdi, özü də xüsusi təyinatlı. O, sosial şəbəkələrdə "Hər şeyin bitdiyi yerdə Xüsusi Təyinatlılar başlar!" cümləsini də paylaşaraq qəlbindəki arzusunu dilə gətirmişdi. Rüstəm iki bacının bircə qardaşı idi. O, özündən böyük olan bacılarına da fəxrlə deyirdi ki, bir gün əsgərlikdən qayıdacam və hər kəs, “Baxın, xüsusi təyinatlı Rüstəm gəlir”, - söyləyəcək. Odur ki, Rüstəm hərbi xidmətə gedəcəyi günü səbirsizliklə gözləyirdi… Beləliklə, Rüstəm öz arzusuna çatdı və xüsusi təyinatlı əsgər oldu. Bu qəhrəman əsgər Şanlı Vətən Müharibəsində şücaətlər göstərdi…

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Rüstəm Zahid oğlu Atakişiyevin doğum günüdür. O, 2000-ci il dekabrın 24-də Qəbələ rayonunun Tüntül kəndində sadə bir ailədə anadan olub. Ailədə iki bacı bir qardaş olublar. Rüstəm erkən yaşlarından ailəsinə kömək üçün çalışmağa başlayıb. Hərbi təhsil alaraq snayperçi olmağı arzularsa da, ali təhsil ala bilməyib. 2007-2018-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil alıb.

Rüstəm Atakişiyev 2019-cu ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətinin birinci aylarında digər əsgərlərdən fərqləndiyinə görə hərbi hissə rəhbərliyinin qərarına əsasən xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə snapyer manqasının baş snayperçisi olaraq davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Rüstəm Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Füzuli döyüşləri zamanı yaralansa da silahını əlindən yerə qoymayıb. Döyüşlər zamanı düşmənin xeyli canlı qüvvəsini məhv edib.

Gənc əsgər Rüstəm Atakişiyev oktyabrın 21-də Şuşa rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma Qəbələ rayonunda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rüstəm Atakişiyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin  azad olunmasına görə” medallarıı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rüstəm balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər