Aqil Süleymanov yeddi ildən artıqdır ki, ABŞ-da muğam musiqi sənətini təbliğ edən Azərbaycan muğamının yeganə təmsilçisidir. Onun Amerikadakı hekayəsi 2014-cü ildən “Qarabağ Ansamblı” ilə nüfuzlu SXSW (South by Southwest) musiqi festivalında iştirakından başlayıb. O vaxtdan bəri Aqil Süleymanov solo ifaçı kimi Amerika musiqi səhnəsində əhəmiyyətli iz qoyub.
Hazırda ABŞ-ın Nyu-York şəhərində yaşayan həmyerlimizin əldə etdiyi nəailiyyətlərindən biri də Azərbaycan musiqisini dərindən qiymətləndirən “Hunter Kollec”in professorları Corc Mürer və Fərzad Amuzegərlə işbirliyidir. Onların vasitəsilə istedadlı xanəndəmiz “Hunter Kollec”də muğam proqramının təşkili üzərində işləyərək Azərbaycan muğamının əhatə dairəsini akademik aləmdə daha da genişləndirmək arzusundadır.
İstedadlı ifaçı Aqil Süleymanov 8 Noyabr - Zəfər Günündə, Nyu-Yorkun böyük musiqi səhnələrindən biri “Linkoln Mərkəzi”ndə Əməkdar artist, professor Nərgiz Əliyarova ilə bir səhnəni bölüşüb. O, həmçinin professor Corc Mürerlə bərabər “Leyli və Məcnun” operasını gələn ilin aprel ayında ABŞ-da səhnələşdirmək niyyətindədir.
Məlumat üçün bildiririk ki, musiqi təhsilini Bakıda alan Süleymanov Aqil Məhəmməd oğlu Cəbrayıl rayonunun Qalacıq kəndində anadan olub. Hazırda valideynləri keçmiş məcburi köçkün ailəsi kimi Bakı şəhərində müvəqqqəti məskunlaşıblar.
Hazırladı: Mina RƏŞİD