Bu sözləri doğma məkandan, Göyçə gölünün ətrafından Qərbi Azərbaycandan, dədə-baba yudundan zorla qovulan yüz minlərlə azərbaycanlıdan biri olan Fazilə Hüseynli İctimai TV-yə müsahibəsi zamanı deyir.
O deyir ki, 25 baharımı orda keçirdim, mənim indi 62 yaşım var. Neçə il yol gəlmişəm, neçə illərdir geri qayıdacağım günü gözləyirəm. Amma 37 ildir ordan çıxsam da, bu gün də yuxularımda da oranı görürəm. O, cığırlarda, o yerlərdə izim qalıb, uşaqlığımın ilk addımı, ilk çığırı o yerlərdədir. Yəni nöqtəsinə qədər, daşının rənginə qədər, harda hansı bitki bitirdi yadımdadır, orda Dərə ilə Əyiqovanın arası kəklikotu idi bütöv.
Danışdıqca gözləri bir nöqtəyə dikilir. Sanki o yurda, o çağlara qayıdır Fazilə xanım. 1988-ci ildən bu günə kimi qoruyub saxlaya bildiyi, toxuduğu bu xalça, ailə şəkillərindən ibarət saralıb-solmuş albom, bir də heç vaxt köhnəlməyən xatirələr.
Deyir ki, illər keçib, zaman ötüb, mən anamı itirəndən sonra, yaş altmışa çatıb, amma ana istəyirəm. Adam anasını axtarır və doğulduğumuz torpaq da bizi çağırır sanki. And osun Allaha ki, tərəddüdsüz o göldən, o sudan içim, o gölün suyu şirin idi, duzlu deyildi, orda qol atıb üzüm, orda ömrümü tapşırım.
İndi o, səbirsizliklə, inamla bu arzusunun reallaşacağı günü gözləyir. “İçimdə bir inam var, gedəcəm ora, gedəcəyik ora”.
Hazırladı: Tahirə AĞAMİRZƏ